25 fevral 2021 17:48
1800

Arzu Bağırova: Yolumuz adımızdan bəllidir... 

Hamımız insan olaraq  həyata gəlirik. Qadın, kişi nə fərqi var? Amma yox! Fərqi var, axı biz qadınla tam oluruq, bütövləşirik. Qadının varlığı Vətənlə, ocaqla tən yarıdır. Əbəs yerə demirlər ki, qadın Tanrının dünya kitabına yazdığı ən gözəl şeirdir. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, xeyriyyəçi xanım Arzu Bağırovanın çoxşaxəli fəaliyyəti  ilə tanış olanda tələbə ikən əzbərlədiyim, fəqət müəllifini unutduğum bir şeirin bu misaralarını xatırladım:

 

                     Qadın ömrümüzün bəri-bəzəyi,

                     Qadın başımızın tacı deməkdir.

                     Qadın bir istəkli həyat yoldaşı,

                     Qadın ana demək, bacı deməkdir.

 

“Qadın isitməyən evi-eşiyi günəşin özü də isidə bilməz!” deyirlər. Bu dünyaya Sumqayıt şəhərindən pərvazlanan Arzu Zakir qızı  qəlbinin hərarəti ilə təkcə bir evi deyil, neçə-neçə ailənin ocağını isidib. Taras Şevçenko adına Kiyev Dövlət Universtetində hüquqşünas təhsili almış Arzu Bağırova  Azərbaycanı Yaponiyada,  Avstraliyada Ümumdünya Qadın Sammitində, Tailandda Asiya-Sakit Okean Regional Konfransında, Şri-Lankada Qadınların Gələcəyi  mövzusunda keçirilən II Beynəlxalq konfransında, Macarıstanda Turan qurultayında və başqa ölkələrdə  keçirilən beynəlxalq tədbirlərdə təmsil edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində silsilə toplantlara qatılan Arzu xanımın rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı Azərbaycan - Türkiyə əlaqələrinin inkişafı istiqamətində reallaşdırdığı layihələrə görə Ankarada keçirilən IX Beynəlxalq Buxara Media Mükafatına layiq görülüb.  İnsanın öz uğurları barədə danışmağı çətin olsa da “İki sahil”in virtual qonağı olan Arzu xanımla söhbətimizə belə bir sual ilə körpü saldıq.

  - Arzu xanım, rəhbərlik etdiyiniz qurum hansı istəkdən yarandı?

 -İctimai Birliyimizin hansı istəkdən yaranmasını ilk növbədə, qurumun adında ifadə etməyə çalışmışıq. Biz maarifçiliyin 100 il öncə güncəl olduğuna - hazırda ictimai təsisatların bu işlə məşğul olmasına zərurət qalmadığını dair fikirlərlə razılaşmırıq. Doğrudur, hər dövrün öz çağırışları var. Maarifçilik bir kateqoriya olaraq deyil, bir çağırış olaraq XX yüzilin əvvəllərində, ondan da bir qədər öncələr daha güncəl olub, lakin bugün də, gələcəkdə də maarifçiliyə zərurət olacaq. Digər tərəfdən RHİMİB ədəbi-fəlsəfi, ideoloji-siyasi maarifçilikdən nəsibini daha çox almış cəmiyyətə məhz hüquqi və iqtisadi maarifçilik sarıdan dəstək durmağı üstün tutur. Ümummilli Liderimizin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamını xatırlatmaq istərdim. Yenə Ümummilli Liderimizin hüquqi-demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki tarixi xidmətlərini minnətdarlıqla vurğulamaq istərdim. Bax, bütün bu fikirlər məcmusu bizim Birliyin yaranmasını zəruri edən istəklərin, ideyaların əsaslarını da ifadə etməkdədir. 

 -Siz Vətən müharibəsindən sonra şəhid ailələrini ziyarət edən ictimai fəallardansınız. Görüşdüyünüz ailələrdə ən çox sizi kövrəldən məqam?

-Tanrıdan şəhidlərimizə rəhmət, itkinlərimizin valideynlərinin gözünün yollardan yığılmasını, yaralı qazilərimizə tezliklə sağalmalarını diləyirəm! Əlbəttə, şəhid ailələrini, itkinlərimizin ailələrini, yaralı qazilərimizi ziyarət etmək bizim mənəvi borcumuzdur. Bu bizim ictimai, hüquqi öhdəliyimiz yox, könül işimizdir.

Bəli, istər 2020-ci iyul döyüşlərində Tovuzda, istərsə 44 günlük Vətən Müharibəsində Qarabağda şəhid olan vətəndaşlarımızın ailələrini gücümüzün yetdiyi qədər ziyarət etdik, söhbətləşdik, qayğıları ilə tanış olduq, doğmalaşdıq. O ailələr hər birimizin doğmasıdır, əzizidir. Dediyiniz kimi, bizləri duyğulandıran, kövrəldən məqamlar çox oldu. Şəhidlərimizin hər birinin öz həyat hekayəti, ömür yolu, şəhadət mərtəbəsinə yüksəliş yolu var... Bir dəfə bizim qərargahda Masallıdan olan bir qrup şəhid ailəsi ilə görüşürdük. Milli Məclisin Mədəniyyət K

komitəsinin sədri, əziz bacımız Qənirə Paşayeva tək övladı şəhid olmuş atadan nə kimi problemi, istəyi olduğunu soruşub, necə yardımçı ola biləcəyimizlə maraqlanarkən, o atanın dediyi söz bizi çox duyğulandırdı. Ata dedi ki, "Dövlət ağır müharibədən çıxıb, o qədər görüləsi iş var, mən də bir yandan yük olmayım, nə xahişim olacaq? - Təki Vətən sağ olsun, Bayraq uca olsun"! Bax, bu sözün qarşısında deməyə söz qalmır... Lerikdən olan iki şəhid atası da eyni sözü dedi - təsəvvür edirsiz - iki oğul, ikisi də şəhid olub - ata heç bir təmənnada bulunmur! Bu Azərbaycan xalqının əyarını göstərir. Xalqımız, ölkəmiz belə xarakterli insanlarla ayaqda durur, irəli gedir, zəfər qazanır!   

