26 iyul 2021 16:48
2520

BANM-ə gələn tələbə özü kimi "xüsusilər" arasına düşür - FOTO

Güldanə Hidayətli: Böyük arzulardan və yüksək məqsədlərdən qorxmayın

Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Onların savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli və vətənpərvər ruhlu olması isə hər bir dövlət üçün vacib məsələlərdən biridir. Çünki müasir dövrümüzdə gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Sağlam ruhda yetişən və milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan böyük qüvvədir. Gənclərinin inkişafına yardımçı olan hər bir dövlət öz xoşbəxt və firavan gələcəyini təmin edir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinə ötən həftə yekun vurulub. Bir neçə mərhələ üzrə keçirilmiş “Yüksəliş” müsabiqəsində ümumilikdə 11 760 nəfər iştirak edib, final mərhələsinə keçən 112 nəfərdən 9-u SOCAR-ın əməkdaşı, 2-si isə SOCAR-ın strukturunda fəaliyyət göstərən  Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı olub. Müsabiqənin sonunda 27 nəfər qalib seçilib. Onlardan 3-ü SOCAR-ın və Bakı Ali Neft Məktəbinin əməkdaşlarıdır.

Həmin müsabiqənin qaliblərindən biri, eyni zamanda, SOCAR ailəsinin daha bir üzvü olan Güldanə Hidayətli "İki sahil" in müsahibidir.

-Güldanə xanım, əvvəlcə sizi bu uğurunuz münasibətilə təbrik edirik. Söhbətimizə özünüz haqqında təqdimatla başlamaq istərdik. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz?

-Mən Hidayətli Güldənə Şahin qızı Qəbələ rayonunda doğulmuşam. Sonra 12 yaşıma qədər valideynlərimlə Rusiyada yaşamış və ilk təhsilimi orada almışam. Daha sonra ailəmizlə Bakıya qayıdıb orta məktəbi bitirdikdən sonra Bakı Ali Neft Məktəbinə (Heriot Vatt Universiteti ilə ikili diplom proqramı) kimya mühəndisliyi ixtisasına qəbul olunmuşam. Bakalavr təhsilimi tamamladıqdan sonra yenidən BANM-ə qəbul olundum və burada MBA ixtisası üzrə magistr təhsili aldım. Kimya mühəndisliyi proqramı mənə ancaq texniki biliklər deyil, çox şey öyrətdi. Lakin başa düşürdüm ki, bu sahə üzrə özümü sənayedə görmürəm, ona görə də magistr təhsilimi idarəetmə sahəsində davam etdirmək istədim. 2020-ci ildə MBA-nı birinciliklə bitirdim.

İşdən və ailə ilə keçirilən vaxtdan kənar çoxlu kitablar oxuyuram və müxtəlif intellektual yarışlarda iştirak edirəm ("Nə? Harada? Nə zaman?", "61!", "Breyn Rinq" və s).

Bu yaxınlarda (elə “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələlərinin arasında) iyulun 1-ində qızım dünyaya gəlib.

-Bakı Ali Neft Məktəbində təhsil almaq dünyagörüşünüzə nələri əlavə etdi?

-BANM-də təhsil almaq həyatımda çox şeyi dəyişdirdi. Yüksəksəviyyəli təhsillə, xarici təcrübə ilə yanaşı, qeyd etdiyiniz kimi, dünyagörüşümə də bir çox şeyləri əlavə etdi. Yəqin bilirsiniz ki, BANM-ə qəbul balları ilk yarandığı ildən həmişə yüksək olub. Abituriyent olaraq yüksək balı yığanda həmin göstərici sinif yoldaşlarım və bir çox tanışlarım arasında yüksək sayılırdı və insan özünü nə qədər qeyri-təvazökar səslənsə də "xüsusi" hiss edir. Ancaq BANM-ə gələn tələbə özü kimi "xüsusilər" arasına düşür və burada digərlərindən öyrənməyə başlayır, onlarla fikir, bilik və bacarıqların mübadiləsi baş tutur.

Universitetimizdə həm də bir çox klublar fəaliyyət göstərir. Mən ilk gündən İntellektual oyunlar klubunun fəal iştirakçılarından idim. Orada qazandığım təcrübə də böyük olub. Qeyd etdiyim bütün məqamlar dünyagörüşümün daha da zənginləşməsinə səbəb olmuşdu.

