KÖŞƏ

Qvami Məhəbbətoğlu

ABŞ Dövlət Departamentinin əsassız iddiası

20 may 2021 23:58
7352

Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Doğrudan, Azərbaycanda koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski mövcuddur?

Bəri başdan qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Bu adi həqiqəti dünyanın əksər ölkələri də etiraf edirlər. Hətta bu gün dünyanın müxtəlif ölkələrində qanlı toqquşmaların, kütləvi etiraz aksiyalarının, terrorun cərəyan etdiyi bir zamanda Azərbaycan sabitlik adası kimi tanınır.  Ölkəmizdə nəinki siyasi, eyni zamanda, iqtisadi və sosial sahələrdə də sabitlik təmin edilir.

Bəli, Azərbaycan uzun illərdir ki, sabitlik yolu ilə gedir, sürətlə inkişaf edir və dünya miqyasında müəyyən uğurlara imza atır. Halbuki münaqişələrin, böhranların səngimədiyi müasir dünyamızda öz yolu ilə inamla addımlamaq, inkişaf etmək və uğur qazanmaq hər ölkəyə nəsib olmur. Sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz.  Artıq bu faktdır ki, son illər  əsrə bərabər inkişaf yolu keçmiş Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

Bu gün Azərbaycan bölgədə terror təhlükəsi riski ilə mübarizədə də ön sıralarda yer alır. Bu baxımdan hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riskindən əsla söhbət gedə bilməz.

COVID-19 infeksiyası riskinə gəldikdə isə Azərbaycanda koronavirus infeksiyasına qarşı hərtərəfli mübarizə pandemiyanın ilk günlərindən başlanıldı. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə virusun üzə çıxdığı ilk zamandan etibarən ardıcıl çevik və zəruri addımlar atıldı. Dərhal və mərhələli şəkildə həyata keçirilən tədbirlər sayəsində Vətənimiz böyük fəlakətdən qorundu, virusa yoluxma nəzarətolunan həddə saxlanıldı. Odur ki, hazırda ölkəmizdə inkişaf etmiş dövlətlərlə müqayisədə belə bu xəstəliyə tutulanların, eləcə də dünyasını dəyişənlərin sayı  olduqca azdır.

Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkə kimi adını tarixə yazdırıb. Üstəlik, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə görüşü, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib. Bu mənada Azərbaycan nəinki ölkə daxilində, həmçinin dünya səviyyəsində yeni növ koronavirus infeksiyasına qarşı effektiv mübarizə aparan dövlətlər sırasındadır.

Görünür, ölkəmizdə bərqərar olunmuş ictimai-siyasi sabitlik, eləcə də 44 günlük Vətən müharibəsindən sonra bölgədəki fəallığı bir sıra xarici dairələrin, bəzi beynəlxalq qurumların, eləcə də onların əlaltılarının, xüsusilə ermənipərəst qüvvələrin maraqlarını təmin etmir. Odur ki, onlar bu və digər yollarla ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Elə Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilməsi buna xidmət edir. Bu mənada Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar verilən bu kimi məlumat həqiqəti əks etdirmir və tamamilə əsassızdır.