Tofiq Nurəli: Mən xəstənin yanında şairliyimi unuduram
İxtisasca həkim olan Tofiq Nurəli ədəbiyyatımızda özünəməxsus dəst-xətti ilə seçilən söz adamlarındandır. Onun şeirlərində milli dəyərlərimizə, Vətənə və torpağa bağlılıq, insan taleyinə həssas münasibət xüsusi yer tutur. Şairin yaradıcılığında həkimlik peşəsinin gətirdiyi həyat müşahidələri ilə poetik duyğular bir-birini tamamlayır.
Bəs həkimliklə poeziya necə uzlaşır? Həkim üçün poeziya nə deməkdir? İlk şeirini nə vaxt yazıb? Ona “Nurəli” təxəllüsünü kim verib? Xalq şairi Rəsul Rza ilə görüşü necə yadda qalıb? Beləliklə, müsahibimiz tanınmış həkim-şair Tofiq Nurəlidir.
– Tofiq Nurəli üçün poeziya nədir?
– Mənim üçün poeziya ruhun söz ilə musiqi arasındakı halıdır.
– Duyğularınızı nə zaman şeirə çevirirsiniz?
– Mən duyğusal halı başqa cür yaşaya bilməyəndə yazıram. Yəni, həmin ruhi vəziyyətdən sanki xilas olmaq üçün yazıram. Bilirəm, elə şairlər var ki, bir fikri tapıb onu müxtəlif yollarla şeirə çevirirlər. Məndə isə bu alınmır.
– İlk çap olunmuş şeirinizi necə xatırlayırsınız?
– İlk şeirim institutumuzun “Tibb kadrları uğrunda” qəzetində (bu qəzet sonradan “Təbib” adı ilə nəşr olunub) işıq üzü görüb. İkinci şeirimi isə Xaçmazın “Dostluq” qəzetində rəhmətlik Murad Qudyalçaylı çap edib.
– Bəs poeziya aləmində tam “məskunlaşmağınız” necə olub?
– Çox dəqiq ifadədir: tam məskunlaşma. O zaman yaradıcı mühitdə bu, çox çətin və ağrılı proses idi. Hiss edəndə ki, bu aləmə yeni və uğurlu kimsə gəlir, görünən və görünməyən dəhşətli pressinq-çıxdaşetmə prosesi işə düşürdü. Nə isə... Azərbaycan Yazıçılar Birliyinin (AYB) 1977-ci ildə Şüvəlan Yaradıcılıq Evində keçirdiyi “Gənc yazıçıların respublika müsabiqəsi”nin elə birinci turundan qaliblər sırasında yer almağım mənim ədəbi mühitdə tanınmağıma səbəb oldu. İlk kitabım – “Şehli kəpənəklər” çap olunduqdan sonra isə dediyiniz “tam məskunlaşma” başa çatdı. Amma bu məskunlaşma mənə heç də asan başa gəlmədi. Belə ki, 1984-də gənc yazıçıların Moskvada keçirilən ümumittifaq müşavirəsi”ndəki uğurlardan sonra Bakıda məni linç etmək kampaniyaları başladı. Amma maneələri xeyli çətinliklərlə də olsa, aşa bildim, karvan geçdi... Məlumat üçün deyim ki, o müşavirələr tarixində (SSRİ dağılana qədər) ikinci azərbaycanlı yazar idim ki, əsərləri (konkret halda şeirləri) müşavirənin təqdimatı ilə SSRİ-nin iki əsas ədəbiyyat orqanından biri olan “Literaturnaya qazeta”da çap olundu. Bundan əlavə, kitabımın Moskvanın “Moldovaya Qvardiya” nəşriyyatında çap olunması, özümün SSRİ Yazıçıları İttifaqına üzv qəbul edilməyim barədə qərarlar qəbul edildi, “Literaturnaya uçyoba” jurnalında barəmdə fundamental rəy yayımlandı və s. Vətəndə isə... Belə-belə işlər. Bunlar bir az uzun və qanqaraldıcı söhbətlərdir deyə düşünürəm ki, elə burada da saxlayaq.
– Yeri gəlmişkən, “Nurəli” təxəllüsünü sizə kim verib?
