19 iyun 2021 00:59
534628

Sürətlə dəyişən yeni texnologiyalar barədə yerli mütəxəssislərimiz nə düşünürlər?

Yeni texnologiyaların inkişafı ilə həyatımızda çox şey dəyişdi. İndi dönüb ətrafımıza nəzər salsaq 15-20 il ancaq fantastik arzu kimi qiymətləndirdiyimiz texnoloji nailiyətlər baş verib. İndi gündəlik işlərə artıq daha az zaman sərf edir və yeni texnologiyalar sayəsində bir çox fürsətləri dəyərləndirə bilirik. Texnoloji inkişaflar həyatımızı daha rahat, əziyyətsiz etdi.

Mövzu ilə bağlı yaranan suallarımızla sahəsinin peşəkar mütəxəssisinə müraciət etdik. “Time4soft" MMC-nin təsisçisi və baş direktoru Ruslan Əliyev müasir texnologiyaların aktuallığı barədə danışarkən bildirdi ki, texnologiya hər zaman, hər dövrdə öz aktuallığını qoruyub saxlamaqda və daha da çox inkişaf etməkdədir: “Bu gün texnologiyasız addım atmaq, qazanmaq, ailəni dolandırmaq, ölkəmizə fayda vermək mümkün deyil. Hər bir sahədə texnologiya imkanları istifadə edildiyi kimi, biz də “Time4soft” şirkətində hər gün texnologiyanın yeni imkanlarını araşdırır, tətbiq etməyə çalışırıq. Rəqiblərimizdən hər zaman bir addım öndəyik! Sözün əsl mənasında bir addım irəlidəyik. Qısa bir hekayə danışım: Dünən bir N adlı sifarişçi illərlə hazırladığı proqrama külli miqdarda vəsait xərclədiyini və proqramı yazan proqramçının bu gün işini doğrultmadığını qeyd etdi. Fürsətdən istifadə edərək, müasir texnologiya imkanları ilə hazırladığımız yeni proqram məhsulunu ona interaktiv təqdim etdik. Cəmi  2 saniyə ərzində “Vauuu” dedi”.  

Bəs, yeni texnologiyaların  həyatımıza nə kimi təsirləri var” sualını cavablandırarkən söylədi ki, yeni texnologiyalar həyatımıza həm müsbət, həm də mənfi təsir göstərir: “Mənfi təsir ona görə göstərir ki, test etmədən, fəsadları araşdırmadan texnologiya imkanlarını tez tətbiq etmək və qazanc əldə etmək arzusunda oluruq. Yeni texnologiyaların müsbət təsiri deyəndə isə sürətli iş, analitik məlumatları əldə etmək, rahatlıq, tam təhlükəsizliklə yanaşı, gələcəkdə baş verə biləcək mənfi hadisələrin qarşısını almaqla bərabər düzgün qərarlar vermək  (baş verə biləcək RISK-ləri azaltmaq) xüsusiyyətlərini sadalaya bilərəm”. 

Müsahibimiz R.Əliyev dedi ki, texnologiya elə bir sahədir ki, hər gün hər an inkişaf edir: “Bu sanki yuxuya getmiş fildir. Fil nə zaman oyanacaq və oyandıqda hansı istiqamətdə gedəcək, xortumu ilə nələri toplayıb qarnını doyuracağını heç kəs bilmir. Hər şey ani baş verir. Bir düymənin tıklaması ilə baş verir - “BAŞLA”. Texnologiya yenilikləri əsasən böyük dataların təhlilində, robotexnikada, dronların idarə edilməsində, “ağıllı evlərin”, “ağıllı kənd”  və “ ağıllı şəhərlərin”, “ağıllı ölkə” kimi yeniliklərdə gözlənilir və olacaq”.

Yeni texnologiyaların işğaldan azad olunmuş ərazilərimizdə tətbiqi;  “ağıllı kənd”, “ağıllı şəhər” layihələrindən danışan müsahibimiz bir daha xatırlatdı ki, müasir texnologiyanın imkanları bizə “ağıllı kənd”, “ağıllı şəhər”, hətta “ağıllı ölkə” belə qurmağa imkan verir: “Lakin bütün bunlardan öncə ölkəmizdə gənc nəslin intellektual yetişməsi və qazanılan biliklərin gələcək nəslə ötürülməsi vacibdir. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı məktəblər”in də qurulması lazımdır.

Günel Eyyubova, “İki sahil”