03 mart 2021 18:16
1265

Monitorinq Mərkəzi: Bölgənin təhlükəsizliyinin qarantı

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın beşinci bəndində münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması  öz əksini tapmışdı. Daha sonra bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair razılıq əldə edildi. Razılığa  əsasən, yanvarın 30-da Ağdamın işğaldan azad olun­muş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi rəsmən fəaliyyətə başladı. Şübhəsiz, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını 44 günlük Vətən müharibəsində qazanılmış ümumi qələbənin daha bir nümunəsi kimi dəyərləndirmək olar.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələdən söz açarkən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasını tarixi hadisə adlandırıb. Bu Mərkəzin təşkilinin üç ölkənin müştərək qərarı kimi  xarakterizə edən dövlətimizin başçısı, həmçinin mərkəz ideyasının necə formalaşdığına aydınlıq gətirərək  bildirmişdir ki,  Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu: “Çünki 10 noyabr Bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz hayında idi. Ona görə əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?”

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu, cənab Prezidentimizin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması naminə atdığı ən önəmli addımlardan biri idi: “Şübhəsiz, Monitorinq Mərkəzi regionda çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar açan nəzarət mexanizmidir. Bu mexanizmi isə Prezident İlham Əliyevin praqmatik siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaradıb. Bəli, dövlət başçımızın dediyi kimi, o günlərdə, daha doğrusu, Vətən müharibəsində çoxlu sayda həm texnika, həm də canlı qüvvə itirən Ermənistan öz hayında idi. Məğlub olanın qalib tərəfin diktəsi ilə oturub-durması isə təbiidir. İşğalçı ölkəni  belə bir vəziyyətə salan isə şübhəsiz, Prezident  İlham Əliyevin öz müdrik siyasəti ilə Ermənistana tarixinin ən böyük məğlubiyyətini yaşatması oldu.”

Monitoriq Mərkəzini eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi, həm də bölgənin təhlikəsizliyinin qarantı kimi dəyərləndirən müsahibimiz daha sonra dedi: “Yerli və xarici media nümayəndələri üçün keçirdiyi həmin mətbuat konfransında dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, Azərbaycanın haqlı mübarizəsinə nəinki dəstək vermiş, həm də axıradək yanımızda olmuş Türkiyə ilə bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam etdiriləcək. Azərbaycanın isə məqsədi aydındır: ölkəmizdə Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri dünyanın ən qüdrətli ordularından biridir və bu gün də onun təcrübəsindən bəhrələnmək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Yeri gəlmişkən,  bu il  artıq Türkiyənin və Azərbaycanın hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlər də keçirilib. Bu da o anlama gəlir ki, bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Bir sözlə, Türkiyə ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında qarşılıqlı hərbi yardım məsələlərini  təsbit edən sənədlər də var.”

Qvami Məhəbbətoğlu, “İki sahil”