01 noyabr 2025 16:43
142

Azərbaycan Küveytdə keçirilən beynəlxalq vəkillər konfransda təmsil olunub

Əl-Küveyt şəhərində Küveyt Vəkillər Kollegiyasının təşkilatçılığı ilə "Gələcəyə istiqamət verən baxış" adlı beynəlxalq konfrans keçirilib.

Dünyanın bir çox ölkələrinin Vəkillər kollegiyalarının rəhbərləri, vəkillər və hüquqşünasların qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov təmsil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, konfransda Ş. Məmmədov "Hüquq peşəsinin inkişafı; Yerli və qlobal miqyasda" adlı paneldə çıxış edərək iştirakçıları salamlayıb, VK-nın tarixi, son illər hüquq islahatları çərçivəsində görülən işlər, vəkillərin sayı, vəkillik institutunun daha da gücləndirilməsi barədə, o cümlədən fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və müasir idarəçilik prinsiplərinə əsasən modernləşdirilməsi istiqamətində atılan fundamental addımları diqqətə çatdırıb.

Sədr müavini bildirib ki, Kollegiya beynəlxalq əlaqələrin genişləndirilməsinə və hüquq təşkilatları ilə səmərəli əməkdaşlığın inkişafına xüsusi önəm verir. Həmçinin Şahmar Məmmədov vəkilliyə qəbul qaydalarından, elektron xidmətlərdən, VK-nın maliyyə müstəqilliyindən, gənc hüquqşünaslara göstərilən dəstəkdən, vəkillərin tədrisindən, pulsuz və dövlət hesabına hüquqi yardımdan, sosial aksiyalardan, ictimai fəaliyyətdən, idman sahəsindəki uğurlardan, maddi texniki bazanın yaxşılaşdırılmasından, habelə Hüquqi Yardım Mərkəzi, Tədris Mərkəzi, komitələrin və Qadın Vəkillər Alyansının fəaliyyətindən geniş danışıb.

Sədr müavini çıxışında vurğulayıb ki, son illərdə aparılan məqsədyönlü islahatlar nəticəsində vəkillik institutunun nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə vəkillərin roluna və fəaliyyətinə etimad daha da güclənib, göstərilən hüquqi yardımın keyfiyyətində müsbət nəticələr əldə olunub.

Səfər çərçivəsində Ş. Məmmədov müxtəlif ölkələrdən olan Vəkillər kollegiyalarının rəhbərləri və vəkillərlə görüşlər keçirib, hüquq sahəsində aktual problemlər, müasir yanaşmalar və qabaqcıl təcrübələr barədə müzakirələr aparıb. Həmçinin sədr müavini beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquq sahəsində davamlı islahatlar, vəkillərin peşəkar hazırlığının artırılması ilə bağlı hüquqi mexanizmlərin tətbiqi istiqamətində fikir və təcrübə mübadiləsində iştirak edib.