05 mart 2021 22:08
2624

Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq - Prezident İlham Əliyev

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxış edən dövlət başçımız bildirdi ki,  Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir 

İslam  aləminin ayrılmaz parçası olan Azərbaycanın türkdilli dövlətlərlə  əlaqələri ən yüksək səviyyədədir. Türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşlərində vurğulandığı kimi, müsəlman ölkələrini birləşdirən təşkilatların beynəlxalq aləmdə nüfuzunun  möhkəmlənməsi dünyada baş verən  proseslərə təsir imkanlarını artırır. Tarixi, milli-mədəni kökləri eyni olan türkdilli xalqların mövqeyinin,  birliyinin möhkəmlənməsi, dünya  birliyində  vacib amilə çevrilməsi  etiraf olunan həqiqətdir.  2009-cu ildə  İslam Mədəniyətinin Paytaxtı elan olunan Bakıdan sonra  2018-ci ildə  Naxçıvan şəhərinin bu ada layiq görülməsi, ölkəmizdə  IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslami dəyərlərin dünyaya çatdırılması  baxımından önəmli tarixi hadisələr idi.

Bu ilin əvvəlində  İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, 44 gün davam edən Vətən müharibəsində  müsəlman ölkələrinin Azərbaycanla  birlik və həmrəylik göstərməsi islamofob təxribatı aparanlara cavab oldu. Görüşdə Azərbaycanla sıx əməkdaşlıqdan məmnun qaldığını bildirən, erməni qəddarlığını,  vəhşiliyini  müsəlman dövlətlərinin həmrəyliyinə, İslam ölkələrinin mədəni irsinə qarşı  mənəvi terror adlandıran,  «Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik» sözləri ilə erməni  faşizmini bəşəri cinayət adlandıran  Salim bin Məhəmməd əl-Malik  vurğuladı ki,  işğaldan azad olunmuş ərazilərdə  gördüklərimiz, dağıdılmış məscidlərin ürəkağrıdan mənzərəsi insanlığa qarşı cinayətdir. Müharibənin birinci və ikinci günü Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyən qardaş Pakistan və Əfqanıstan daim Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişlər.

ICESCO tərəfindən elan olunan «Qadınlar ili»” çərçivəsində «Qadınlar və qızlar elmdə»” Beynəlxalq Günü münasibətilə  videokonfrans formatında keçirilən  tədbirdə çıxış edən respublikamızın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyindən də  bəhs etmişdir.

Bu günlərdə  keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxış edən dövlət başçıları işğal altında qalan torpaqlarını azad edən Azərbaycan xalqına, Prezident İlham Əliyevə xoş sözlərini yetirdilər. Türkiyənin  Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təşkilata sədrliyi dövründə görülən işlərdən danışaraq regional əməkdaşlığa mühüm töhfə verən  Azərbaycanın qələbəsini müsəlman aləminin uğuru kimi dəyərləndirdi: « Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram.»

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Azərbaycanı Ermənistan üzərində  parlaq Qələbəsi münasibətilə təbrik edərək bu zəfəri İƏT ailəsi üçün böyük bir nailiyyət adlandırdı. Ulu öndər Heydər Əliyevin  təşəbbüsü ilə  Bakıda İqtisadi Əməkdaşlıq Təşklatının Tədqiqat Mərkəzinin yaradılmasını İslam aləmi üçün böyük nailiyyət adlandırdı. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkəmizin dünya siyasətindəki rolunu,  multikultural və tolerantlıq dəyərlərini  «Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi» sözləri ilə dəyərləndirdi.

 Çıxışlarda  bildirildi ki,  artıq Azərbaycan dünyada dialoqun təşviqi və inkişafı istiqamətində liderliyini qorumaqdadır. Bu gün eyni zamanda, həm Avropa Şurasına, həm də ICESCO-ya yeganə müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurmuşdur. Son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasının müxtəlifliyi və zənginliyi göstərir ki,  sülhə, ədalətə  çağırış  təşəbbüslərinin  mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycandan səslənməsi  ölkəmizin dünyada mövqeyini möhkəmləndirir.

 Vətən müharibəsi dövründə  Azərbaycanla  həmrəyliyini əsirgəməyən müsəlman ölkələrinə,  yalnız müharibə vaxtında deyil, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyini əsirgəməyən həmkarı Rəcəb Tayyib Ərdoğana, türk xalqına minnətdarlığını «Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir»  sözləri ilə bildirən  Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir: « Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.»

Zirvə toplantısındakı   çıxışı zamanı  Ermənistanın işğal etdiyi ərazilərdə kənd və şəhərləri, mədəni və dini abidələri qəsdən dağıtdığını iştirakçıların diqqətinə çatdıran Prezident İlham Əliyev bildirdi ki, erməni barbarlığı və vandalizmi bütün İslam dünyasına qarşı düşmənçilikdir. Beynəlxalq media nümayəndələrinin müşahidə etdikləri dağıntılardan,  erməni vandallarının törətdikləri ekoloji terrorlardan söz açan,  Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdlərini riyakarlıq adlandıran Prezident  İlham Əliyev   İslam ölkələrini həmrəyliyə  çağırdı: «Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.»

Hazırda işğaldan azad olunmuş  ərazilərdə mühüm  layihələrin həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev ərazilərin yenidənqurulmasında, dini abidələrin bərpasında  müsəlman ölkələrinin iştirak etmək istəklərini İslam həmrəyliyinin nümunəsi adlandırdı. O da vurğulandı ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmaqla, Türk Şurası və Qoşulmama Hərəkatının  sədri kimi də  humanizmi ilə fərqlənir. Pandemiya ilə bağlı qlobal  mübarizəyə çağırış olan BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı  olan Azərbaycan  Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı göstərib. «Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq» söyləyən Prezident İlham Əliyev  ədalət prinsiplərinə sadiqliyini diqqətə çatdırdı.

 Videoformatda keçirilən Zirvə toplantısında   enerji təhlükəsizliyi ilə bağlı qlobal layihələr barədə məlumat verən dövlət başçımız İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaşdır. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda  Cənub Qaz Dəhlizinin tam  istifadəyə verilməsi ilə  dünyanın enerji xəritəsi yenilənib.  Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi qlobal əhəmiyyətli  layihələrin təşəbbüskarı olan Azərbaycan   Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.  Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın   Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşməsi ilə yeni regionda çoxtərəfli əməkdaşlıq  formatı yaradıldı. «Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,    Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək  dəhlizdən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri də  faydalanacaq.

Xuraman İsmayılqızı, «İki sahil»