Delta variantı və COVID-19 epidemiyası yenidən güclənərkən, dünyada vaksinasiya prosesində bir ləngimə müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bir çox ölkədə əhalinin böyük əksəriyyəti vaksin olunmasına baxmayaraq, peyvənd olunmayanlar səbəbindən yoluxmaların yenidən artması səlahiyyətli şəxsləri narahat edir. Bəzi ölkələrdə peyvənd olunmaq səhiyyə işçiləri və dövlət işçiləri üçün məcburidir. Bununla belə, bəzi dövlətlər insanları məcbur etmək əvəzinə fərqli yollarla vaksin olumağa razı salırlar.
Yunanıstanda vaksin olunan gənclər üçün 150 avroluq hədiyyə kartı
Yunanıstanda COVID-19 peyvənd kampaniyası çərçivəsində 18-25 yaş arası gənclərə həvəsləndirmək üçün 150 avroluq “hədiyyə” verilir. Baş nazir Kiryakos Mitsotakis, ən az bir doza vurduran vətəndaşlara 150 avro dəyərində alış-veriş kartı veriləcəyini bildirib. Beləliklə, gənclər alacaqları “pulsuz keçid” kartı sayəsində təyyarə biletləri, otel rezervasyonları, musiqi, teatr və kino, muzeylər və arxeoloji sahələr kimi səyahət və əyləncə xərclərini ödəyə biləcəklər.
Qadınlara qızıl, kişilərə blender (qarışdırıcı) hədiyyə
COVID-19-dan ölüm sayının ən yüksək olduğu Hindistanın bəzi şəhərlərində peyvənd olunanlara hədiyyələr verilir.
Hindistan mətbuatına görə, Qudjarat əyalətinin Rajkot şəhərindəki zərgərlər peyvənd olunan qadınlara qızıl burun pirsinqi verirlər. Kişilərə isə blender hədiyyə olunur.
Çində pulsuz yumurta
Pekində səlahiyyətli şəxslər peyvəndə razılıq verən 60 yaşdan yuxarı insanlara iki qutu yumurta hədiyyə edirlər. Paytaxtın məşhur Buddist yeri olan Lama Məbədini ziyarət etmək üçün pulsuz biletlər verilir.
İsraildə gənclər üçün pulsuz yemək
Paytaxt Təl-Əvivdə peyvənd işlərini sürətləndirmək məqsədi ilə peyvənd mərkəzlərində xüsusən də gəncləri cəlb etmək üçün pulsuz DJ çıxışları təqdim olunur. Ölkənin bəzi şəhərlərində peyvənd olunanlara pulsuz yemək verilir. Bəzi muzeylərə giriş vaksin olunanlara icazə verilir.
Doza sayına görə restoran endirimi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində peyvənd olunan insanlar üçün bəzi restoranlarda endirimlər edilir. Bir doza peyvənd üçün yüzdə 10, iki doza peyvənd üçün yüzdə 20-yə qədər endirim tətbiq olunur.
BƏƏ-də bir doza peyvənd olunanlar yüzdə 74, iki doza alanların nisbəti isə yüzdə 64.1-səviyyəsindədir.
Serbiyada peyvənd olunan hər kəsə 3 min dinar hədiyyə
Serbiya Prezidenti Aleksandar Vuçiç koronavirusa qarşı hazırlanmış peyvəndlərdən heç olmasa bir doza alan 16 yaşdan yuxarı vətəndaşlara 3 min dinar təqdim edəcəklərini açıqlayıb.
Keçən ay Belqraddakı bir ticarət mərkəzi peyvənd olunan ilk 100 nəfərə 3000 dinar endirim kuponu verəcəyini açıqlaması ilə mağazada uzun növbə yaranıb.
Vüsal Cahanov, “İki sahil”