17 may 2018 18:04
1220

Xaçmazın 2 kəndinə təbii qaz verilib

Xaçmaz rayonunun iki kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Mayın 17-də Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 57 abonenti olan Çaxçaxlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 321 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 4 min 137 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 148 abonenti olan Seyidlikəndyeri kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 885 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 8 min 775 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində, eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.