Əsasən icbari növlərin hesabına “nəfəs alan” yerli siğorta bazarı pandemiya dövründə də bu ənənəni davam etdirməkdədir. Pandemiyanın davam etdiyi cari ilin yanvar-aprel aylarında sığorta bazarı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faizə yaxın böyüsə də artımın hərəkətverici qüvvəsi icbari növlər olub.
Bu ilin ilk 4 ayında icbari sığorta növlərində 15 faizə yaxın artım qeydə alınıb. Bu sığorta siniflərinin əksəriyyətində (sərnişinlərin icbari fərdi qəza sığortası istisna olmaqla) yığımlar artıb. Könüllü sığorta növlərində 6 faizlik artım olsa da, bu, həyat sığortası hesabına olub. Qeyri-həyat sığortasında isə azalma müşahidə edilib. Həyat sığortası üzrə yığımın 90 faizini həyatın yaşam sığortası təşkil edib. Yanvar-aprel aylarında həyatın yaşam sığortasında ötən ilin eyni ayları ilə müqayisədə 20 faiz artım olub. Qeyd edək ki, bu sığorta növü əmək haqqının 50 faizə qədərini gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azad edir. Bu mənada həyatın yaşam sığortasına pandemiya dövründə maraq daha da artmaqla bu sığorta növünün könüllü sığorta yığımlarının az qala yarısına- 44 faizinə çatmasına imkan verib. Halbuki ötən ilin yanvar-aprel aylarında bu göstərici 39 faizdən az olmuşdu.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərə gəlincə, bu məbləğ 179,789 milyon manat təşkil edib ki,bu da ötən illə müqayisədə 70,3 faiz çoxdur.Başqa ifadə ilə şirkətlərin topladıqları vəsaitin 53 faizi ödəniş kimi geri qaytarılıb. Ödənişlərin 72 faizi həyat sığortasına, o cümlədən 55 faizi həyatım yaşam sığortasına aid olub. İcbari sığorta növlərində 50 milyon 416,7 min manat ödəniş edilib ki, bunun da bunun da 42,5 faizini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə təşkil etməklə şirkətlər üçün “sərfəli olmayan” sığorta növü olmaqda davam edib. Bu istiqamətdə 21 milyon 448,6 min manat ödəniş edilib ki, bu da həmin sığorta sinfi üzrə yığımın 74,7 faizinin geri ödənildiyi deməkdir. Lakin ötən illə müqayisədə bu sahədə azalma var. 2020-ci ilin yanvar-aprel aylarında şirkətlər avtomobil sahəsində yığdıqları vəsaitin 80 faizini geri ödəməli olmuşdular.
Bununla belə, daşınmaz əmlakın icbari sığortasında vəziyyət sığorta şirkətlərinin “ürəyincədir”. Belə ki, 4 ayda 27 milyon 966,4 min manat toplanıb ki, bunun da yalnız 2,22 faizi sığorta hadisəsi zamanı geri qaytarılıb. Müqayisə üçün deyək ki, ötən ilin ilk 4 ayında daşınmaz əmlakın icbari sığortasında yığımın 9,6 faizi ödəniş kimi geri qaytarılmışdı.
Ümumiyyətlə, son illərdə daşınmaz əmlakın sığortasında yığımlarla əhəmiyyətli canlanma müşahidə edilsə də, ödənişlərdə bu, öz əksini tapmır. Bu, ölkədə sığortalanmağa marağın artmasına imkan verməyən amillərin yalnız biridir. Yeri gəlmişkən, bir müddət əvvəl 2 min 150 respondent arasında keçirilmiş sorğu əsasında məlum olub ki, əhalinin 58 faizi, biznes subyektlərinin isə 43 faizi hadisə zamanı sığortanın köməklik edəcəyinə inanmadıqlarını bildiriblər. Başqa sözlə, işi sığortalamaqdan ibarət olan iqtisadiyyatın bu “ərköyün” sektorunun özü pandemiya dövründə də “icbari çətirinə” arxalanmaqdadır.
Ceyhun Piriyev, “İki sahil”