Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə...
Azərbaycan Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə əlaqədar beynəlxalq təşkilatlara, jurnalist və insan haqları birliklərinə ünvanlanmış açıq məktubuna cavab olaraq beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Mətbuat Şurasının həmin müraciətdə deyilir ki, son illərdə Rusiya Federasiyası mediadan xarici siyasətə təsir aləti kimi getdikcə daha çox istifadə edir: “İnformasiya fəaliyyəti adı altında ictimai rəyin formalaşdırılmasına, suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirilir. Bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olmaqla yerli ictimai qurumların fəaliyyətinə xələl gətirir, hakimiyyətə inam səviyyəsini azaldır. Bu təcrübə xüsusilə Rusiyanın Sputnik agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü büruzə verir”.
Amma Rusiya Jurnalistlər İttifaqının məktubunda faktlar kobud şəkildə təhrif olunur ki, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdindən açıq şəkildə xəbər verir. Halbuki "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq ediblər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə ölkəmizdə olublar. Bu mənada onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir.
Bir məqamı da vurğulayaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin şöbəsindən başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinə bir neçə il Vitali Denisov - Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib: “Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib”. Elə bu kimi təxribat fəaliyyətinə görə, Denisov Azərbaycan və Moldovadan uzaqlaşdırılıb. Yeri gəlmişkən qeyd edək ki, agentlik rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb.
Bütün bunlar ondan xəbər verir ki, Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir, öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qətiyyəti göstərmir. Məlumat üçün bildirək ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb. Azərbaycan Mətbuat Şurasının müraciətində deyildiyi kimi, Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və bir çox digər tanınmış jurnalistlərin qətl işləri siyasi motivasiyalı olduqları üçün hələ də açılmamış qalır. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb və həbs edilib ki, bu da söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə göstərir. Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, faktiki olaraq bu kəskin məsələləri lazımi diqqətdən kənarda qoyması dərin təəccüb doğurur. Azərbaycan Mətbuat Şurasının müraciəti bu sözlərlə bitir: "Biz beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadə edilməsini qətiyyətlə pisləməyə çağırırıq".
Qeyd edək ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılıb. Amma buna baxmayaraq bu qurum qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirib. DİN-in araşdırmalarından sonra bu ilin iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”