22 mart 2021 11:04
2415

Ərazilərin işğaldan azad edilməsi: Azərbaycanın qələbəsi, Prezident İlham Əliyevin əsas hədəfinə çatması

Prezident İlham Əliyevin martın 20-dəki müraciətini bir necə istiqamətdə təhlil etmək olar ki, onlardan biri də 44  günlük Vətən müharibəsində ölkəmizin qələbəsini təmin edən şərtlərdir.

Əvvəlcə ondan başlamalıyıq ki, ölkə ərazisinin işğaldan azad edilməsi İlham Əliyevin prezidentlik dövrünün əsas hədəfi idi. Əvvəlcə danışıqların aparılması, bu mümkün olmadıqda, müharibə Prezident İlham Əliyevin hədəfə hansı yolla olursa-olsun çatmaq istəyinin nümayişi idi: “Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik”.

Ümumilikdə isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bir neçə mərhələ çərçivəsində baş tutub ki, bunların hər birində ölkəmiz istəyinə nail olub. Onlardan birincisi Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya düzgün formada çatdırılması ilə ölkəmizin Vətən müharibəsindəki qələbəsinin hüquqi əsasları yaratmış oldu. Prezident İlham Əliyev müraciətində vurğulayıb ki, Azərbaycan bununla bağlı beynəlxalq müstəvidə vacib qərar-qətnamələrin qəbul edilməsinə nail olub: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq”.

Məsələnin digər tərəfi isə Azərbaycanın hərbi imkanlarının yaradılması idi ki, bu, ilk növbədə ölkənin iqtisadi imkanlarından asılı idi. Bu baxımdan ölkəmizin ordu quruculuğu iqtisadi inkişafı ilə paralel aparılmaqla ən yüksək səviyyədə təşkil edilib. Ölkə başçısı vurğulayıb son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Aydın məsələdir ki, bu, orduda da öz sözünü deməli idi: “Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu.

Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər”.

Azərbaycanın qələbəsini şərtləndirən amillərin sırasında gənc nəslin məqsədyönlü formada yetişdirilməsi də yer alır və deyə bilərik bu, bu amil digərlərində heç də az əhəmiyyət daşımır. Söhbət ondan gedir ki, müasir dövrdə aparılan müharibələrdə texniki imkanlar düşmənin itkilərini artırmağa imkan versə də, döyüşlərin taleyini canlı resurslar həll edir. Bu mənada Prezident İlham Əliyev sözügedən müraciətində deyib ki, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.

Bəli, məhz bu amillərin vəhdəti ilə Azərbaycan düşmənin təxribatına əks-həmlə ilə cavab verərək 44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərini işğaldan azad etdi. Havadarlarının böyük dəstəyinə baxmayaraq, düşmən Azərbaycan Ordusuna cəmi 44 gün tab gətirdi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə müqavimət göstərə bilmədi. Ölkə başçısı xatırladıb: “Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa. Müharibə zamanı 300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur oldu, diz çökdü, təslim oldu və noyabrın 10-da kapitulyasiya aktına imza atdı”.

Ancaq bu döyüşlərin içərisində Şuşanın azad olunması unikallığı ilə seçilir. Ölkə başçısı Şuşa azad edilməsini təsvir etməklə onu Vətən müharibəsində “xüsusi yerə malik olan hadisə” adlandırıb: “Biz müharibə dövründə şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi”.

Ərazilərinin işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qələbəsi, eyni zamanda, Prezident İlham Əliyevin ən böyük hədəfinə çatmasıdır.

                                                                                                                                                                                                     Ceyhun Piriyev, “İki sahil”