04 mart 2021 15:25
1712

Pandemiya ailədaxili münasibətlərə mənfi təsir göstərir - Mütəxəssislər danışır

Təəssüflə qeyd etməliyik ki, pandemiya dövrü insanların həyatının bütün sahələrinə təsir etdiyi kimi, ailədaxili münasibətlərdən də yan keçməyib. Evdə daha çox vaxt keçirilməsi, işin və təhsilin evdən idarə olunması, bir çox halda gəlirlərin və iş yerinin itirilməsi fonunda yaranan problemlər insanların ailədəki davranışlarına da təsir edir. Bu təsirlər də ailə üzvlərinin sosial statusuna, dünyagörüşünə uyğun olaraq fərqli forma və səviyyələrdə özünü göstərir.

        Bəs, mütəxəssislər bu haqda nə fikirləşirlər?

“İki sahil” sözügedən məsələ ilə bağlı araşdırmanı  təqdim edir:

Sosial Tədqiqatlar Mərkəzinin Departament rəhbəri Ayşəm Balayeva

“Beynəlxalq və yerli tədqiqatlar, ortaya çıxan faktlar göstərir ki, pandemiya dövründə məişət zorakılığı halları, bu əsasda intiharlar, ölüm halları artıb. Bununla yanaşı, boşanmaların sayı da pandemiya dövründə kifayət qədər artıb. Azərbaycanda aparılan tədqiqatın nəticələrinə əsasən deyə bilərik ki, xüsusi karantin rejiminin uzadılması və şərtlərinin sərtləşdirilməsi insanların psixoloji vəziyyətinə bu və ya digər şəkildə təsir göstərib. Belə ki, sorğuda iştirak edən respondentlərin 40.7%-i psixoloji vəziyyətlərinin bu pandemiya dövründə neqativ istiqamətdə dəyişdiyini bildirin. İnsanların psixoloji vəziyyətinin pisləşməsi onların ailə münasibətlərinə də təsirsiz ötüşmür. Tədqiqatın nəticələri pandemiyanın ailədaxili münasibətlərə mənfi təsir dinamikasının yüksək olduğu göstərir. Belə ki, bu fikri səsləndirənlər respondentlərin 25.1%-ni təşkil edir. Ailədaxili münasibətlərin pisləşdiyini deyənlər içərisində qadınlar üstünlük təşkil edir.  Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan hesabata baxdıqda da görürük ki, dünyada da məişət zorakılığı halları artıb. Məişət zorakılığına ən çox məruz qalan qadınlar və qızlardır. Onların məruz qaldığı zorakılıq səbəbilə etdikləri yardım müraciətləri Fransa, Avstraliya, Argentina və Sinqapurda 25-33% civarında artıb. Türkiyədəki artım 27.8% olub. Dünyada son 12 ayda 15-49 yaş arasında 243 milyon qadın həyat yoldaşı, sevgilisi və ya digər ailə üzvləri tərəfindən fiziki, cinsi zorakılığa məruz qalıb. Bu rəqəmlər pandemiyanın ailədaxili münasibətlərə olan mənfi təsirlərini daha aydın görməyə imkan verir.”

A.Balayeva qeyd edib ki, ailədaxili münasibətlərin pandemiya dövründə gərginləşməsinə gəlirlərin azalması və ya itirilməsi, iş yerində baş verən dəyişikliklər, məişət yükünün artması, sosial aktivliklərin azalması, ailə üzvlərinin və özünün COVID-19-a yoluxma təhlükəsi, davamlı stress vəziyyəti kimi bir sıra faktorlar səbəb olub. Tədqiqatın nəticələrini detallı təhlil etdikdə görürük ki, ailə münasibətlərində mənfi təsir dinamikasının yüksək olduğunu deyən respondentlərin əhəmiyyətli hissəsi, işsiz və ya işini itirmiş şəxsləridir. Pandemiyanın ailədaxili münasibətlərə mənfi təsir göstərdiyi qənaətindən çıxış edən respondentlərin 87.4%-i eyni zamanda gəlirlərinin də azaldığını qeyd ediblər.

Həmsöhbətimiz əlavə edib ki, pandemiya dövrü insanların gündəlik yaşam tərzinin dəyişməsinə səbəb olduğuna görə təbii ki, insanlar bu vəziyyətə hazırlıqsız idilər. Lakin 1 il ərzində insanlarda bu vəziyyətə uyğunlaşma prosesi baş verdi, vəziyyətə uyğun olaraq yeni vərdişlər formalaşdı: “Bu dövrün müsbət tərəflərini görməyə çalışmaq, yaranmış zamanı düzgün dəyərləndirmək gələcək üçün faydalı ola bilər. Əslində izolyasiya dövrü insanlara ailələri ilə birgə səmərəli vaxt keçirmək baxımından əlverişlidir. Bu dövrdə insanlara öz həyatlarını təhlil etmələri, ailə üzvləri ilə münasibətlərini yaxşılaşdırmaları baxımından olduqca əlverişli vaxt ola bilər. Həmçinin, ailə üzvləri ilə kitab oxumaq, hər hansı məişət işini birgə etmək, yeni aktivliklər təşkil etmək kimi birgə məşğuliyyətlərin edilməsi ailə bağlarının möhkəmlənməsi və vaxtın daha səmərəli keçməsi baxımından faydalıdır. Bu dövr həm də ailələr üçün yeni planların qurulması, həmçinin bəzi planların yenidən nəzərdə keçirilməsi baxımından əlverişlidir."

