Meksikada elm adamları 95 milyon il əvvələ aid balıq növünün qalıqlarını kəşf ediblər.
“İki sahil” xəbər verir ki, həmin balıq növünün bənzərsiz olduğu və dinozavrlarla eyni zamanda yaşadığı düşünülür. Qalıqları ölkənin cənub-şərqindəki Çiapas ştatında daşlıq ərazidə tapılan balığın Amerika qitəsində yaşadığı təxmin edilir.
Tədqiqatçılar bu qalığın Amerika mənşəli olduğunu deyiblər. Qalıqların bel və anal üzgəclərində çox sayda tikan olduğu bildirilib. Meksika Universitetinin paleoekoloqu Kleyton Maqno Kantalis "Choichix alvaradoi" adını verdikləri bu növün dünya üçün yeni bir cins olduğunu diqqətə çatdırıb.
O, sözlərinə belə davam edib: "Yalnız bir heyvan belə quruluşa sahibdir. Bu qəribə görünüşlü balığın qaraciyərinin yerləşdiyi sümük qəfəsinin bir parçasını tapdıq."
M.Kantalis aşkarlanan növlərin mənşəyinin Meksikaya aid olduğunu ifadə edib: "Əvvəllər balığın Avropadan gəldiyi və Amerikanın bu bölgəsinə köçdüyünə inanılırdı. Ancaq indi ən qədim və ibtidai balıqların bu yerdə yaşadıqlarını görürük."
Vüsal Cahanov, “İki sahil”