– Birinci Şüvəlan seminarında rəhbərimiz Çingiz Əlioğlu mətbuatda dərc etmək üçün bir neçəmizin şeirlərini seçdi və məsləhət gördü ki, imzamızı da indidən dəqiqləşdirək. O vaxta qədər çoxumuz ad-familiya ilə çıxış edirdik. Onun bu sözlərindən sonra mən də başladım imza seçiminə. Hər yerdə olduğu kimi, bizim Yerfi kəndində də adamları tayfaya-nəsilə görə təsnifatlandırırlar. Mənim anam Günəşli nəslindəndir. Bu, çox qədim nəsildir və Dədəgünəşlərdən olan böyük Xaqani Şirvani də bu nəslin bir budağına mənsubdur. Atam isə Nurəli nəslindəndir. Mən nəslimizin bu adını özümə təxəllüs götürdüm. Seminar yoldaşlarım da bunu bəyəndilər.
– Tofiq Nurəli bu səviyyəyə gəlib çatmasında özünü kimlərə borclu sayır?
– Borclu olduqlarım çoxdur, saymaqla qurtarmaz. İlk növbədə Cəmilə nənəmə borcluyam. Çünki o, söhbətləri ilə bədii sözün, əgər belə demək mümkündürsə, “havasını” mənə ötürüb.
–Eşitdiyimizə görə, XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza sizi poeziyaya daha çox həvəsləndirənlərdən olub. Onunla bağlı olayı necə xatırlayırsınız?
– 1972-ci il iyunun 1-i idi. Sabir bağının qabağından keçərkən orada qələbəlik yaşandığını gördüm. Tribunadakılar şeir oxuyurdular. Ovsunlandım sanki. Axı canlı şairləri görürdüm. Rəsul Rzanı tanıdım. Əlimdə kimya fənnindən qəbul imtahanına hazırlıq üçün əlavə vəsait kitabı var idi. Baxdım ki, kitabın arxasına şeir yazmışam. Tədbir qurtaranda aparıcı dəstədən bir neçəsi yaxınlıqdakı çayxanada əyləşdi. Özümü toplayıb Rəsul Rzaya yaxınlaşaraq həmin şeirimi oxumasını xahiş etdim. Qısa deyirəm. Şeiri oxuyub dedi ki, sən şairsən, amma çalış yeniliklərdən yaz, yenilik traktor-kombayn deyil ha... və s. Sonra harada oxumağımla maraqlandı. Dedim, Medinstuta hazırlaşıram. O da düzəliş verdi: Tibb İnstitutuna. Sağollaşıb gedəndə məni arxadan çağırdı, döndüm: “Cavan oğlan, haranı, hansı sənəti oxumağın öz işindir, amma yadında saxla: sən şairsən”, - dedi Rəsul müəllim.
Bu yerdə bir məqama toxunmaq istərdim. O zamanın ən nüfuzlu şairi Rəsul Rza gənc yazarlarla görüşdə yenə şeirlərimdən (O, mənim şeirlərimi “Azərbaycan” jurnalından oxumuşdu) əzbərdən parçalar demiş, nümunə göstərmiş və hətta özünün üslubundan tamamilə uzaq olduğunu qeyd etməklə yeni, orjinal şairlə qarşılaşdığını bildirmişdi. Sonra R. Rza mənim harada oxumağımla da maraqlanıb öyrəndiyini demişdi. Bunları mənə Vaqif İbrahim danışdı o vaxt... Onda mən bir neçə müddət idi ki, təyinat üzrə Qonaqkənddə həkim işləyirdim. Elə bu səbəbdən də ədəbi birliyin tədbirlərində iştirak etmirdim. Qeyd edim ki, mən həyatımda R. Rza ilə cəmi iki dəfə görüşmüşəm ki, o vaxt bir misram da çap olunmamışdı. Onunla görüşmək, təşəkkür etmək, yaxından tanış olmaq mənə qismət olmadı...
– Siz ixtisasca həkimsiniz. Bəs həkimlik şairliyinizlə necə uzlaşır?
– Mən peşəkar həkiməm, özümü bircə gün də bu peşədən ayrı hiss etməmişəm. Hətta ilk səhiyyə qəzetimiz “Şəfqət”də çalışanda belə əsas iş yerim fəaliyyət göstərdiyim Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası olub. Sözümün canı odur ki, mən həkimlik sənətini sevirəm. Yoxsa onu çoxdan atardım. Yeri gəlmişkən, aşağı kurslarda oxuyarkən bəzi qələm adamları mənə dəfələrlə təklif etdilər ki, bu sənəti atım və tamamilə ədəbiyyatla məşğul olum. Hətta Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi məni Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna göndərmək istədi. Amma bu kimi təkliflərlə razılaşmadım.