-Sizcə, Bakı Ali Neft Məktəbi ilə digər ali təhsil müəssisələrinin verdiyi təhsil arasındakı fərq ya da fərqlər nələrdən ibarətdir? BANM-ni seçməyinizə səbəb nə oldu?

-Fərqlər çoxdur, ancaq ən əsas fərqi vurğulamalı olsaq bu, proqramın, tədris strukturunun daimi dəyişikliklərə uyğunlaşmasıdır. Mühəndislik elə bir sahədir ki, təməli dəqiq elmlərə (kimya, fizika, riyaziyyat) əsaslansa də, tətbiqi 50 il əvvəl yazılmış kitablara və materiallara əsasən öyrənilə bilməz. Əlavə olaraq təhsilin formatı da hər gün dəyişir, yeni tendensiyalar yaranır və tədris strukturunda da bu dəyişikliklər idarə olunmalıdır. Düşünürəm ki, BANM bu vəzifənin öhdəsindən kifayət qədər uğurla gəlir. Tədris proqramı Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramı əsasında hazırlanıb və dərslər ingilis dilində aparılır (bildiyimiz kimi, hazırda bütün əsas mənbələr ingilis dilindədir). Ən əsası müəllimlər öz işlərinə çox məsuliyyətlə yanaşırlar. Bu, həm tədris prosesinə, həm də biliyin qiymətləndirilməsinə aiddir.

Mən abituriyent olanda BANM-in ona qədər ancaq bir qəbulu olmuşdu və ali məktəb hələ indiki kimi "öz sözünü” deməmişdi, ancaq perspektivli olması aydın idi. Məni əsas cəlb edən amillər həm yeni açılmış universitet olması, həm ikili diplom proqramının olması, həm də tədrisin ingilis dilində aparılması və SOCAR-ın nəzdində dövlət ali təhsil mərkəzi olması idi.

-Bildiyimizə görə, elə oxuyub bitirdiyiniz ali təhsil müəssisəsində də əmək fəaliyyəti ilə məşğulsunuz. BANM-də təhsil almaq və oradakı iş fəaliyyətiniz hədəflərinizə nə kimi yol açdı?

-BANM-in tələbələri hər yay müxtəlif müəssisələrdə yay təcrübəsi keçir. Mən də bakalavr təhsilim müddətində həm xarici şirkətdə, həm də SOCAR-ın müəssisələrində təcrübə keçmişdim. Bu mənim gələcəyimdə böyük rol oynadı. Zavodlarda və istehsalatda təcrübə keçmək də maraqlı idi. Burada nəzəri biliklərimizin tətbiqini görürdük. Ancaq mənim üçün bu təcrübələrin əsas rolu ondan ibarət oldu ki, özümü gələcəkdə sənayedə görmədiyimi anladım. Artıq son kursda bilirdim ki, təhsil sahəsində çalışıb öz töhfəmi bu yöndə vermək istəyirəm. BANM də mənə bu sahədə dəstək oldu və mənim yolum burada başladı, hal-hazırda da davam edir.

-“Yüksəliş” müsabiqəsinə gedən yolunuz barədə fikirlərinizi öyrənmək istərdik...

