24 iyun 2021 16:33
564

Ronaldo: Çox sağ ol, Əli Daei

İran yığmasının sabiq hücumçusu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxan portuqaliyalı futbolçu Kristiano Ronaldo haqda fikirlərini bildirib.

“İki sahil” xəbər verir ki,   əslən azərbaycanlı olan keçmiş hücumçu Ronaldonu təbrik edib: “Rekordu qırmasına bir qol qalan Ronaldonu təbrik edirəm. O, futbol çempionu və böyük insandır. Belə bir əlamətdar uğurun ona qismət olmasından qürur duyuram”.

Portuqaliya yığmasının ulduz futbolçusu da buna görə Əli Daeiyə təşəkkür edib. 36 yaşlı forvard ərdəbilli sabiq futbolçunun onun haqqında yazdıqlarına münasibət bildirib. Ronaldo “İnstaqram” hesabındakı paylaşımında yazıb: “Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”.

Qeyd edək ki, Ronaldo AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunun Fransa ilə matçında (2:2) dubl etməklə Portuqaliya yığmasında vurduğu qolların sayını 109-a çatdırıb. Bununla da, 36 yaşlı futbolçu millidə ən çox qol vuran futbolçuların siyahısında zirvəyə şərik çıxıb. Buna qədər ölkəsinin əsas komandasında ən çox qol vurmuş futbolçu İran millisinin Azərbaycan əsilli keçmiş forvardı Əli Daei idi. AÇ-2020-də mübarizəsini davam etdirən Portuqaliya yığmasının hücumçusu daha bir qol vura bilsə, mütləq rekordçuya çevriləcək.