26 iyul 2021 17:21
1530

Küləkli hava sağlamlığımıza təsir edirmi?

Yağış, güclü külək, hava temperaturunun və atmosfer təzyiqinin kəskin dəyişməsi əksər insanların sağlamlığına təsirsiz ötüşmür.

Son illər ərzində aparılan elmi araşdırmalar güclü küləyin sağlamlığımıza olan mənfi təsirini sübut edib. Alimlərin fikrinə görə, güclü külək insanın sinir sisteminə və psixikasına olduqca ciddi təsir edir, müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə ki, güclü külək baş ağrılarına, başgicəllənməsinə, miqrenə, depressiyanın kəskinləşməsinə səbəb ola bilər.

Küləkli hava insanın yuxusuna da təsir edir. Adətən bu hallarda meteohəssas insanlar yuxusuzluqdan əziyyət çəkir.

Güclü külək ürək-damar sisteminin normal fəaliyyətini də pozur. Nəticədə ciddi ürək-damar sistemi xəstəlikləri olan insanlarda ürək tutmalarının və infarktın riski artır.

Tənəffüs sitemi xəstəliklərindən əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi mümkündür. Yaponiya alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, güclü külək astma tutmalarının riskini artırır.

Adətən revmatizmdən əziyyət çəkən insanların oynaqlarında ağrılar başlayır.

Samirə Tağıyeva, "İki sahil"