KÖŞƏ

Vəli İlyasov

Qarabağın soğan yeyən erməniləri...

15 mart 2021 23:45
1311

İkinci Qarabağ müharibəsinini gedişində ermənilərin heç zaman onların olmayan tarixi Azərbaycan ərazilərindən “ana Ermənistan”a qaçması kütləvi hal almışdı. Hətta Ermənistanın inzibati orqanları da Laçın dəhlizində və gizli dağ yollarında onların qarşısını kəsə bilmədi. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Rusiya sülhməramlıları tərəfindən Xankəndinə qaytarılan həmin ermənilər indi  qorxu içində yaşayırlar. Şübhəsiz ki, zorla qaytarılan ermənilərin arasında  Azərbaycana qarşı döyüşənlər, terrorçular, yəni müharibə caniləri var, ona görə də qorxurlar ki, vaxt gələr, törətdikləri cinayətlərə görə cavab verməli olarlar.

Məlumdur ki, Birinci Qarabağ müharibəsində Xocalıda, Ağdamda, Qazaxda, Laçında, Kəlbəcərdə və digər rayonlarda günahsız azərbaycanlıların soyqırımını təşkil edən, uşaqların, qocaların, qadınların ağlasığmaz vəhşi üsullarla qətllərində iştirak edən bir çox əli qanlı erməni cəlladları İkinci Qarabağ müharibəsində də döyüşüblər. Bu barədə real faktlar da var.  

Erməni saytları həyəcanla məlumat  verirlər ki, Xankəndinə qaytarılan erməni qadın Anahid Ayrapetyan “çağrılmamış qonaqlar”ın arasında əhval-ruhiyyənin çox mənfi olduğunu deyir: “Müharibədən sonra Stepanakertə (Xankəndi) qayıdanda həyat donmuşdu, yalnız dekabrın 1-də işə çağırılanda bir qədər canlanma oldu. Lakin insanların ümumiyyətlə, əhval-ruhiyyəsi yoxdur, üstəlik hələ də qorxu ilə yaşayırıq. Küçələrdə çox az insan var, axşam saat 9-dan sonra şəhərdə nəqliyyat işləmir, qaranlıq düşən kimi hər kəs evə gedir, biz gecəli-gündüzlü qəbir həyatı yaşayırıq”.

Erməni qadın qeyd edir ki, müharibədən sonra həm Ermənistanda, həm də Qarabağda ərzaq mallarının qiyməti çox bahalaşıb: “Qiymətlər dəhşətlidir. Əvvəllər 550 dram olan yağ indi 1020-1100 dramdır. Evsizlər, işsizlər çoxdur. Aclıq baş alıb gedir. Bələdiyyənin qarşısında yardım almaq istəyənlərin növbəsi çox dəhşətlidir. Nəqliyyat pis işləyir, üstəgəl də əvvəlki marşrutlar dəyişib, hərəkət etmək çətinləşib”.

Anahid Ayrapetyan Azərbaycan əsgərlərinin Xankəndidəki supermarketlərə gəlib alış-veriş etdikləri barədə söhbətlərin olduğunu deyir: “Rastlaşmamışam, lakin bu haqda danışırlar”. O, müharibədən sonra geri qayıdan ermənilərin qeyri-müəyyən əhvalda olduğunu qeyd edir: “İnsanlar heç nə etmək istəmirlər, hətta işləmək belə istəmirlər. Qeyri-müəyyənlik var. İnsanlar ümidsiz və süst haldadır. Əvvəllər kəndlərdə yaşayanlar indi də torpaqda işləmək istəyirlər, amma işləmələri üçün torpaq varmı?! Müharibə bitib, lakin yenidən başlaması haqda söz-söhbətlər gəzir. Hətta müxtəlif tarixlər haqqında da danışırlar: ayın 12-si, yaxud 16-sı, 25-i və s. Vəziyyət tamamilə qeyri-müəyyəndir”.

A. Ayrapetyanın dedikləri Qarabağa zorla qaytarılan ermənilərin burada yaşamaq istəmədiklərini təsdiqləyir. Hamı qayıdıb ya İrəvana, ya Rusiyaya, bəziləri isə digər xarici ölkələrə getmək üçün çıxış yolu axtarır. Yalnız cüzi bir qisim erməni imkansızlıqdan qalmaq məcburiyyətində olduqlarını bildirirlər. Artıq bütün ermənilər başa düşürlər ki, Qarabağda onlar üçün perspektivli həyat yalnız Azərbaycan qanunları və vətəndaşlığı altında yaşamaqdır. Təbii ki, başqa yol da var, seçim özlərinindir: ya Azərbaycan vətəndaşı olaraq yaxşı şəraitdə yaşayacaq, ya da Ermənistana gedəcəklər. Dünyanın hər yerində yaşayan ermənilər özləri özləri üçün belə vəziyyət yaradıblar. Hər yerdə gedib bir “soğan” yeyirlər, sonra da içləri göynəyir...