23 iyul 2021 15:21
1568

Mavi şəhər- Şafşavan/FOTO

Şafşavan Mərakeşin turizm yerlərindən biridir. Şəhər öz mavi evləri ilə məşhurdur. Hər il minlərlə turist bu tarixi yeri ziyarət edir. Qədim yaşayış yeri olan Şafşavan əsrlər boyu öz kimliyini qorumağı bacarıb. Üstəlik, şəhər sakinləri bu barədə də çox məlumatlıdır. Şafşavan Mərakeşin şimal-qərbində yerləşən balaca bir şəhərdir.

Mərakeş Şimali Afrikanın qərbində, Aralıq dənizi ilə Atlantik Okeanının qovşağında yerləşir. Rif dağlarının ətəyində yer alan şəhər tarixi Tanjer şəhərinin yaxınlığındadır. Bu yer İspaniyanın xristianlar tərəfindən fəthindən sonra yəhudilərə və müsəlmanlara sığınacaq olub. 1920-ci ilə qədər bütün əcnəbilərə və xristianlara qapalı şəhər olub. 1920-ci ildə ispanların işğal etdiyi şəhər 1956-cı ildən Mərakeşin idarəçiliyinə verilib. Bir dini inancın və ya adətin səbəb olduğu bu mavi şəhər turistlərə sanki səhrada dəniz havası yaşadır.

Bərbər dilində buynuz mənasını verən Şafşavan fransız və digər qərb dillərində Chefchaouen kimi yazılır. Bura  paytaxt Rabatdan 250 kilometr məsafədədir. Rəsmi dilinin ərəb dili olduğu burada  turizmə görə İngilis, Fransız və ya İspan dillərində danışan  insanlara rast gəlmək mümkündür. Ölkənin pul vahidi dirhəmdir. XV əsrdə bölgədə müşahidə və qorumaq məqsədilə qala tikildikdən sonra ətrafda yaşayış başlayıb. XV əsrdə İspaniyadakı ərəblərin və yəhudilərin məcburi sürgün edilməsi ilə buranın əhalisi sürətlə artıb. Şafşavan 40000 nəfərə yaxın əhaliyə sahibdir.

Hamını maraqlandıran bir sual var - şəhər niyə mavidir? Bu haqda müxtəlif rəvayətlər var. Bəzilərinə görə evlərin bu rəngdə olması yalnız bir ənənədir.

Ancaq məşhur inanca görə, 1930-cu ildə Hitler rəhbərliyinin zülmündən qaçaraq Şafşavanda məskunlaşan yəhudilər evlərini mavi rəngə boyamağa başlayıb. Bunun səbəbi mavi rəngin səmanı və cənnəti simvollaşdırması idi. Qısa müddətdən sonra bu tətbiq yerli xalq tərəfindən də qəbul edilincə şəhər mavi rəngə boyanıb. Burada Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Yay aylarının son dərəcə isti keçdiyi şəhəri görmək üçün ən ideal vaxt yaz, payız aylarıdır. Turistlər adətən buraya aprel, may və sentyabr aylarında gəlirlər. Otellər əsasən şəhərin şərq hissəsindədir. Bundan əlavə tarixi şəhər mərkəzində turistləri qəbul edə biləcək butik otellər də var. Bir çox turist tətilini keçirmək üçün bu tarixi binalara üstünlük verir.

Vüsal Cahanov, “İki sahil”