Mediatur iştirakçıları əvvəlcə AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” istirahət mərkəzinə gəliblər. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası mövcuddur. Geniş yaşıllıq sahəsi və müasir infrastruktur ilə seçilən mərkəz ailəvi istirahət üçün olduqca əlverişlidir. Jurnalistlər istirahət edən ittifaq üzvləri ilə görüşərək təəssüratlarını dinləyiblər.
Sonra media nümayəndələri AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Xaçmaz rayonunda yerləşən “Lokomotiv” istirahət mərkəzində olub. Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarətdir və 216 yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, hovuzlar və uşaq əyləncə guşələri var. Media nümayəndələri ərazini gəzib, istirahət şəraiti ilə tanış olublar.
Daha sonra mediatur iştirakçıları AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzində də olublar. Bildirilib ki, 2013-cü ildən fəaliyyət göstərən “Təhsil” istirahət mərkəzi həmkarlar ittifaqı üzvlərinə unikal təbiət mənzərələri ilə zəngin bir ərazidə müasir istirahət şəraiti təqdim edir.
Son illərdə mərkəzdə 2 yeni korpus və ikimərtəbəli kotteclər istifadəyə verilib. Təhsil işçilərinin rahatlığını təmin etmək üçün bütün otaqlar kondisioner, televizor, soyuducu və yüksək sürətli internetlə təchiz olunub. İstirahətin daha yaddaqalan və faydalı olması üçün mərkəzin ərazisində idman zalı, fitnes mərkəzi, sauna, futbol və voleybol meydançaları, 2 tennis kortu fəaliyyət göstərir. Park ərazisində uşaqlar üçün trenajorlar və müxtəlif atraksionlardan ibarət oyun meydançası quraşdırılıb. Ərazi ağaclar və güllərlə yaşıllaşdırılıb. Təhsil işçilərinin istifadəsində 2 açıq və 1 qapalı hovuz da var. Hovuzların suyu mütəmadi olaraq təmizlənir və dezinfeksiya olunur.
Mərkəzin mətbəxi və yeməkxanası yenidən təmir olunaraq genişləndirilib və müasir avadanlıqlarla təchiz olunub. Böyük tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş 120 nəfərlik konfrans zalı da bütün texniki imkanlarla təmin edilib. Jurnalistlər burada şəraitlə tanış olub, istirahət edən təhsil işçiləri ilə söhbətləşiblər.
Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi olub.
Burada 3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları mövcuddur. Media nümayəndələri burada da səhiyyə işçiləri və onların ailə üzvlərinin səmərəli istirahəti üçün yaradılmış şəraitlə tanış olublar.
Həmçinin tur iştirakçıları Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzində də olublar. 2024-cü ildən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin mülkiyyətində olan “Nazlı bulaq” istirahət mərkəzi Quba-Xınalıq yolunun üzərində yerləşir. Burada 50-dən artıq kottec, açıq və qapalı restoranlar, uşaq əyləncə mərkəzi fəaliyyət göstərir. Eyni anda 200-dən artıq turistin istirahəti üçün ideal şərait yaradılıb. İstirahət mərkəzi yüksək səviyyəli xidmətləri, təbii şəraiti və zəngin infrastruktur imkanları ilə qonaqların rahatlığını və məmnunluğunu daim ön planda tutur. 2025-ci ilin yanvar-iyun ayları ərzində Nazlı Bulaq istirahət mərkəzi tərəfindən ümumilikdə 6,643 nəfər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı üzvünün istirahəti təşkil olunub. Bu göstərici, əvvəlki illərlə müqayisədə artım tendensiyası göstərərək, istirahət mərkəzimizə olan etimadın və marağın durmadan yüksəldiyini bir daha sübut edir. Nazlı Bulaq istirahət mərkəzi olaraq əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin və digər qonaqların sağlam, rahat və yaddaqalan istirahətini təmin etməkdir. Peşəkar personal, müasir infrastruktur və unikal təbii mühit sayəsində bu məqsədə nail olmaq üçün fəaliyyətini davam etdirir.
Mediatur çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə jurnalistlər üçün təşkil olunan bayram tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruhiyyə İsrafilova media nümayəndələrini rəhbərlik adından təbrik edib, mediatur boyu KİV nümayəndələrinin göstərdiyi diqqətə, açıq dialoqa və verdikləri dəyərə görə minnətdarlığını bildirib.
Orxan Vahidoğlu, “İki sahil”
Bakı-Xaçmaz-Qusar-Quba