-Bəzən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri  Qənirə Paşayeva ilə birlikdə  müxtəlif regionlara səfər edirsiniz. Sizi ruhən yaxınlaşdıran  hansı duyğulardır?

-Bəli, biz Qənirə xanımla çox yaxın dostuq, sirdaşıq. Bizi birləşdirən məhz ruh yaxınlığı, əməl doğmalığıdır. Qənirə xanım fitrətən xeyirxah, fədakar insandır. Mən onun hansı ürəyə sahib olduğunu  çox yaxşı bilirəm və ona görə də sarsılmaz ürək bağımız var. Məhz Qənirə xanımın "sən bu işin öhdəsindən gələrsən" sözləri mənə bir növ öz təşkilatımızı yaratmaqda  mənəvi dayaq oldu. Hər ikimiz dostcanlıyıq. Əsas  məqsədimiz və istəyimiz bacardığımız qədər cəmiyyətimizə fayda verməkdir.  

  -Arzu xanımın qurumun işləri ilə bağlı gələcək arzuları?

-RHİMİB artıq 3 ildir fəaliyyət göstərir. Dostlarımız deyir, siz 3 yox, 13 yaşlı qurum kimi işləyirsiniz. Çox şadam ki, qısa müddətdə RHİMİB bir brendə çevrildi. Mandat-missiyamıza özümüz könüllü şəkildə öz üzərimizə götürdüyümüz mənəvi öhdəliklərə uyğun şəkildə çalışırq. Necə deyərlər, yolumuz adımızdan bəlli... Əsas məqsədim, istəyim hər kəsə faydalı, səmərəli insan olmaqdır. Planlarımıza gəldikdə, artıq ölkəmiz yeni mədəniyyət strategiyası ilə, qalib ölkə kimi, müharibədən mədəniyyətə keçid dövrünə -  şair-publisist dostumuz Əkbər Qoşalının dediyi kimi, azadlıqdan abadlığa mərhələsinə keçib. Bunlar da bizi yeni dönəmin iştirakçısı olmağa səsləyir. Gələcəkdə türk dünyasının gücləndirilməsi və türkdilli dövlətlər arasındakı əlaqələrin inkişafı yönündə öz töhfələrimizi verməyə çalışırıq.

-Bu yaxınlarda Masallı Təhsil Fondunun müraciəti ilə bağlı  Bədəlan kəndindən ali məktəblərin pedoqoji fakültəsinin məzunu olacaq qızlara dəstək olacağınızı bildirdiniz. Niyə məhz məzun qızlar?

-Bugünün qızları sabahın analarıdır. Qızlarımıza göstərilən diqqət-qayğı sabahın anasına, sabahın Azərbaycan ailəsinə, gələcək övladlara göstərilən diqqət-qayğıdır. Təhsilli qız, sabahın öz hüquqlarını bilən anası, ölkənin düşünən, xidmət göstərən vətəndaşıdır. Üstəlik, bizim Birlik maarifçiliyi üstün tutması etibarı ilə təhsilə, savada, biliyə xüsusi məhəbbətlə yanaşmalıdır, təbii...

- Bildiyimizə görə, 4 övladınız var. bəs Ailə qayğılarına necə vaxt tapırsınız?

-Uşaqlar böyüyüb, həyat yoldaşım mənim ictimai fəal mövqeyimə etiraz etmir, qarşılıqlı anlaşma olanda  ailə qayğıları  adama zövq verir, ağır yük olmur. Doğmalarım, yaxınlarım da məişət qayğılarımızda öz köməklərini əsirgəmirlər. Bir də, axı biz cəmiyyət üçün faydalı işlərlə məşğuluq, vaxtımız, enerjimiz xeyirli işlərə yönəlir - nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, ümumən ölkəmizin tərəqqisinə xidmət öz ailəmizə də xidmət dərəcəsində və dəyərindədir.

 - Azərbaycan  xanımlarına arzunuz?

-Xanımlara arzum budur ki, öz arzularının ardınca getsinlər. O arzular ki, fərdin, ailənin, cəmiyyətin, ölkənin inkişafına, xoşbəxtliyinə xidmət edir, o arzuların naminə məsuliyyətindən, qarşıya çıxan çətinliklərdən çəkinmək lazım deyil. Qadın  sözün yaxşı mənasında  istəyərsə, hər şeyə  qadir olacaq gücə  malikdir. Cəmiyyətimizdə hər zaman qadının yeri və rolu olub. Bizim Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi nümunəmiz var. O, humanistliyi, xeyirxahlığı, aydın düşüncəsi, siyasi biliyi ilə hamımıza örnəkdir.  Öz gücünə uğur qazanan xanımlarımız çoxdur. Hərəsi öz sahəsində peşəkarcasına işlər görürlər. Amma arzumuz budur ki, daha çox olsun.

- Müsahibəyə görə çox sağ olun!

Nurəddin Muğanlı, “İki sahil”