17 iyul 2021 15:52
1481

Burada tabutları uçurum kənarına asırlar - FOTO

7000-dən çox adanın yerləşdiyi Cənub-Şərqi Asiya ölkəsi Filippin zəngin mədəniyyəti ilə seçilir. Bura fərqli ölkələrdən olan millətlərin qarışığına bənzəyir. Ölkədə yerli xalq tərəfindən qəbul edilmiş bir çox ənənə var.

“İki sahil” Filippin haqqında bəzi məlumatları oxucularına təqdim edir:

Evlərdə nərdivan pillələrinin sayı maraqlı bir strategiya ilə qurulur. Hər addımda bu 3 kəlməni deyirlər: Birinci addım oro (qızıl), ikinci addım plata (gümüş), üçüncü addım mata (ölüm). Yəqin ki, son addımda oro və ya plata deyirlər. Çünki ölüm mənasını verən mata sözünün uğursuzluq gətirəcəyinə inanılır. Bu səbəbdən bütün pillələr buna uyğun olaraq qurulur. Digər ənənə isə yemək süfrəsi ilə bağlıdır. Yemək masasında kimsə başqalarının yemək yemədən süfrədən qalxarsa, stoldakıların hamısı boşqablarını tərsinə çevirməlidir. Bu edilmədiyi təqdirdə, masadan qalxan insanın təhlükəsiz bir səfərə çıxmayacağı inanılır.

Çox geniş tətbiq olunmayan bir başqa inanc da odur ki, insanlar yemək yeyərkən süfrə təmizlənməməlidir. Əgər yemək bitmədən süfrə təmizlənərsə, masadan qalxan ən son adamın kimsəsiz həyat sürəcəyi deyilir.

Dəfn mərasimində iştirak etdikdən sonra birbaşa evə getmək olmaz. Bu inanca görə, birbaşa evə getmək, mərhumun ruhunun sizi evə qədər izləməsi deməkdir.

Filippindəki başqa bir ənənəyə görə, bacı, qardaşlar eyni ildə ailə qurmamalıdır. Onların bunu etməsi şanslarını bölüşdürməsi mənasını verir. Eyni şəkildə yaxın ailə üzvünün vəfat etdiyi bir il içində evlənmək tövsiyə edilmir. Bunun bədbəxtlik gətirəcəyi deyilir.

Evliliklə bağlı başqa bir inanc da odur ki, gəlin toy günündən əvvəl gəlinliyini geyinə bilməz. Bunun da uğursuzluq gətirəcəyi söylənilir.

Şənliklərdə, xüsusilə də ad günlərində əriştə verilir. Bu uzun ömür yaşayacağı mənasını ifadə edir. Ənənə bu gün də geniş tətbiq olunur.

Filippində təxminən 109 milyon insan yaşayır. Bu ölkədə küçədə gəzərkən yüzlərlə fərqli dillərdə danışanlara rast gələ bilərsiniz. Çünki burada 175 fərqli dildə danışılır. 19-cu əsrdə İspaniyanın müstəmləkəçiliyi altında olduğundan məktəblərdə tədris ispan dilində keçirilirdi. 1898-ci ildən 1946-cı ilə qədər ana dili Amerikanın təsiri ilə ispan dilindən ingilis dilinə keçib.

Filippində 13 nəfər eyni masa arxasında otura bilməz. Bunun uğursuzluq gətirəcəyi bildirilir. Pasxa vaxtı cümə axşamı və cümə günləri duş qəbul etmək və səyahət qadağandır. Bunun da uğursuzluqla nəticələnəcəyi düşünülür.

Filipinin Saqada qəsəbəsində hələ də maraqlı bir ənənə tətbiq olunur. 2000 illik ənənəni davam etdirən İgorot qəbiləsində insanlar öz tabutlarını özləri düzəldirlər. Tabutlar yerə basdırılmaq əvəzinə mağarada və ya bir uçurum kənarında asılır. Yaşlılar tabutlarını özləri hazırlayırlar və bunu edə bilmədikləri təqdirdə bu işi ailə üzvlərindən biri yerinə yetirir.

Vüsal Cahanov, “İki sahil”