Konkret sualınıza gəldikdə, deyim ki, təkcə həkimlik yox, istənilən peşə, sənət yazarlıqla heç cür uzlaşmır. Bunlar biri-birini tam inkar etməsə də, biri-birinə ciddi maneə olurlar. Amma ayrı peşədən ədəbiyyata gələnlərin baza təhsillərindən, sənətlərindən nələrisə ədəbiyyata gətirmələri xeyli maraqlı haldır. Çox illər qabaq demişdim ki, həkim-yazarlar ədəbiyyata ən azından yod qoxusunu gətirirlər. O ki qaldı özümə, bir dəfə demişəm, bir də təkrar edim: Mən şair taleyi yaşayan həkiməm.
– Anton Pavloviç Çexovun belə bir kəlamı var: “Həkimlik mənim kəbinli arvadım, ədəbiyyat isə mənim sevgilimdir”. Bu fikrə münasibətinizi bilmək istərdik.
– Çexov dünya klassikləri cərgəsinə daxil olan böyük yazardır. Onun bu fikri xeyli iddialı olsa da, özü bunun ağırlığına az müddət dözə bilib. Belə ki, Çexov həkimlik sənətindən çox tez ayrılıb. Səbəb isə heç də onun ədəbiyyat vurğunluğu olmayıb. Həkim kimi müalicə prosesində buraxdığı səhvlər ciddi reaksiyalara səbəb olub ki, nəticədə bu şəxs özünü praktik həkim kimi görə bilməyib və bu sənətdən gedib. Başqa sözlə desək, kəbinli arvadından üz döndərib, sevgilisi ilə məşğul olub. Bizdə də Tibb İnstitutunu elə birinci kursdan atıb gedən iki nəfər tanınmış yazarımız olub: İsa Muğanna və Səyavuş Sərxanlı.
– Vaxtilə yazdığınız hansısa şeirinizin bu gün həkim məsləhətinə ehtiyacı varmı?
– Sözün düzü, bu sualın qeyri-adiliyi və eyni zamanda dəqiqliyi məndə xoş əhval oyatdı. Burada bir həkim intuisiyası hiss etdim. Axı həkimlik də yaradıcılıq kimi həm də intuisiyadır. Suala cavab olaraq isə deyirəm: bütün yazdıqlarımın dediyiniz həkim məsləhətinə ehtiyacı var. Çünki söz adamları üçün sözün özü də canlıdır. Canlıya isə həkim lazım olur...
– Hansısa xəstəni şeirlə müalicə etməyə cəhd etmisinizmi?
– Yox. Belə hal praktik olaraq mümkün deyil. Həkimlik çox ağır peşədir, orada ən xırda səhlənkarlıq belə kənardan dərhal görünür. Yəni, sən həkimliyindən bircə anlıq da olsa kənara çıxsan, xəstənin sənə olan inamı itəcək. Bu, bir. İkincisi, sən həkim olaraq xəstəyə yaxınlaşanda özündən asılı olmayaraq tam səfərbər olunursan, lap açıq döyüşdəki kimi. Bu anda üçünüz olursunuz: xəstə, xəstəlik və həkim. Klassik həkimlər deyiblər ki, xəstə kimin tərəfində olsa, o qalib gələcək. Xəstənin həkimin tərəfində olması üçün isə mütləq xəstənin həkimə inamı olmalıdır. Bu sərt üzləşmədə başqa heç nəyə yer yoxdur; şeir olmur ee, lap raket olsun... O başqa məsələ ki, psixoterapiyada yüngül psixonevrotik halları aradan qaldırmaqdan ötrü digər təlqin vasitələri ilə yanaşı, müvafiq poeziya nümunələrindən də istifadə edilə bilər. Amma mən heç vaxt istifadə etməmişəm. Ümumiyyətlə, xəstənin yanında şairliyimi unuduram, özü də özümdən asılı olmadan.
– Şeirlərinizin birində deyirsiniz:
Gəlmədim eləcə yaşayım gedim,
Köhnə dərdlərini daşıyım gedim,
Boynumun dalını qaşıyım gedim...
Mənim bu dünyayla özgə işim var.
