SOCAR "Telegram" səhifəsində “Neft Daşları”nda yaşananları əsərlərinə köçürən Maral Rəhmanzadə haqqında paylaşım edib.
"İki sahil" xəbər verir ki, paylaşımda qeyd olunur ki, Azərbaycanda ali rəssam təhsili almış ilk qadın Maral Rəhmanzadədir. Bu gün anadan olmasının105-ci ildönümü tamam olan rəssamın neft mövzusunda əsərlər silsiləsi var. “Neft Daşları”nda yaşananları əsərlərinə köçürən Maral Rəhmanzadə aylarla “Möcuzələr adası”nda yaşayıb, neftçi əməyini saatlarla müşahidə etmişdi.
Qeyd edək ki, Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada, Kubada və İranda fərdi sərgiləri göstərilib. Əsərləri Tretyakov qalereyası, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.
Xalq rəssamı Maral Rəhmanzadənin “Neft Daşları”na həsr etdiyi rəsmlərini sizə təqdim edirik.