01 aprel 2021 21:39
1124

ATƏT-in Minsk qrupu: Sıfıra bərabər nəticə

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində öz funksiyasını yerinə yetirə bilmədi. Xüsusilə Minsk qrupunun həmsədr dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına maraq göstərmədilər. Sadəcə, Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələri hər dəfə cəbhəboyu ərazilərdə təxribatlar törədərkən, dinc əhalini qətlə yetirərkən, yaşayış məntəqələrini atəşə tutarkən faydasız səfərlərlə, mənasız söz yığınından ibarət bəyanatlar verməklə öz işlərini bitmiş hesab etdilər. Hətta bu müddətdə həmsədrlər Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkara “gözün üstə qaşın var” demədi. Bir sözlə, müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində bir addım da olsun irəliyə gedə bilmədi. Halbuki ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya münaqişədə kimin haqlı olduğunu çox yaxşı bilirdilər. Üstəlik, BMT-nin Təhlükəsizlik Şurasından başqa, AŞPA, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlar Ermənistanın təcavüzkar siyasətini pisləyən, işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə qətnamələr, qərarlar qəbul etmişdilər.

Göründüyü kimi, bu illər ərzində ikili standartlardan çıxış edən Minsk qrupu həmsədrlərinin bir hədəfi var idi: münaqişənin nizamlanmasında qeyri–konstruktivlik göstərmək, təmsil etdikləri dövlətlərin maraqlarını yerinə yetirmək, status–kvonu uzatmaq və müharibənin başlamasına imkan verməmək. Bütün bunlar azmış kimi onlar ərz edirdilər ki, guya bu münaqişənin hərbi həlli də yoxdur. Nəticədə, Azərbaycan öz xalqının həmrəyliyi, öz ordusunun əzmkarlığı sayəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz gücü hesabına ildən-ilə uzanan bu problemi hərbi-siyasi yolla təkbaşına həll etmək məcburiyyətində qaldı və 44 günlük Vətən müharibəsində erməni vəhşilərini zəbt etdikləri ərazilərimizdən təmizlədi, işğalçı Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdi,  ərazi bütövlüyünün bərpasına nail oldu, qüdrətli bir ölkə kimi regionda dünyanı heyrətləndirən yeni reallıqlar yaratdı.

Elə bu kimi səbəblərdən, diplomatiya tarixinin ən uzunmüddətli və uğursuz missiyalarından biri kimi tarixə düşən Minsk qrupu, daha doğrusu, beynəlxalq hüquq normalarına hörmətsizlik edən bu qurum Azərbaycanda, eləcə də digər ölkələrdə öz nüfuzunu tamamilə itirdi. Prezident İlham Əliyev bir sıra çıxış və müsahibələrində bu qurumun məsuliyyətsizliyindən dəfələrlə danışıb. Hətta dövlətimizin başçısı ötən il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikini onların təşübbüsləri ilə qəbul edərkən bu problemin həllində Minsk qrupunun heç bir rolu olmadığını da vurğulayıb.

Dövlətimizin başçısı martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə bir daha bu məsələdən söz açdı. Bildirdi ki, münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində fəaliyyət göstərsə də, nəticə sıfıra bərabər olub: “Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.” Amma bu, baş vermədi, əksinə, məsələnin dondurulması istiqamətində addımlar atıldı.

Bəli, Azərbaycan Ermənistanın ərazi iddialarından irəli gələn tarixi ədalətsizliyə son qoymaqla təkcə ATƏT-in Minsk qrupuna deyil, eyni zamanda, ikili standartlar nümayiş etdirən digər beynəlxalq təşkilatlara və ölkələrə də sözün həqiqi mənasında dərs verdi. Elə bir dərs ki, artıq onlar bu dərsi  özlərinin tarix kitablarına da salıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”