Bu özgə işiniz nədən ibarət olub?
– Rəhmətlik Xalq artisti Fuad Poladovun sözü olmasın, çox yaxşı sualdır, lap əla sualdır. Amma mən ona cavab verməyəcəyəm. Çünki cavabı heç özüm də bilmirəm. Bildiyim və anladığım odur ki, nəsə özgə bir iş görməlisən bu dünyayla...
– Bir şeirinizdə deyirsiniz:
Mən elə tənhayam, mən elə təkəm
Mənə paxıllığı tutur Allahın.
Bəs sizə həsəd aparanlar çoxmu olub?
– Bu hal həm təkliyin, həm də tənhalığın son həddidir. Güman edirəm ki, həyatda bütün insanların belə hallara düşdüyü anlar olur. O ki qaldı paxıllıq və həsəd aparanlar məsələsinə... Belə şeylərə əhəmiyyət vermirəm. Qoy onlar öz işində olsun, sən öz işində.
– Şeirlərinizdən hiss olunur ki, payızı daha çox sevirsiniz. Yaradıcılığınızda bu mövzu ana xətt kimi keçir. Hətta “Şair və payız” şeirində payızı “sevgilərin dəliqanlısı” adlandırmısınız. Payıza bağlılığınızın özəl bir tarixçəsi varmı?
– Bəllidir ki, bütün dünyada bədii əsərlərin 95 faizindən çoxu iki mövzu üzərindədir: sevgi və təbiət. Təbiət mövzusunda mütləq aparıcı yer payızındır. Çünki yaradıcı adamlar kimi payız da çox duyğusaldır.
Mən Baba dağında doğulub böyümüşəm. Dağların hər fəsli gözəldir, amma dağların payızı bir ayrı cür olur. Payız əvvəl və sonun birləşdiyi yerdir... Günəşi də gülümsəyəndə gözləri doluxsunur payızın... Payız gecələrində köçüb gedən durnaların dumanlı qaranlıqlardan gələn səsləri dünyanın ən kədərli nəğməsidir. Azan durnaları demirəm hələ... Hansını deyim; saralan biçilmiş əkin yerləri, solğun çəmənlərə yağan yağışlar, boş qalan yaylaq obalarındakı ocaq yerləri, bir də o illərin az qala səhərə kimi uzanan payız toyları... Və bir də bütün bunların hamısını öz səsində, sözündə, simasında səssiz-səssiz yaşayan, son nəfəsinə kimi İkinci Cahan savaşından qayıtmayan, qara kağızlarını da almadığı üç-üç subay oğlunun yolunu gözləyən mənim Cəmilə nənəm. Elə insan cildində Payız idi, sonu görünməyən Payız idi mənim Cəmilə nənəm... İndi də burnumun ucu göynəyir o durna səsləri üçün. Payızın aydınlıq gecələri çağırır məni: Ay lalazardı bu gecə.
...Payızın aydınlıq gecələrində
Bir az gurlaşanda çayların səsi,
Qəlbimin əlçatmaz içərilərində
Antik arzulara dəyir nəfəsim...
...Payız gecəsində parıldayır ay
Cadugər əlində qızıl cam kimi.
Mənim göz yaşlarım ay işığında
Köhnə məzar üstdə təzə şam kimi...
– Tofiq Nurəli bugünkü Azərbaycan poeziyasını necə dəyərləndirir? Bugünkü gənc şairlər haqqında da fikirləriniz maraqlı olardı.
