KÖŞƏ

Vəli İlyasov

Sərsəm ermənilərə Qarabağ dərsi...

21 aprel 2021 22:53
1229

Qarabağdakı ağır məğlubiyyətdən sonra ruhdan düşmüş işğalçı Ermənistanın xəyalpərəst toplumu başa düşüb ki, özgənin torpağını işğal etmək və orada daimi yaşamaq olmaz. İkinci Qarabağ müharibəsi bu fikri təsdiq etdi. Otuz il işğal altında saxladıqları torpaqların azad edilməsi “yeni müharibə, yeni ərazilər” sərsəmləməsini irəli sürənlərə tərs şillə və açıq dərs oldu. Övladları müharibədə ölən və yaralanan valideynlər anlayıblar ki, onların oğulları bir qrup iddiaçının xam xəyallarının qurbanı olublar. Revanşist ermənilərin yeni müharibə və qisas çağırışları İrəvanda əsgər valideynlərini ciddi narahat etdiyindən onlar öz narazılıqlarını bildirir və hökumət qarşısında tələb qoyurlar. Keçən ilin 8 noyabrından ötən hər gün onlar dövlət başçılarının qəbuluna düşməyə, öz tələblərini şəxsən onlara çatdırmağa çalışırlar. Nəhayət, onlar istəklərinə nail olublar.

Etirazçılar bu günlərdə Ermənistan parlamentinin inzibati binası qarşısında aksiya keçiriblər. Erməni mediasına istinadla verilən məlumatlara görə, əsgər anaları hökumətdən tələb edirlər ki, övladlarını Qarabağdan çıxarıb Ermənistandakı hərbi hissələrdə yerləşdirsinlər. Son xəbərlərə görə, çox get-gəldən və süründürməçilikdən sonra beş əsgər valideyni baş nazir Nikol Paşinyanla görüşərək öz tələblərini ölkənin birinci şəxsinə çatdırıb. Bildiriblər ki, Qarabağ Azərbaycan torpağıdır və bizim oğullarımız nə üçün orada həlak olmalıdır?

Qeyd edək ki, əsgər valideynləri bundan əvvəl baş nazirin köməkçisi Naira Sarkisyanla görüş keçirsələr də, amma nəticələrdən razı qalmayıblar.

Rusiya-Azərbaycan-Ermənistan birgə Bəyanatına görə, Ermənistan qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Qeyd edək ki, onların böyük bir hissəsi ərazilərimizdən çıxarılıb. Lakin hələlik bəzi məqamlardan sui-istifadə etməyə çalışan məğlub Ermənistanın başçıları mümkün qədər dirəniş göstərməyə can atır, xaricdəki ianə verənlərə guya gorbagor olmuş qondarma rejimin yaşadığını və hələ mövcud olduğunu sübut etməyə çalışırlar. Ona görə də Xankəndidə, Xocavəndin bir hissəsində və Ağdərədə müəyyən sayda hərbi qüvvə saxlayıblar. Ancaq bunun sonu yoxdur və bütün məsələlər Azərbaycanın tələb etdiyi kimi həll olunacaq. Ərazimizdə bir nəfər də terrorçu qalmayacaq. Əgər qalarsa, onda Azərbaycan antiterror əməliyyatı keçirəcək və axırıncı tör-töküntüləri də süpürüb atacaqdır. Dadını yaxşı bildikləri dəmir yumruq hər an erməni terrorçularının başına endirilə bilər.