03 mart 2021 18:19
1230

Ölkəmizdə distant təhsilin vəziyyəti necədir?

Kamran Əsədov: Tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etmək olar

İkisahil.TV-nin bugünkü qonağı  təhsil eksperti Kamran Əsədovdur

- Dünyada ali təhsil müəssisələrində distant təhsilin trendləşməsi prosesi müşahidə edilir. Ölkəmizdə bu sahədə vəziyyət necədir?

-Dünyada koronavirusun yayılması nəinki biznesə, hətta iqtisadi əlaqələrə də  zərər vurub, təhsil sahəsində də çətinlik yaradıb. Koronavirus təhlükəsindən qorunmaq üçün digər dövlətlərlə yanaşı, Azərbaycanda da kifayət qədər iş görülüb. Məlumdur ki, bu da onlayn və distant təhsilin aktuallığını artırıb. Hazırda Azərbayanda distant təhsilin tətbiq edilməsinə ciddi zərurət yaranıb. Əlbəttə, bu, ilk növbədə, təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlıdır. Bilirsiniz ki, koronavirusla bağlı ali məktəblərin də üzərinə böyük işlər düşür və onlar bu vəziyyətdə distant təhsili gündəmə gətirməli, tələbələrə bu şəkildə dərslər keçməlidirlər. Tələbə evdən bayıra çıxmadan evində oturub mühazirələri dinləyə, müəllimlərlə sual-cavab edə bilər. Bizim ali təhsil müəssisələrimizin hamısı buna hazır deyil. Distant təhsil, bizim orta məktəblər üçün hələ əlçatan deyil. Amma ali təhsil mərkəzlərində bir neçəsi artıq distant təhsilə başlayıb. Məsələn, UNEC distant təhsilə uğurlu keçid edib. Bir neçə universitetlərdə də artıq distant təhsilə keçid müşahidə edilir. Distant təhsil ali təhsil müəssisəsinin elektronlaşmasıdır. Bu növ təhsil sistemində tələbələr prosesə uzaqdan qoşulur. Distant təhsil, həmçinin universitetin dünya reytinqində irəliləməsi üçün zəruri hesab edilir.

- Dünyanın inkişaf etmiş universitetlərinin keçdiyi yolu biz də keçməliyik. Süni əngəllər varmı?

- Düz vurğuladınız. Artıq dünyanın inkişaf etmiş universitetlərinin keçdiyi uğurlu yolu biz də keçməliyik. Yəni, artıq qiyabi təhsil deyilən bir format yoxdur. Belə deyək ki, insanlar günorta işləyirlər, onlar vaxtında dərsə gələ bilmirlər. Amma distant təhsil elədir ki, hətta işlədikləri yerdən belə təhsil ala bilərlər. Eyni zamanda, təhsilin distant forması daha az xərclə daha çox şəxsə təhsil vermək imkanı saxlayan yeni istiqamətdir. Ona görə də düşünürəm ki, bu təhsil formasını tez bir zamanda tətbiq etmək lazımdır. Ümumiyyətlə, distant təhsil formasının müsbət cəhətləri həddən artıq çoxdur. Həm ölkə vətəndaşları, ailələr, gənclər, həm universitetlər üçün, həm də dövlət və bütövlükdə cəmiyyət üçün distant təhsil daha əlverişlidir. Belə ki, övladları distant təhsili seçən ailələr əlavə bir çox xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və sair.) azad olur. Bu da maddi vəziyyəti aşağı olan ailələrin övladlarının daha az xərclə ali təhsil almasına imkan verir. Ailəsinə kömək üçün işləmək məcburiyyətində olan bir çox gənclərimiz də distant təhsil vasitəsilə ali təhsil əldə edə bilərlər. Maddi xeyir bir yana qalsın, sadəcə, ölkədə gənclərin böyük hissəsinin ali təhsilə cəlb oluna bilməsi, savadlı bir cəmiyyətin formalaşması deməkdir. Bundan başqa, distant təhsilin tətbiqi xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir ki, bu da universitetlərin maddi vəziyyətinin düzəlməsində əsaslı rol oynayar. Həmçinin distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini də mümkün edə bilər.

- Teledərslər normal keçirilən dərsləri əvəz edə bilirmi?

- Baş verən fövqəladə hadisə onu göstərdi ki, biz əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik. Bunun da ən əlverişli sayılanı onlayn, internet resurslarından təhsildir. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramları hər bir şəxsə təhsil alma imkanı yaradır. Teledərslər ənənəvi məktəb dərslərini əvəz edə bilməsə də, müsbət qarşılanmalı bir addımdır. Təsadüfi də deyil ki, valideynlər tərəfindən də, şagirdlər tərəfindən də bu məsələyə münasibət fərqlidir. Bunu müsbət də mənfi də qarşılayanlar var. Ancaq etiraf etmək lazımdır ki, teledərslər normal keçirilən dərslərin yerini vermir. Uşaqların qavrama qabiliyyəti fərqli olduğu üçün bu dərslərin mənimsənilməsində müəyyən çətinliklər yaranır.  Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi «Youtube» kanalı ilə yanaşı, «Facebook» səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.

- Azərbaycan 2009-cu ildən kurrikulum standartları ilə tədris prosesini həyata keçirir. Bu sistemi hələ də qənaətbəxş hesab etməyənlər də var. Bu barədə nə deyərdiniz?

- Bu tədris prosesinin ənənəvi təhsil formatından fərqi indiyə qədər bilikyönümlü olan təhsilin daha çox tətbiqetməyə yönümlü olmasındadır. Əslində, kurrikulum çox gözəl tədris üsuludur, təlim metodikasıdır. Keçirilən mövzu böyük summativ qiymətləndirmə, kiçik summativ qiymətləndirmə, formativ qiymətləndirmə ilə ay ərzində bir neçə dəfə həyata keçirilməlidir. Kurrikulumun tələbinə görə, şagirddə həyatıboyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır. Təəssüf ki, bu, reallıqda öz əksini tapmır.  Çünki həm valideynlər, həm də bəzi müəllimlər bu üsulu hələ də tam mənimsəyə bilməyiblər.

- Son illər innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir…

- Hazırda müstəqil Azərbaycan dövləti öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi gəlirlərə bağlamır, həm də mövcud resurslarını güclü insan kapitalının formalaşdırılması yönümündə qurur. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün bunlar təhsilin dövlət xərclərində prioritetliyini getdikcə artırmaqdadır. Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliyə malikdir. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurrikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır. Son illər elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

Şəmsiyyə Əliqızı, «İki sahil»