07 mart 2021 12:19
768

Müxtəlif ölkələrdə Qadınlar Günü necə qeyd edilir? - FOTO

Əslində Qadınlar Gününün tarixini XX əsrin başlanğıcı ilə məhdudlaşdırmaq olmaz, çünki hətta Qədim Romada belə Qadınlar Günü qeyd edilirdi. O dövrdə də müasir zəmanəmizdəki atributlarla-çiçəklər, hədiyyələrlə qadınlar yad edilirdi. XX əsrdə sadəcə olaraq, bu bayram beynəlxalq xarakter almağa başladı, dünyanın müxtəlif bucaqlarında kişilərin diqqətini qurub-yaradan, özünü qurban verən, ilhamlandıran, qorunmağa və sevilməyə layiq qadınlara yönəltdi. Hər baharın girişində qeyd olunan Qadınlar Günü elə bahar qədər təravətli, həyat dolu olan qadınların dünyanın fərqli xalqları üçün eyni dərəcədə qiymətli olduğunun bir göstəricisidir.

Beynəlxalq Qadınlar Günü ən sevilən bayramlardan biridir. Müasir Qadınlar Gününün qeyd olunması artıq çox ölkələrdə bərabərliyi təmin etmək məqsədi daşımır və siyasi kontekstdən tamamilə azaddır.

Beynəlxalq Qadınlar Gününün qeyd olunması yalnız postsovet məkanının coğrafiyası ilə məhdudlaşmır. Bu bayram dünyanın 30-dan çox ölkəsinin təqviminə qətiyyətlə daxil edilib.

Ölkəmizdə Qadınlar Günü böyük təntənə ilə qeyd edilir. 8 mart tarixi qeyri-iş günü hesab edilir. Adətən, qadınların şərəfinə bayram konsertləri təşkil edilir, yaxınları, tanışları, iş yoldaşları tərəfindən onlara hədiyyələr verilir, xoş sözlər söylənilir. Bəs digər ölkələrdə 8 mart necə qeyd edilir?

 Rusiya

Rusiyada 8 mart bayram günüdür. Orada da qadınlara həmin gün hədiyyələr, gül buketləri bəxş edilir və əlbəttə ki, xüsusi sevgi və diqqət ayrılır.

Qazaxıstan

Qazaxıstanda bu tarix ənənəvi olaraq, qeyri-iş günü sayılır. Kişilər öz sevimli qadınlarını mütləq sevindirməyə çalışırlar. Çox vaxt evlilik təklifləri, sevgi etirafları həmin günə saxlanılır.

 Tacikistan

Bu ölkədə 8 mart Analar Günü adlanır, ancaq subay qızlar da gələcəyin anaları kimi bayramı qeyd edə bilərlər. Tacikistanda milli hədiyyə kimi qaddınlara şərf, yaylıq və ya parça vermək adəti vardır.

Kuba

Kubada 8 mart tarixinin xüsusi mənası var. Həmin gün havada inqilab və azadlıq ruhunun olduğuna inanılır. Kubada bu bayramın tarixinə çox diqqət yetirilir və buna görə də daha çox inqilabi xarakter daşıyır.

 Polşa

Beynəlxalq Qadınlar Günü Polşada hər yaşda xanımların günüdür. Həmin gün kişilər adətən, xanımlarını xüsusi şam yeməyinə dəvət edirlər.

Çin

Çində 8 mart çox sakit və səssiz keçir. Çin küçələrində yalnız xanımını təbrik etmək üçün gül buketi axtaran təlaşlı əcnəbilərə rast gələ bilərsiniz.

İtaliya

İtaliyanın bütün bölgələrində Qadınlar Günü qeyd edilir, lakin həmin gün ölkədə qeyri-iş günü deyil. Bayramın mahiyyəti qadınların kişilərlə bərabər hüquqa malik olmaq uğrunda mübarizəsi ilə bağlıdır. Simvolu isə-ciddi bir mimoza gülüdür.

İngiltərə

Təəssüf ki, ingilis qadınları 8 mart günü bir qədər diqqətdən kənar qalırlar, orada rəsmi olaraq, bu bayram qeyd edilmir. İngiltərədə 8 mart günü qadınlara gül və hədiyyələr alınmır. İngilislər yalnız qadın olduğu üçün qadınların seçilərək, onlara bayram günü elan edilməsini mənasız bir hal hesab edirlər.

 Fransa

Fransada da 8 mart Analar günü adlanır. Fransızların həmin günə özəl xüsusi ənənələri olmasa da, qadın cinsinin nümayəndələrinə daha böyük hörmət və sevgi nümayiş etdirirlər.

Portuqaliya

Portuqaliyada Qadınlar Günü kişilərin əhatəsində qeyd edilmir. Orada həmin gün ənənəvi qadın partiləri təşkil edilir.

Sevgili qadınlar, əziz analar, nənələr, bacılar və qızlar! Sizsiz həyat yoxdur, dünya rəngsizdir və güllərin ətirləri mənasızdır! “İki sahil” adından ən səmimi təbrikləri qəbul edin! Həmişə gözəl qalın və xoşbəxt olun!

Nubar Süleymanova, “İki sahil”