Bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, platforma idxal, ixrac, tranzit, nəqliyyat və logistika proseslərini ayrı-ayrı xidmətlər kimi deyil, vahid rəqəmsal mühitdə birləşdirilmiş formada təqdim edir
Azərbaycanın əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında artan rolu və xüsusilə Orta Dəhliz üzrə tranzit imkanlarının genişlənməsi xarici ticarət və logistika proseslərinin rəqəmsal transformasiyasını strateji prioritetlərdən birinə çevirir. Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemidir.
Prezident İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan platforma idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumat və sənəd dövriyyəsinin inteqrasiyasına, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsinə, inzibati yükün azaldılmasına və proseslərin daha şəffaf və izlənilə bilən şəkildə həyata keçirilməsinə imkan yaradır. Bununla da “Bir Pəncərə” yalnız ayrı-ayrı xidmətlərin elektronlaşdırılmasını deyil, dövlət qurumları, sahibkarlar, daşıyıcılar, ekspeditorlar və digər iştirakçılar arasında qarşılıqlı əlaqələrin vahid rəqəmsal mühitdə qurulmasını hədəfləyən uzunmüddətli milli infrastruktur təşəbbüsü kimi diqqət çəkir.
Platformanın rəsmi təqdimatı çərçivəsində layihənin funksional imkanları, biznes subyektləri üçün yaratdığı üstünlüklər, logistika və xarici ticarət proseslərinin optimallaşdırılmasına verəcəyi töhfələr, eləcə də gələcək inkişaf perspektivləri təqdim olunub. Sistemin yeni dövlət xidmətləri və inteqrasiyalarla genişləndirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması, perspektivdə isə süni intellekt və böyük verilənlər kimi müasir texnologiyalardan istifadə imkanlarının araşdırılması “Bir Pəncərə”nin gələcəkdə daha geniş funksional imkanlara malik rəqəmsal platformaya çevrilə biləcəyini göstərir.

“Bir Pəncərə” İnformasiya Sisteminin layihə rəhbəri Ehtiram Quliyev “İki sahil”ə müsahibəsində layihənin yaradılmasını zəruri edən əsas amillər, sistemin strateji məqsədləri və fəaliyyət mexanizmi, sahibkarlar və digər xarici iqtisadi fəaliyyət iştirakçıları üçün yaratdığı imkanlar, logistika və xarici ticarət proseslərinə gətirdiyi yeniliklər, məlumatların təhlükəsizliyinin təmin olunması, beynəlxalq inteqrasiya perspektivləri, eləcə də gələcəkdə süni intellekt texnologiyalarının platformanın inkişafında oynaya biləcəyi rol barədə ətraflı söhbət açılır.
-“Bir Pəncərə" İnformasiya Sistemi Azərbaycanın logistika sahəsində rəqəmsal transformasiyanın yeni mərhələsi kimi təqdim olunur. Platformanı indiyədək mövcud olan elektron xidmətlərdən fərqləndirən əsas üstünlüklər nələrdir?
-“Bir Pəncərə” İnformasiya Sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, platforma idxal, ixrac, tranzit, nəqliyyat və logistika proseslərini ayrı-ayrı xidmətlər kimi deyil, vahid rəqəmsal mühitdə birləşdirilmiş formada təqdim edir.
Mövcud elektron xidmətlər adətən konkret bir qurumun və ya xidmətin rəqəmsallaşdırılmasına yönəlir. “Bir Pəncərə” yanaşması isə müxtəlif qurumlar üzrə məlumat və xidmətləri vahid çətir altında toplayır. Sahibkar platforma vasitəsilə prosesin ardıcıllığını müəyyən edə, mərhələlər, aidiyyəti qurum və sənədlər haqqında məlumat əldə edə bilir.
-Platformanın əsas məqsədlərindən biri dövlət qurumları ilə biznes arasında vahid rəqəmsal ekosistem yaratmaqdır. Bu yanaşma sahibkarların gündəlik fəaliyyətində hansı problemləri həll edəcək?
-Bu gün biznes subyektləri idxal, ixrac və logistika proseslərində müxtəlif qurumlara ayrı-ayrılıqda müraciət etməli olurlar. Bir çox hallarda müraciət formaları təkrarlanır, bəzi proseslər rəqəmsal deyil, fiziki olaraq yaxınlaşmalı və nəticəni fərqli kanallardan izləməli olurlar. Bu təkrarçılıqdır əlavə vaxt və resurs tələb edir. Bu yanaşma isə istifadəçi yönümlü xidməti əsas hədəf götürür, vahid mühidə prosesləri toplamaqla xidmət keyfiyyətinin artmasına buna sərf olunan vaxtın isə azalmasına kömək edir.
-Platforma idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatlarını vahid sistemdə birləşdirir. Bu yanaşmanın logistika proseslərinin sürəti, şəffaflığı və sənəd dövriyyəsinin optimallaşdırılması baxımından əsas nəticələri nə olacaq?
-Qeyd olunan proseslər bir sistemdə toplandıqda istifadəçi sənədləri ayrı-ayrı kanallarla idarə etməli olmur. Müraciətlərin yaradılması, sənədlərin təqdim edilməsi və statusların izlənilməsi vahid platforma üzərindən həyata keçirilir.