Bəs, məsələni psixoloji tərəfdən təhlil etsək, hansı qənaətə gəlirik?

Həmsöhbətimiz Harmoniya Psixologiya Mərkəzinin rəhbəri psixoloq Aygün Ağabalayeva hər bir insanın baş verən hadisələrə, problemlərə psixoloji  yanaşmasının fərqli olduğunu qeyd etdi: “Mən hər zaman vurğulayıram ki, stressi yaradan  hadisə olmur, stressi yaradan insanın həmin hadisəyə yanaşmasıdır. Təbii ki, karantin vəziyyəti insanlara fərqli təsir göstərməkdə davam edir. Elə insanlar var ki, buna normal yanaşdılar, qısa zamanda alışdılar, amma elələri oldu ki, vəziyyəti heç cür qəbul edə bilmədilər, bəziləri çətinliklə adaptasiya olundu, bəzilərində isə həddindən artıq qorxu yarandı. Karantin müddəti uzandıqca təbii ki,  insanlar daha da gərginləşirlər. Bu cür vəziyyət peyvəndə münasibətdə də müşahidə edildi: “Əvvəl insanlarda infeksiyaya yoluxma qorxusu daha çox idi. İndi  qaydalara riayət edirlər. Amma sonradan  bəzi insanlarda peyvəndə qarşı qorxular yarandı. Zaman keçdikcə,  maariflənmə nəticəsində insanların peyvəndə olan münasibəti müsbətə doğru dəyişdi.”

İnsanlar o qədər gərgin olurlar ki, problemi həll etmək əvəzinə, konfliktə meyilli olur, davranışlarını bu istiqamətdə kökləyirlər

Mütəxəssisin sözlərinə görə, pandemiya dövründə  hər birimizin illərdir alışdığımız vərdişlər, gündəlik rejim və düzənimiz dəyişdi: “Bu dönəm təkcə insanların səhhətinə deyil, ümumiyyətlə bütün sahələrə təsir göstərib. Təbii ki, ən böyük təsirlərdən biri ailədaxili münasibətlərdə  büruzə verdi. Lakin burada da eyni təsir və yanaşma deyil. Elə ailələr var ki, ümumiyyətlə pandemiyadan da öncə münaqişəli ailələr idi. Karantin dövründə belə ailələrdə vəziyyət daha da gərginləşdi, aqressiya daha çox ortaya çıxdı. Bəzi ailələr də var ki, əksinə pandemiya dövrünün onlara xeyiri oldu. Məsələn, pandemiya dövründən qabaq ailə üzvləri bir-birilərinə vaxt ayırmağa imkan tapmırdı və  bu səbəbdən ailədə müəyyən konfliktlər yaranırdı. Amma  karantin vaxtında bu fürsət yarandı və problem zamanla öz həllini tapdı. İnsanların işləməməsi, evdə oturması, bəzilərinin evdən işləməsi təbii ki, müəyyən sosial problemlər yaradır.  Sosial  problemlərin yaranması psixoloji cəhətdən gərginləşməyə səbəb olur. İnsanlar o qədər gərgin olurlar ki, problemi həll etmək əvəzinə, konfliktə meyilli olur, davranışlarını bu istiqamətdə kökləyirlər. İşləməyən ailələrdə təbii olaraq maliyyə vəziyyəti aşağı düşür. Bu da əsəbə, gərginliyə gətirib çıxarır və sonda müəyyən qədər də boşanmalarla nəticələnir. Əlbəttə ki, boşanmaların sayının artmasını təkcə ailənin maliyyə vəziyyətinin aşağı düşməsinə bağlmaq doğru deyil. Bu, səbəblərdən sadəcə biridir. Əsas məsələlərdən biri cütlüklərin xarakter uyğunsuzluğudur. Yəni, insanların  qapalı mühitdə uzun müddət qalması, insanların  gündəlik düzəninin pozulması hər insana eyni təsir göstərmir. Pandemiya dövründə ən çox müşahidə etdiyim və ailə gərginliyə səbəb olan məsələlərdən biri də bu onlayn dərslərdir. Bəzi uşaqları var ki, onlayn dərs keçmək istəmirlər. Bu zaman valideynlər arasında gərginlik, müəyyən konfliktlər yaranır.

Ailə daxilində hüzurü və harmoniyanı qorumalıyıq

Həmsöhbətimiz fikirlərini nikbin notlarda insanlara çağırışla yekunlaşdırdı: “Əvvəlki kimi olmasa da, hər halda indi müəyyən iş yerləri, istirahət məkanları açılıb. Təhsil müəssisələri ənənəvi üsulla tədris prosesini tədricən bərpa etməyə başlayıb. Şübhəsiz ki, bütün bunlar da insanların psixologiyasına  müsbət təsir göstərir. Elə insanlar var ki, alış-veriş edərək, elələri də var ki, təbiət qoynunda ailəvi dincələrək stresslərini çıxarırlar. Bu da psixoloji gərginliyi aradan qaldırır. Pandemiya dövrü  insanlarda müəyyən dəyişiklik edib, kimlərinsə vərdişləri dəyişib. Unutmayaq ki, bu çətin  pandemiya dönəmi müvəqqətidir. Hər bir ailədə vacib şərt tərəflərin bir-birini dinləməsidir. Ailəmizdə hüzuru qoruyub saxlamalıyıq. Pandemiya da, karantin də bitəcək, əsas odur ki, bu vəziyyətdən yaxşı psixoloji halda çıxacaq. Bu isə yalnız özümüzdən asılıdır.”

Yaqut Ağaşahqızı, "İki sahil"