19 iyun 2021 02:58
1577

Azərbaycanın yaratdığı yeni reallıqlar: Regionun hazırkı mənzərəsi

Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, onun ardınca Şuşadan dünyaya səsləndirilən mesajlar belə bir çağırışı özündə ehtiva edir ki, işğalçı dövlət ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməlidir

 

Qarabağın ürəyi, mədəniyyət paytaxtımız Şuşadan iki dost, qardaş ölkənin Prezidentlərinin səsləndirdikləri mesajlar, imza atdıqları Şuşa Bəyannaməsi 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının icrasına, regional əməkdaşlığa töhfələr verməyə, yeni reallıqlarla barışmağa çağırışları özündə ehtiva edir. Bu baxımdan ki, həmin müddəalar yalnız Azərbaycan və Türkiyə deyil, region üçün əlaqələrin inkişafına xidmət edir. Sənəddə vurğulanır ki, hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.

Daim çıxışlarında Azərbaycanın yeni reallıqlar yaratdığını bildirən Prezident İlham Əliyev vurğulayır ki, bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistanın qarşısında indi bir neçə seçim var və onların arasında ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər.

Dövlətimizin başçısı mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də “İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımdan bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda yeni reallıq yaranıb» söyləyərək bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir: «Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır»

Eyni mesajlar 15 iyun-Milli Qurtuluş Günündə Şuşadan da səsləndirildi. Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb: «Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.»

Türkiyə Prezidenti mətbuata bəyanatında onu da əlavə etmişdir ki, coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik: «Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq.»

Bu arzu da ifadə edilir ki, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəs nifrət və təhrik siyasətindən əl çəkməli, sülh və əməkdaşlığa öz töhfəsini verməlidir.

Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyümüzün, ədalətin bərpası ilə uğurla başa çatdı. Beynəlxalq münasibətlərdə qələbənin həm sənəddə, həm də onun tanıdılması və qəbulunda özünü ifadə etiməsi vacib şərtlərdən biridir ki, bu gün Azərbaycan hər iki istiqamətdə uğura imza atıb. İmzalanan 10 noyabr Bəyanatının ən böyük əhəmiyyətindən biri ondan ibarətdir ki, Azərbaycan yeni reallıqlar yaradır. Dövlətimizin başçısı İlham Əliyev hərbi müstəvidən siyasi müstəviyə keçərək Azərbaycan xalqının qalibiyyətini dünyaya tanıtdırır. Azərbaycan ədaləti bərpa etdi və imzalanan sənədlə bunu beynəlxalq qanun çərçivəsində təsdiqlədi. Sülhməramlı qüvvələrin yerləşdirilməsi, monitorinq üzrə xüsusi sülhməramlı mərkəzin yaradılması, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin bu prosesə nəzarəti və sair Azərbaycanın Qələbəsinin beynəlxalq səviyyədə dəstəklədiyinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında nəyi nə zaman və necə edəcəyini bildirir, qəbul olunan Bəyanat da bunun təsdiqi kimi dəyərləndirildi.

Bir mühüm məqamı da nəzər alaq ki, ermənilərin və erməni diasporunun yalanlarını həqiqət kimi qəbul edən bəzi dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar işğala məruz qalan, 20 faiz torpaqları işğal altında, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda işğalçı dövlət kimi qəbul etmişdi. Azərbaycan dövlətinin uğurlu düşünülmüş və məqsədyönlü, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti nəticəsində ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Bu gün Azərbaycanın istər döyüş meydanında, istərsə də siyasi müstəvidə qələbəsi Ermənistanın işğalçı, faşist siyasətini bir daha ortaya qoydu, imzalanan Bəyanatla bunu beynəlxalq ictimaiyyətə çatdırdı.

Qardaş, dost Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu 44 günlük Vətən müharibəsində də nümayiş etdirdi. Qeyd etdiyimiz kimi, üçtərəfli Bəyanatda əksini tapan müddəalardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Dövlətimizin başçısı Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti məsələsinə diqqəti yönəldərək bildirir ki, bu, çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır: «Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq.»

Bu günün hadisələri göstərir ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçını zamanında cəzalandırsaydılar, hazırda bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Reallıqda əksini tapmayan, ədalətin müdafiəsinə çevrilməyən, özləri üçün kağız parçası, amma həllini gözləyən münaqişələr üçün əsas meyar olan sənədlər illərlə icrasını gözləyəcəksə, gözdən pərdə asmaq üçün onları qəbul etməyə ehtiyac varıydımı? Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Müharibənin davam etdiyi müddətlərdə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində Ermənistan və ona havadarlıq edən dövlətlərin Türkiyənin münaqişədə tərəf kimi iştirakı ilə yaydıqları məlumatların feyk-nyus olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, məqsəd üçüncü dövlətin məsələyə cəlb olunması barədə fikir yaradıb öz çirkin niyyətlərini həyata keçirmək idi.

Dövlətimizin başçısı İlham Əliyev bu yalanlara cavab olaraq bildirirdi ki, Azərbaycan Ordusu kifayət qədər güclü, təchiz edilmiş ordudur. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu reallığı diqqətə çatdırırdı ki, əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.»

Ölkə Prezidenti İlham Əliyev müsahibələrində bir daha bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin, həmrəyliyin illər keçdikcə daha da möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırır. Keçilən yola baxış əsasında dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil: «Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır.»

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!»

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir.

Tarixi Zəfərimizdən sonra yeni mərhələyə-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Bu işlərin sürəti hər zaman qeyd edildiyi kimi, ərazilərimizin minalardan təmizlənməsindən asılıdır. Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də məğlub Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini Azərbaycana vermək istəmirdi. Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mütəmadi olaraq bununla bağlı sərt mövqeyini ortaya qoyaraq beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürür. Ermənistanın iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmasının təsdiqidir.

Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, dünyaya səs salan, birliyimizin, həmrəyliyimizin göstəricisi olan Şuşa Bəyannaməsi postmüharibə dövrünün reallıqlarını özündə ehtiva etməklə yanaşı, regional əməkdaşlığın coğrafiyasının genişləndirilməsi fonunda sülhə, təhlükəsizliyə dəstəyə geniş yol açır.

Yeganə Əliyeva, «İki sahil»