Bu da biznes subyektlərinə dövlət qurumları ilə daha izlənilə bilən əlaqə qurmağa imkan verir. Dövlət qurumları proseslər üzrə statistik məlumatları izləyə bilir, məlumat ardıcıllığı təmin olunur və istifadəçilər müraciətlərini zaman və məkan məhdudiyyəti olmadan icra edə bilirlər.
-Dünyada logistika platformaları getdikcə daha çox süni intellekt əsaslı həllərlə inkişaf etdirilir. "Bir Pəncərə" İnformasiya Sisteminin gələcək inkişafında süni intellektin hansı rolu nəzərdə tutulur?
-Təbii ki, “Bir Pəncərə” İnformasiya Sisteminin gələcək inkişafında süni intellekt əsaslı həllərin tətbiqi nəzərdə tutulur. Bu gün rəqəmsal platformalarda süni intellektin təsiri artıq qaçılmazdır və burada əsas məqsəd daha istifadəçi yönümlü sistem qurmaqdır.
Hazırda platformada süni intellekt əsaslı axtarış imkanı mövcuddur. Bu o deməkdir ki, istifadəçi məhsul adı və ya XİF MN kodu üzrə axtarış etdikdə sistem yalnız daxil edilən açar sözü deyil, həmin məhsulla əlaqəli olan nəticələri də tapa bilir.
Gələcəkdə OCR, yəni optik mətn tanıma texnologiyasının tətbiqi də nəzərdə tutulur. Bu texnologiya sənədlərdəki məlumatların süni intellekt vasitəsilə oxunaraq lazımi xanalara əlavə edilməsinə imkan verəcək.

-Platformanın dörd alt sistemi müxtəlif istifadəçi qruplarına xidmət göstərir. Sahibkarlar və logistika şirkətləri ilk növbədə hansı üstünlükləri hiss edəcəklər?
-İlkin növbədə sahibkarlar məlumatların daha rahat əldə olunmasını hiss edəcəklər. Çünki bu gün bir çox məlumatlar müxtəlif mənbələrdə pərakəndə formadadır. Platforma vasitəsilə istifadəçi bu məlumatları vahid pəncərədən axtara bilir. Məsələn, bitki və bitkiçilik məhsulları üzrə hansı sənədlər tələb olunur, hansı rüsumlar var, sənəd nümunəsi necədir bütün bunlarla əvvəlcədən tanış ola bilir.
Digər əsas üstünlük odur ki, prosesləri zaman və məkan fərqi olmadan icra etmək mümkün olur. Fumiqasiya aktı üzrə real nəticələr və istifadəçilərdən aldığımız geri dönüşlər göstərir ki, əvvəllər 2–3 saat vaxt aparan proses artıq təxminən 10 dəqiqə ərzində icra oluna bilir.
Ümumilikdə, sistemin dörd modulu biznes subyektlərinə prosesləri mərhələli şəkildə icra etməyə, dövlət qurumlarına isə həmin prosesləri daha rahat izləməyə imkan verir.
-”Bir Pəncərə" İnformasiya Sistemi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin güclənməsinə necə töhfə verəcək?
-Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, ölkəmiz regionda mühüm logistika və tranzit qovşağı kimi çıxış etsin. Amma bu mövqenin daha da güclənməsi üçün təkcə fiziki infrastruktur kifayət etmir, proseslərin də rəqəmsal və çevik idarə olunması vacibdir. “Bir pəncərə” yanaşması prosesləri vahid rəqəmsal mühitdə toplamaqla məlumat mübadiləsini daha sistemli edir və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin güclənməsinə töhfə verməyi hədəfləyir.
-Belə böyük rəqəmsal platformada məlumat təhlükəsizliyi və dövlət informasiya sistemləri arasında etibarlı məlumat mübadiləsi necə təmin olunur?
-Təhlükəsizliyin təmin olunması əsas prioritetlərimizdən biridir. Çünki sistem həm biznes subyektlərinin məlumatları, həm də dövlət qurumları ilə aparılan məlumat mübadiləsi üzərində qurulur.
Bu prosesdə məlumatların ötürülməsi yalnız aidiyyəti qurumlar və inteqrasiya olunmuş dövlət informasiya sistemləri arasında həyata keçirilir. Yəni, hər məlumat hər kəs üçün açıq olmur, giriş hüquqları istifadəçinin rolu və səlahiyyətinə uyğun müəyyən edilir. Eyni zamanda məlumatların qorunması, saxlanılması və emalı qanunvericiliyin tələblərinə uyğun aparılır.
-Bir Pəncərə" İnformasiya Sistemi uzunmüddətli inkişaf üçün nəzərdə tutulub. Qarşıdakı mərhələlərdə istifadəçiləri hansı yeni funksionallıqlar və inkişaf istiqamətləri gözləyir?
-“Bir Pəncərə” İnformasiya Sistemi uzunmüddətli və mərhələli inkişaf üçün nəzərdə tutulub. Qarşıdakı mərhələlərdə platformanın əhatə dairəsinin genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması əsas istiqamətlərdəndir.
Eyni zamanda, süni intellekt əsaslı axtarış, OCR texnologiyası ilə sənədlərin daha rahat emalı, UTN mexanizminin genişləndirilməsi, sistemlərarası inteqrasiyalar və analitika imkanlarının artırılması planlaşdırılır.
Yaqut Ağaşahqızı, “İki sahil”