KÖŞƏ

Vəli İlyasov

Bayden prezidentdir, yoxsa “tarix müəllimi”?

26 aprel 2021 23:58
1451

Və ya Ağ ev rəhbərinin ermənisayaq böhtanı

Otuz il Azərbaycanın qədim torpaqlarını işğal altında saxlayan Ermənistana kömək edənlərdən biri olmuş Co Bayden özünü erməni cinayətkarları ilə bir sırada qoydu. Bəyəm Co Bayden Xocalı, Cəmilli, Ağdaban, Qaradağlı, Kərkicahan, Bağanis-Ayrım faciələrini görmədimi? Görüb sükutla qarşılamağın adı nədir? 101 il əvvəl Naxçıvanı Azərbaycandan ayırıb təzəcə quraşdırılan Ermənistana birləşdirmək istəyənlər Baydenin sələfləri deyildimi?

Eqoist ABŞ rəhbərlərinin başqalarına ağıl öyrətməyə, təzyiq göstərməyə, kiçik xalqları qırıb-çatmağa, demokratiya dərsi keçməyə çalışmasını çox görmüşük. İndi həm də tarix öyrətməyə girişiblər. Ermənilərin 1918-1920-ci illərdə 300 min azərbaycanlını vəhşicəsinə qıraraq soyqırım törətməsi əsl soyqırımı deyilmi? Görəsən Bayden bunu niyə yada salmır? Türkiyədə satqın ermənilərin köçürülməsini soyqırım adlandırmaqdan utanmır.  Ancaq yaxşı  olar ki,  Türkiyəni ittiham edənlər öz rüsvayçı genosid tarixlərinə və özlərinə baxsınlar. Amerika qitəsində yerli hinduların, yaponların, vyetnamlıların, iraqlıların və digər ərəb ölkələrinin xalqlarını soyqırımına məruz qoyan ABŞ başçıları bu mövzuda danışmaqdan çəkinməli idilər. Əvvəlki başçılar kimi. Onlar idi bu ölkələrdə milyonlarla günahsız insanı soyqırımına məruz qoyanlar.

Burada bir haşiyə çıxmaq yerinə düşər. ABŞ-da yaşayan Nobel mükafatçısı, görkəmli biokimyaçı alim Əziz Sancar Los-Anceles şəhərində alış-veriş edərkən satıcı qadın ondan soruşur ki, haralıdır? Alim cavab verir ki, “Türkiyəliyəm, türkəm.” Qadın təəssüflə deyir ki, tamaşa etdiyi bir filmdən türkləri faşist kimi tanıyıb. Alim sərrast cavab verir: “Xanım, mən də Naqasaki və Xirosima faciələrinə tamaşa etmişəm, amma film deyildi.”

Uydurma erməni soyqırımından danışarkən Türkiyə dəfələrlə tələb edib ki, arxivlər açılsın, kimin günahkar olduğu üzə çıxsın. Lakin Ermənistan və havadarları hər dəfə bundan qaçdılar. Co Bayden “Daşnaksütyun”un Boston şəhərindəki arxivinə getsəydi, orada görərdi ki, bu hay-küyün içərisində əsl həqiqət odur ki, ermənilər türk soyqırımını törədiblər. Ona görə də getmədi, yəni ermənisayaq addım atdı.  Çünki hamı bilir ki, “erməni genosid”i uydurularaq dünyaya sırınıb.

Baydenin qərarı siyasi qərardır və hüquqi qüvvəsi yoxdur. Əslində bu, erməni maraqlarını deyil,  ABŞ-ın öz hegemon geosiyasi maraqları, onun dünya jandarmı rolunda qalmaq iddiasıdır. Yəni indiyədək ABŞ liderləri hansı səbəbdən bu ifadəni işlətməkdən çəkinmişdilərsə, Bayden də elə eyni səbəbdən onu işlətdi – bununla da guya Türkiyəni öz orbitində saxlamaq istədi. Amma qardaş Türkiyə çoxdan öz orbitindədir və heç bir dövlətin təsirini qətiyyən qəbul etmir. Dünyada hərbi gücünə görə ikinci olan Türkiyə hazırda regional, hətta qlobal gücdür. Onunla bu cür zarafatlar yaramaz. Ona kobud şəkildə dirsək göstərən kim olursa-olsun, sərt əks -təsiri görəcək.
Türkləri yaxşı tanımayan bəzi siyasətçilər düşünürlər ki, Baydenin bədnam kəlməni işlətməklə Türkiyədə Ərdoğana qarşı olan qərbyönlü, ABŞ-yönlü müxalifətin mövqeyini gücləndirəcək və ölkədə AKP iqtidarına qarşı narazılıq artacaq, müxalifət iqtidara qarşı ayağa qalxacaq. Ancaq Bayden və onun kimi bəsit siyasət aparanlar ümummilli məsələdə türklərin monolit birliyini görəndən sonra nə qədər kobud səhvə yol verdiklərini anlayacaqlar.

 Belələri hələ anlamırlar ki, saxta soyqırımı məsələsi qardaş ölkədə iqtidar-müxalifət çəkişməsinin mövzusu deyil, milli məsələdir. Bütövlükdə türk xalqı üçün az qala, namus, qürur məsələsidir. Əksini düşünənlər yanılırlar. Yeri gəlmişkən,  Türkiyənin ana müxalifətinin lideri, CHP başqanı Kamal Kılıcdaroğlu Baydeni “soyqırım” sözü işlətməkdən çəkinməyə çağırmışdı.

Türkiyənin ağrı-acısı əlbəttə ki, bizim ağrımızdır. Necə ki, qardaş ölkə daim Azərbaycanın sevincinin öz sevinci, kədərini öz kədəri sayıb və sayır. Əbədi belə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Baydenin məlum siyasi təxribatından dərhal sonra türkiyəli həmkarı Ərdoğanla telefon söhbəti və iki prezidentin bundan sonra atıla biləcək ortaq addımları müzakirə eləməsi bunun aşkar sübutudur. Bu telefon danışığı eyni zamanda, Qərbdəki, ABŞ-dakı erməni havadarlarına aydın və birmənalı mesajdır.