55 min tamaşaçı tutumu olan Kolizey amfiteatrı Romada hər turistin ziyarət etdiyi mühüm arxeoloji məkandır.
“İki sahil” xəbər verir ki, bu günə qədər zəlzələ və oğurluq hadisələri ilə kifayət qədər köhnəlmiş abidə buna baxmayaraq Romanın ən vacib ikonik tikilisi olmağa davam edir. Turistlər İtaliyaya gəldikdə vaxtlarının bir hissəsini mütləq Romaya və ətrafdakı tarixi yerlərə ayırırlar.
Qədimi küçələri, mədəniyyəti, mətbəxi və tarixi yerləri ilə Roma daxili və xarici turistlərin ən çox gəldiyi yerlərdən biridir. Romaya gələn hər kəsin bir zamanlar ən qanlı qladiator döyüşlərinə ev sahibliyi etdiyi bu arenada fotoşəkili olmalıdır. Şəhərin ən məhşur abidələrindən olan Kolizey 7 iyul 2007-ci ildən dünyanın 7 yeni möcüzəsindən biri sayılır. Romada bəzi şeylərin heç vaxt dəyişməyəcəyini desələr də, bu günlərdə ilk dəfə bir dəyişiklik olub. Qədim abidənin ürəyi olaraq bilinən sahə 2000 ildən sonra gün üzünə çıxır. Bundan əlavə abidənin yeraltı tikililəri də ziyarətçilərə açıq olacaq. Arenaya çıxmadan əvvəl qladiatorların hazırlaşdığı yerləri də gəzmək olacaq. Bu o deməkdir ki, gələn qonaqlar indi bir vaxtlar qladiatorların döyüşdən əvvəl məşq etdikləri və gözlədikləri yeraltı tunellərin, otaqların hər bir detalını araşdıra bilərlər. 2010-cu ildən bu yana qonaqların arenanın altındakı bəzi ərazilərə girməsinə icazə verilir. Lakin bu hissə kifayət qədər kiçik bir ərazini əhatə edirdi.
İndi turistlər bütün tunelləri və otaqları istədikləri kimi ziyarət edə biləcəklər. Görülən işlərə bir italyan moda şirkəti sponsorluq edir. Səlahiyyətli şəxslər bu bərpa işlərinin tarixi baxımdan çox vacib olduğunu vurğulayırlar. Son 10 ildə bu yerin bərpasına töhfə verən moda şirkəti bu yeniliklərə görə 25 milyon avro xərcləyib. Arxeoloqlar, mühəndislər və memarlardan ibarət işçi qrupu işlərini binanın orijinallığına zərər vermədən həyata keçirir. Zamanla çürümüş və köhnə hissələri təmir edirlər və bəzi materialları tamamilə yenisi ilə əvəz edirlər. Onlar çürümənin ən əsas səbəblərindən biri olan su sızmasının qarşısını alan bir sistem qurublar. Yeraltı hissələrin açılışı bərpa prosesinin başa çatdığının göstəricisi deyil. Səlahiyyətli şəxslər iş adamlarını İtaliyanın irsinin bərpasına investisiya qoymağa çağırırlar.
Vüsal Cahanov, “İki sahil”