08 aprel 2021 09:45
485

Politoloq: Moskva Ermənistana silah təchizatı məsələsinə aydınlıq gətirməlidir

“Hərbi əməliyyatlar zamanı Azərbaycan və bütün dünya fərqli simpatiya və antipatiya təzahürlərinin, Azərbaycan və Ermənistanın ən yaxın qonşularının hadisələrə münasibətlərini bildirməyə çalışdıqları konkret hərəkətlərin, habelə bu və ya digər şəkildə mövqelərini ifadə edən kənar subyektlərin şahidi oldu”.

"İki sahil" xəbər verir ki, bunu “Report”a politoloq Tofiq Abbasov Rusiyadan Ermənistana qanunsuz hərbi texnika tədarükü cəhdinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq hər bir sözün və xüsusən də hərəkətin əks-sədalı səslər çıxardığı çox həssas an yetişib: “Məsələn, bunlar atəşkəs çağırışıdırsa, sağlam qüvvələr tərəfindən səsləndirilir. Fəqət ayrı-ayrı ölkələrin konkret hərəkətlərlə döyüş sahəsindəki hadisələrin gedişatına təsir etməyə çalışması tam başqa məsələdir. Bu baxımdan hərbi əməliyyatlar zamanı Rusiyanın hərbi-nəqliyyat təyyarələrinin Azərbaycan xalqının və dövlətinin suveren hüquqlarını pozaraq Ermənistan ordusunun Azərbaycan dövlətinə qarşı təcavüzkarlığını davam etdirməsinə kömək etmək üçün müxtəlif növ silahlar çatdırması ilə əlaqədar bir çox narahatlıqlar var idi”.

O vurğulayıb ki, bütün bu uçuşlar qanunsuz olub və Azərbaycanın müvafiq hərbi qurumları və mülki aviasiya xidmətləri tərəfindən qeydə alınıb: “Məlumdur ki, Rusiya vətəndaşı olan bir çox erməni əsilli şəxs hadisələrdən kənar qalmayıb və bütün qüvvələri ilə hərbi əməliyyatların gedişatına düzəlişlər etməyə çalışıb. Bu uçuşlar bəzən Azərbaycanın hava məkanını pozmaqla dairəvi trayektoriya ilə həyata keçirilib. Ancaq, təəssüf ki, bu günə qədər Rusiyanın rəsmi qurumları bütün bunların qanunsuz olduğu barədə anlaşıqlı bir açıqlama verməyib”.

Onun fikrincə, Rusiya MDB üzvü və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq, döyüş əməliyyatları zamanı bitərəf qalmalı idi, amma bunu etmədi: “Bu, görünür, orada Ermənistan dövlətinin maraqlarını lobbiçilik edən müxtəlif siyasi qüvvələrin olması ilə əlaqədardır. Bütün bunlardan sonra ATƏT-in Minsk qrupundakı Rusiya təmsilçisinə necə etibar etmək olar, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarına necə inanmaq olar?! Bəs Azərbaycan bu vəziyyətdə özünü necə aparmalıdır?! Axı tamamilə uzaqlaşmaq üçün böyük imkanlar var, amma Azərbaycan bunu etmir. Çünki birgə imkanlarımıza inanırıq”.

“Buna görə də Rusiyanın hərbi qurumlarının erməni diasporunun fəal iştirakı və müəyyən siyasi və hərbi qüvvələrin dəstəyi ilə etdikləri hər şey çox pis iz qoyub. Gələcəkdə belə lazımsız, təhlükəli və dolğun müdaxilənin olmaması üçün əlbəttə ki, məsələyə aydınlıq gətirmək lazımdır. Çünki döyüş şəraitində erməni tərəfinə yardım edən qüvvə dinc vaxtda da bunu etməyə davam edir. Biz bununla razılaşmayacağıq və bunu qəbul etməyəcəyik. Azərbaycan despotik münasibət göstərilə biləcək ölkə deyil. Rəsmi Moskva və Rusiyanın rəsmi qurumları məsələyə aydınlıq gətirməli və Azərbaycandan üzr istəməlidirlər”, - T.Abbasov fikrini yekunlaşdırıb.