04 mart 2021 02:16
1068

Amerika Neft İnstitutu məsələni götür-qoy etməyə başlayıb

Amerika Neft İnstitutu (APİ) iqlim sahəsində hökumətin sərt siyasətinə uzun müddət qarşı gəldikdən sonra karbon qazı tullantılarına görə ödəniş tətbiqinə dəstək məsələsini götür-qoy etməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bir mənbəyə görə, ABŞ neft sənayesi lobbisinin başlıca qrupu, dünyanın əksər ən iri neft şirkətlərinin üzv olduğu APİ karbon qazı tullantılarına ödəmə tətbiqini “tullantıları azaldaraq Paris sazişinin hədəflərinə çatmaq istiqamətində başqa siyasi qərarlar sırasında” dəyərləndirir.

Bundan əvvəl APİ üzvlərindən olan Fransanın “Total” şirkəti institutun iqlim siyasətilə razılaşmadığına görə üzvlükdən çəkildi. Hərçənd yeni Bayden administrasiyası yeraltı yanacaq mənbələrindən əl çəkməyə yönələn siyasi proqram yeridir. APİ-nin yeni siyasətə dair WSJ tərəfindən təhlil edilən açıqlama layihəsinə görə,karbon qazı tullantılarına ödəniş tətbiqilə bağlı konkret mexanizmə dəstək vermədikləri bildirilsə də, “State of American Energy” qrupunun yanvar ayında dərc edilmiş hesabatında həmin tullantılarla bağlı ödəniş məbləğinin bazar yolu ilə təyin olunmasına dəstək ifadə olunub.

“Səylərimiz Paris sazişinə ABŞ-ın yeni töhfəsni dəstəkləməyə yönəlir”, - deyə APİ vitse-prezidenti Meqan Blumqren bildirib. Hərçənd APİ çərçivəsində son bir ildə tullantı həcmini azaldaraq bərpa olunan enerji müəssisələri yaratmaq istiqamətlərində xeyli işlər görmüş Avropa enerji şirkətlərilə bu məcrada sərmayədarların artan təzyiqinə qarşı müqavimət göstərən “Exxon Mobil” və “Chevron” kimi ABŞ nəhəngləri arasında ziddiyyətlər getdikcə artır. Bununla yanaşı, ABŞ Ticarət Palatası, “Chevron” şirkətinin də daxil olduğu İşgüzar Dəyirmi Masası (BRT) kimi nüfuzlu sahəvi birliklər son bir il ərzində karbon qazı tullantılarına bazar əsasları ilə ödəniş tətbiqinə tərəfdar çıxıblar. Daha əvvəl bildirildiyi kimi, 2020-ci ildə dünya enerji sənayesində karbon qazı tullantılarının həcmi 5,8 faiz azalıb.