-“Yüksəliş” müsabiqəsi haqqında elanları sosial şəbəkələrdə görmüşdüm və ilk olaraq tam araşdırmadan qeydiyyatdan keçdim, çünki ümumiyyətlə, istənilən yarışma mənim üçün maraqlıdır. Yarış ruhunu çox sevirəm. Daha sonra əlavə məlumatlar oxuduqda anladım ki, bu yarışma fərqli və maraqlı olacaq. İlk mərhələlərin hamısını uğurla keçdim, çoxu imtahan tipli idi. BANM məzunu üçün isə imtahanlar qorxulu deyil. Son mərhələlərin hansı formatda keçiriləcəyi çox maraqlı idi. Çünki “Yüksəliş”in özündə qoyduğu əsas məqsəd üçün tipik testlərlə qalib seçməsi məntiqli olmazdı. Pandemiyaya görə son mərhələlərin keçirilmə tarixləri xeyli yubandı (yarışma keçən il yekunlaşmalı idi, ancaq məlum səbəblərdən bütün tədbirlərin vaxtı qeyri-müəyyən müddətə keçirilirdi). İyun ayında xəbər aldıq ki, ayın sonunda yarımfinal keçiriləcək. Bunu oxuyanda ilk anda pis oldum, çünki ana olmağa hazırlaşırdım və tarixlər elə idi ki, qatıla bilib-bilməyəcəyim son günə qədər sual altında idi. Ancaq qatıla bildim. Yarımfinalda 300-ə yaxın iştirakçı var idi. Format çox maraqlı idi. 2 gün ərzində səhərdən axşama qədər biz Expo Centerdə idik. Bütün iştirakçılar təşkilatçılar tərəfindən 6 nəfərlik fərqli komandalara bölünürdü, 2 gün əzrində 3 fərqli heyətli komandalara düşürdük və müvafiq masalara keçirdik. Komanda ilə tanışlıqdan sonra bütün komandalara tapşırıqlar verilirdi. Bir çox hallarda tapşırıqların mütləq düzgün cavabı və ya həlli olmurdu. Əsas məqsəd iştirakçıların iş zamanı əvvəldən müəyyən olunmuş bacarıqlarını ölçmək idi. Bunu isə hər masaya müəyyən olunmuş ekspert edirdi. Qeyd etdiyim kimi, 2 gün ərzində bizim komandamız (masamız və qiymətləndirən ekspert) 3 dəfə dəyişirdi. Düşünürəm ki, bu, daha şəffaf və dəqiq qiymətləndirmə üçün çox düzgün qayda idi. Beləliklə, yarımfinal yekunlaşdı və iki gün sonra nəticələr elan olundu. Mən də 112 finalçıdan biri oldum. Finalın tarixləri açıqlananda mən yenə məyus oldum, çünki əməliyyat sonrası ilk günlər idi və yenə də qatıla bilib-bilməyəcəyim səhhətimdən asılı idi. Lakin yenə də son gündə gücümü topladım və finala qatıldım. Finalın formatı da eyni idi, ancaq burada 2-ci günün son tapşırığında ekspert olaraq “Yüksəliş”in idarəçi rəhbərləri çıxış etdilər və bizimlə eyni masada oturdular. Komandalar üçün bu həm maraqlı, həm də bir o qədər həyəcanlı idi. Finalın növbəti günü nəticələr elan olundu. Mən bir əlimlə (digəri ilə ağlayan körpəni tuturdum) birtəhər laptopumu açıb şəxsi kabinetimə daxil oldum. Oradakı faylı yüklədim: birinci sıralamadakı yeri gördüm və bir anlıq inanmadım, daha sonra "Siz qalibsiniz" yazısını oxudum. Nə qədər sevincli olduğumu izah etmək yəqin ki artıqdır.

Ümumilikdə çox maraqlı müsabiqə idi, ümid edirəm ki, davamlı olacaq. Şəxsən mən ətrafımdakı bir çox şəxslərə mütləq iştirak etmələrini tövsiyə edəcəm.

-Uğurlarınız gələcəklə bağlı sizdə hansı stimulu yaradır?

-İstənilən uğurum özümə güvənməyimə səbəb olur. Məhz bu, məni inandırır ki, məqsədlərimə çata biləcəyim realdır və təbii ki, qarşıma daha böyük məqsədlər qoymağa stimul verir.

-Uğurlara imza atan gənc kimi sonda gənclərimizə hansı çağırışları edərdiniz?

-Həmişə çox çalışqan olmuşam və inanıram ki, çalışqan insanlar gec ya tez istədiklərinə nail ola bilirlər. Bir çox hallarda görmüşəm ki, gənclər uğurlu şəxslərə çox şübhə ilə yanaşır, elə düşünürlər ki, onların uğuru onlara heç nədən hədiyyə olunub. Amma bu, belə deyil. Əgər nə istədiyinizi bilir, özünüzə inanır və məqsədiniz üçün hər gün çalışırsınızsa, ona mütləq çatacaqsınız. Buna görə də böyük arzulardan və yüksək məqsədlərdən qorxmayın.

-Güldanə xanım, maraqlı və səmimi müsahibə üçün  sizə təşəkkür edir, gələcək  fəaliyyətinizdə uğurlar arzulayırıq.

Röya Rasimqızı, “İki sahil”