26 iyul 2021 20:13
1951

Ölkəmiz “su mühasirəsinə” başlasa düşmən daha pis vəziyyətə düşəcək

Ermənistanın içməli su ehtiyatlarının 80 faizindən çoxu nəzarətimiz altındadır

Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirməkdədir. Bu terror siyasəti həm işğal altında saxlanılan torpaqlarımızda, həm də transsərhəd çaylarımızda baş verib. Vətən müharibəsindəki Qələbəmizdən öncə Ermənistan Tərtər çay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırdı. Mənbəyini Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən bu çaya axıdılırdı. Hazırda Oxçuçayın hövzəsi demək olar ki, həddindən çox zəhərləndiyi ücün “ölü” zonaya çevrilib. Demək olar ki, ermənilər heç nəyə məhəl qoymadan bütün çaylar kimi, Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər. Ermənilər işğal zamanı Tərtər əhalisinin aprel ayından dekabr ayına kimi suya tələbatı çox olduğu vaxtlarda anbarın suyunu əhalinin üzünə bağlayır və qışda yağıntıların çox olduğu və suya tələbatın bir o qədər çox olmadığı bir vaxtda anbarın suyunu açırdılar. Payız və qış aylarında Sərsəng su anbarının suyunun açılması isə Tərtərin torpaq sahələrini yuyur və bərpası mümkün olmayan ziyanlar verirdi.

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi dövründə də Azərbaycan Ordusunun uğurlu əməliyyatları qarşısında aciz qalan Ermənistan Azərbaycanın su hövzələrinə bir sıra hücumlar həyata keçirdi. Oktyabrın 11-də Ermənistan ordusu Mingəçevir su anbarına doğru raket atıldı. 21 oktyabrda isə Qəbələ şəhərinə “Skad” ballistik raketləri ilə hücum etməklə Oğuz-Qəbələ-Bakı su kəmərini vurmağa çalışdılar. Lakin Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində vəziyyət tamamilə dəyişdi. Ordumuzun qələbə qazanmasından sonra bölgədəki irili-xırdalı 30 su elektrik stansiyası Azərbaycanın nəzarəti altına keçdi.

Noyabrın sonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğaldan azad olunan Kəlbəcərin çayları və göllərinin yenidən qiymətləndiriləcəyi barədə açıqlaması isə dəyişən vəziyyət fonunda Ermənistanda narahatlıqları artırdı. Fevralın 1-də Ermənistan Ətraf Mühit Nazirliyi məlumat yaydı ki, məhz bu gündən yeni təkanla Göyçə gölünün indiyə qədər inventarlaşdırılmış problemlərinin həllinə yönəlmiş proseslər başlayır. Müharibədən sorakı vəziyyət düşməni artıq tamamilə fərqli baxımdan Göyçə gölünün taleyindən narahat olmağa məcbur edirdi. Ümumi təsvirdə Arpaçay və Bazarçay problemi qəbul edilirdi. Çünki müharibə nəticəsində Göyçə gölünü qidalandıran iki əsas çay - Arpaçay və Bazarçay sutoplama hövzələri Azərbaycanın nəzarəti altına keçib. Ermənistanın içməli və suvarma su ehtiyatlarının demək olar 80 faizindən çoxunun isə Kəlbəcər su toplama hövzəsindən başlanğıcını aldığı məlumdur.

Qeyd edək ki, Ermənistanın suvarma sisteminin böyük hissəsi torpaq xəndəklərindən keçir. Əsas kanalların təxminən 75 faizi (birbaşa çaylar və ya su anbarlarından qidalanan) beton borularla örtülüb. Lakin yerdə qalan 25 faiz böyük bir itkiyə səbəb olur, çünki hər il on minlərlə ton su əsas kanallardan keçir, bunun minlərlə tonu sadəcə torpağa hopur. Hətta məlumata görə, suyun borulardan axan yerlərdə heç də hamısı saz vəziyyətdə deyil. Borular bəzi yerdə köhnəlmiş, bəzi yerdə isə qəsdən deşilib (su oğurlamaq üçün) və bəzi yerlərdə sadəcə oğurlayıblar. Ermənistanda daxili suvarma sistemlərindəki vəziyyət daha pisdir. Bu sahədə cəmi 15-20 faiz beton borular çəkilib, qalanları torpaq xəndəklərdir. Bütün bunları əlavə etdikdə məlum olur ki, Ermənistanda suvarma suyunun itkisi təxminən 50-55 faizdir.

Xatırladaq ki, Sovet hakimiyyəti illərində Ermənistanda bir neçə böyük su anbarı tikilib. İndi Ermənistanda işləri tamamlanmamış dörd su anbarı qalıb. Bunlar, Yeğvard, Kaps, Vedi və Mastara su anbarlarıdır. Bütün bu qurğuların tikintisi başa çatsa, suvarma suyunun ehtiyatını təxminən 200 milyon kubmetr və ya 20 faiz artıra bilər. Lakin yalnız Vedi su anbarında aktiv tikinti işlərinin aparıldığı bildirilir. Mövcud qiymətlərə və standartlara görə su anbarı tikmək ucuz deyil. Bir kubmetr həcmi üçün 3-4 dollar, yəni nəticədə yüz milyonlarla dollar lazımdır. Ancaq bu xərclər həyati məna daşıyır. Mütəxəssislərin çöl ölçmələrinə görə, əvvəllər iyul-avqust aylarında Ağrı vadisində gündə bir hektardan 50-60 ton su buxarlanırdısa, indi 80-90 ton səviyyəsinə çatıb. Bir sözlə, hazırda su istehlakı və saxlanması ermənistan üçün hər zamankından daha vacib hala gəlib. Mütəxəssislər isə vəziyyətin daha da ağırlaşa biləcəyini, qarşıdakı illərdə Ermənistanın ciddi su qıtlığı ilə üzləşəcəyini istisna etmirlər.

Sevinc Azadi, “İki sahil”