Müstəqil Azərbaycan cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib. İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda, dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxardı.
BMT-dən sonra dünyada ikinci böyük təşkilatın toplantısının Bakıda keçirilməsi və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzdan xəbər verir. Regional və beynəlxalq aləmdə həyata keçirdiyi layihələr, iştirak etdiyi bütün layihələrdə öhdəliyinə məsuliyyətlə yanaşması və qarşılıqlı mənafeləri qoruması Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Azərbaycan daima beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə riayət etmiş, dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynamışdır.
Cənab Prezidentin uğurlu daxili və xarici siyasətinin təzahürü idi ki, Azərbaycan az qala 30 illik həsrətdən sonra nəhayət işğal olunmuş torpaqlarımızı geri qaytardı. Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. 44 günlük Vətən müharibəmizin hər günü şanlı tarixdir. Ali Baş Komandanın rəhbərliyi altında hər bir Azərbaycan əsgəri yalnız bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun. Ədalət zəfər çalsın.
Hərbi uğurumuza şərait yaradan əsas amillərdən biri cənab Prezidentin davam etdirdiyi diplomatik mübarizədir. Vətən müharibəsi ərzində Azərbaycana qarşı çıxan qüvvələrin mövcud olmasına baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində əzəli torpaqlarımıza qovuşduq. Ali Baş Komandanın da qeyd etdiyi kimi, hərbi münaqişənin həlli üçün bir sıra zəruri amillər mövcud olmalıdır. İlk növbədə güclü orduya sahib olmaq, iqtisadi inkişaf, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmək, xalqın birliyi və ədalətin bərpasını tələb etmək uğurumuzu səciyyələndirən amillərdir. Bütün bunlar İlham Əliyevin uğurlu daxili siyasətinin təcəssümüdür.
Digər tərəfdən, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi , BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi.
Vətən Müharibəmizdə qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe haqlı mübarizəmizdə Azərbaycanın tək olmadığını təsdiqlədi. Azərbaycan və Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Belə ki Azərbaycan və Türkiyə qlobal enerji layihələrinin təşkilatçılarıdır. Bu da dünyada birgə nüfuzun artmasına öz təsirini göstərir.
Cənab Prezidentin 2021-ci il 26 fevral tarixində keçirilən mətbuat konfransında qeyd etdiyi kimi, Azərbaycan bölgədə iş birliyi yaradan ölkə kimi tanınır. Azərbaycanın heç bir dövlətlə problemi yoxdur. Məhz buna görə də Azərbaycan Qoşulmama Hərəkatına yekdil səslə - 119 ölkənin səsi ilə seçildi. Qoşulmama Hərəkatında arasında ciddi ixtilaflar olan ölkələrin mövcudluğuna baxmayaraq, onların hər biri Azərbaycanı dəstəklədi. Çünki bizim səmimi siyasətimiz var. Bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Beynəlxalq arenada bu inamı qazanmışıq. Hər bir ölkə ilə səmərəli iş birliyi qurmaq fikrindəyik və bunu edirik. Azərbaycan dünyada bu siyasətinə görə qovuşma nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, müharibədən öncə NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Biz bu müsbət imici qazanmışıq.
Bütün dünya bilir ki, bizim sözümüz imzamız qədər qüvvətlidir. Qarabağ müharibəsindən sonra da Azərbaycan barışdırıcı mövqe tutur. Bunda da məqsəd bölgədə sabitliyin, sülhün bərqərar olmasıdır. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
Aynur Rəhimova,
Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 № li tam orta məktəbin müəllimi