16 iyul 2021 17:04
1447

Turistlərə COVID-19 peyvəndi vəd edən ölkələr - FOTO

Bəzi dünya dövlətləri beynəlxalq səyahətlər üçün PCR test nəticəsi və ya peyvənd sertifikatı tələb etsə də, digər ölkələr isə turistlər üçün COVID-19 peyvəndləri vəd edirlər.

“İki sahil” xəbər verir ki, dünyada təxminən 1 milyard insan peyvənd olunub və bəzi hökumətlər çətin keçən bir ildən sonra turizmi sektorunun durumunu yaxşılaşdırmaq üçün vaksin dozalarından istifadə etmək niyyətindədirlər.

ABŞ

May ayından etibarən ABŞ-ın Nyu-York əyalətində məşhur Times meydanı kimi yerlərdə qurulan peyvənd mərkəzlərində ziyarətçilərə tək doza “Johnson & Johnson” peyvəndi tətbiq olunur. Alyaska əyalətində də turistlər hava limanına çatdıqda tək doza “Pfizer” ya da “Moderna” peyvəndləri ilə vaksin oluna bilərlər.

Maldiv adaları

Maldiv adalarında turizm səlahiyyətliləri adanın bütün əhalisinin peyvənd olunmasından sonra "peyvənd ol, ziyarət et" proqramının həyata keçiriləcəyini açıqlayıb. Dünyanın aparıcı turizm bölgələrindən biri olan Maldiv adalarında əhalinin 41 faizi peyvənd olunub. Buranın turistlər üçün peyvənd təklifinin builki yay mövsümünə çatması çətin görünsə də, gələn il üçün ümidverici görünür.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə turistlər iyun ayından etibarən “Pfizer” və ya “Sinopharm” peyvəndlərindən birinə müraciət edə bilərlər. Vaksinasiya təyinatları ölkənin COVID-19 mobil tətbiqinə pasport məlumatları daxil edilərək həyata keçirilir.

 İndoneziya, Bali

 İndoneziya yaxınlığında Bali adası dünyanın ən məşhur tətil yerlərindən biridir. Bali yaxın zamanlarda tətil paketlərinə COVID-19 peyvəndini də əlavə etməyi planlaşdırır. Burada hazırda epidemiya başlanandan bu yana ən çox COVID-19-a yoluxma sayı qeydə alınıb. Bu səbəbdən COVID-19 peyvəndinin turistlərə tətbiq olunmağa başlayacağı tarix bəlli deyil.

Rusiya

Rusiya peyvənd ehtiyatlarını turistlərdən qazanc əldə etmək üçün bir fürsət olaraq istifadə edir. Ölkədəki turistlərdən tək doza “Sputnik V” peyvəndi üçün ödəniş tələb olunur. Digər tərəfdən, Rusiyanın hələ turizm vizası vermədiyini nəzərə alsaq, turistlərin necə peyvənd ediləcəyi hələlik məlum  deyil. Rusiya Səyahət Birliyinin prezidenti Andrey İqnatyev "Vaksin hazırdır, lakin, rus peyvəndi vurdurmaq istəyən xarici qonaqlar üçün viza dəstəyi və qanuni giriş məsələləri hələ həll olunmayıb", - deyə bildirib.

Vüsal Cahanov, “İki sahil”