22 iyul 2021 16:01
1285

Kabus və yuxusuzluğa səbəb olan qida növləri FOTO

Gecə qəlyanaltı etmədən əvvəl iki dəfə düşünün, çünki bəzən qidalar yuxu rejimizi pozaraq, kabuslara səbəb ola bilər. Bu yazıda kabuslara səbəb olan qidalar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

Acılı souslar

1992-ci ildə Avstraliyadakı  Tasmaniya Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, yatmazdan öncə  acılı  souslardan istifadə edən insanların  yuxuya getmələri pisləşir  və onlar  kabuslardan əziyyət çəkirlər. Alimlər bunu həmin  qidaların bədənin hərarətini dəyişdirə biləcəyi və bunun da xəyalların formalaşmasına təsir göstərməsi ilə izah edirlər.

Şirniyyat

Sən demə şəkər artıq çəki, ürək xəstəliyi, diabet riskini artırmaqla yanaşı, kabuslara da səbəb olur.

Kanadanın  Montreal və Edmont universitetlərində çalışan  alimlərin apardıqları  araşdırmada iştirak edən insanların  31  % -i gecə şirniyyat yedikdən sonra kabuslar və qəribə yuxular gördüklərini təstiqləyiblər. Alimlərin sözlərinə görə,  bunun əsas səbəbi isə  REM yuxu fazasına mənfi  təsir göstərən şəkərdir. Buna görə də alimlər  yatmadan 5-6 saat əvvəl şirniyyat yeməmək məsləhət görürlər.

Çipsi və digər yağlı qəlyanaltılar

Kolumbiya Universiteti və Nyu-Yorkun Düzgün Bəslənmə Mərkəzinin alimləri çipsi və yağla zəngin olan bu tipli  digər qidaların yuxu pozğunluğuna və ya kabuslara səbəb ola biləcəyini aşkar ediblər. Onların sözlərinə görə, bu qida növlərində  yuxu pozğunluğuna səbəb olan   monosodyum glutamat maddəsi mövcuddur.

İdeal olaraq axşam yeməyiniz yüngül və təzə tərəvəz və ya  yağsız ətdən ibarət olmalıdır. Gecələr maqneziumla zəngin qidalar da istehlak edə bilərsiniz ki, çünki həmin qidalar yuxunuza da müsbət təsir edəcək.

Qazlı içkilər

Soda, xüsusilə də tərkibində  şəkər və kofein olan içkilər  yuxunuz  üçün zərərlidir. Əgər şəkər, daha əvvəl qey etdiyimiz kimi,  ilk yuxu mərhələsinə təsir edirsə,  kofein isə öz növbəsində  yuxu zamanı da beyni stimullaşdırır və bu da xoşagəlməz yuxulara səbəb ola bilər.

Bunun qarşısını almaq üçün yatmazdan 4-8 saat əvvəl kofeinli içkilər içməmək məsləhətdir.

Samirə Tağıyeva, "İki sahil"