– Bilirsiniz, poeziya da təbiət hadisəsi kimi bir nəsnədir. Onun da qabarmaları, çəkişmələri var, lakin tam sükunəti yoxdur, yəni həmişə hərəkətdədir. Ümumi tendensiya belədir ki, poeziya daim inkişafdadır, lap yerində sayan məqamlarda belə... Azərbaycan poeziyası da dünya poeziyasının tərkib hissələrindən biri olaraq bu “qanuna” tabedir. Ölkəmiz coğrafi olaraq Avropa sayılsa da, psixoloji olaraq biz Şərq insanıyıq, Şərq düşüncəsinin daşıyıcısıyıq. Poeziya da tarix boyu Şərqdə güclü olub. Qərb insanı realist, praqmatik düşüncənin daşıyıcısıdır. Odur ki, tarixdə bu iki düşüncənin üz-üzə gəldiyi yerlərdə dünya sənəti üçün yeniliklər ortaya çıxıb. Nümunə üçün: İspan poeziyası, Portuqal poeziyası, ən yenilərindən isə Cənubi Amerika ədəbiyyatı və s. Bu mənada yeniləşmə bizdə xeyli gec başladı. Belə yeniləşmənin vacibliyini erkən dərk edənlərin başında M. F. Axundov gəlir. O, bu yeniləşməni dramaturgiyada, nəsrdə, fəlsəfi traktatlarda uğurla edə bildi. Poeziyamızda bu yeniləşmə bir qədər gec oldu. Poeziyamızda bu yeniləşmənin başında şəriksiz olaraq Mikayıl Müşfiq dayanır. Müşfiqin ədəbiyyatımızdakı yeri məhz onun Şərqlə Qərbin qovşağından yaratdığı tamamilə yeni poeziyasıdır. Onun yaradıcılığı ruhu, ifadə tərzi, üslub yenilikləri ilə başdan-ayağa Şərqlə Qərbin üzvi qovuşağı, ümumtürk şeirində yeni mərhələnin başlanğıcıdır. M. Müşfiqin yaradıcılığı bu kontekstdə tədqiq olunmalı, öyrənilməli, təqdim olunmalıdır. O, bizim ədəbiyyat tariximizdə mərhələ yaradan azsaylı böyük ədəbiyyat xadimlərimizdəndir. Onun heç bir qoşması, heç bir gəraylısı belə heç bir əlaməti ilə son orta əsrləri – Tufarqanlı Abbası, Xəstə Qasımı və s. xatırlatmır. Sərbəst şeirimizin də ilk bünövrə daşları onun şeirlərindədir. Onun yaradıcılığı həm də yeni qiyafə və yeni ruhda qədim Dədə Qorqud üslubuna ilahi fəhmlə, qan yaddaşıyla qayıdışın başlanğıcıdır.
Gənclər ədəbiyyatımızda sürətlə yeniliklər etməkdədirlər. Əlbəttə, burada zamanın özünün dəyişməsinin və bütün proseslərin ağlasığmaz dərəcədə sürətlənməsinin də ciddi payı var. Bu gənclərimiz ədəbiyyatımızın üfüqlərini də xeyli genişləndirirlər. Düzdür, bu prosesdə Qərbdən kopirovkalar da çoxdur, amma bu, ötəri haldır, keçib gedəcək. Mən gənclərimizin ciddi ədəbiyyat yaradan kəsiminə uğurlar arzulayıram. Zənnimcə, hələ ad çəkməyə ehtiyac yoxdur. Qoy hələ sümükləri bərkisin. Lazım olsa, adlarını da çəkərəm, heç olmasa bir qisminin, yəni oxuduqlarımdan...
Bu gün bizim problemimiz əsl ədəbiyyatımızın dünyaya çıxa bilməməsidir. Mən baxıram, beynəlxalq ədəbiyyat tədbirlərində ölkəmiz təkrar-təkrar ya eyni adamlar və onlarla yanaşı səviyyəsi ortadan da aşağı olan ədəbi-işbazlar, məmur-yazarlar tərəfindən təmsil olunur. Azərbaycan ədəbiyyatının təmsilçiliyini bu günə qoymaq olmaz, qətiyyən olmaz. Kimlərdir məsul? Mədəniyyət Nazirliyimiz kitab çapı və bayaq dediyim məsələlərdə əsaslı mədəniyyət göstərə bilmir, əksər hallarda Azərbaycan Yazıçılar Birliyi ilə heç hesablaşmır da. AYB-də də qüsurlu davranışlar az deyil. Düzdür, mən belə şeylərdən uzaq adamam, amma yeri gələn söz deyilməlidir.
Ciddi ədəbi nümunələrimizin, ciddi imzalarımızın fundamental tərcümələrlə nüfuzlu beynəlxalq dərgilərdə yayımlanmasına, nüfuzlu beynəlxalq nəşriyyatlarda çap olunmasına çox böyük ehtiyac var, əlbəttə ki, dövlətimizin dəstəyi ilə. Az-çox oxuduqlarıma söykənərək qətiyyətlə deyirəm ki, bizim bugünkü şeirimiz çağdaş dünya şeirindən geridə deyil və öz qovuşaq ruhu ilə bəlkə onlardan daha maraqlıdır.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub