28 iyul 2021 21:00
2960

Şuşa və Bakı Bəyannamələri: Üç qalib dövlətin Zəfər salnaməsi

Türkiyə, Azərbaycan, Pakistan  parlamentləri sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi regonal güc mərkəzinin təkzibolunmaz əbədi ünvanıdır

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edən Prezident İlham Əliyev   Bakıda gerçəkləşən birinci üçtərəfli görüşü regional təhlükəsizliyin təminatı baxımından mühüm tarixi hadisə adlandırdı. Vurğulandı ki,  Türkiyənin  və Pakistanın   Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyini  xalqımız  müzəfər ordumuzun Qələbəsi, qardaşlığın Zəfəri kimi böyük coşqu ilə qeyd etdi.  İkinci Qarabağ müharibəsindən sonra  sevincini  qeyd edən insanların hər üç dövlətin rəmzi olan bayraqları birlikdə dalğalandırmaları dost ölkələrə  xalqımızın minnətdarlıq cavabı idi.   Milli-mənəvi dəyərləri, tarixi eyni olan Türkiyə ilə Azərbaycanın əsrlərin sınağından çıxan birliyinin sübutuna ehtiyacı yoxdur. Dar məqamlarda belə biri-birinə dayaq olmağı borc yox, qardaşlıq köməyi kimi  müqəddəs bilən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın alternativinin olmadığını dəfələrlə bildirən,  türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün və  Heydər Əliyevin bu həmrəyliyə verdikləri dəyərləri  əməli işi ilə davam etdirən Prezident  İlham Əliyevin vurğuladığı kimi,    bu iki qardaş dövlət dünyada biri-birinə  ən yaxın  ölkələrdir. «Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.»

İkinci Qarabağ müharibəsində  Türkiyənin xalqımıza göstərdiyi mənəvi, siyasi dəstəyi «Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir» sözləri  ilə bildirən  Prezident İlham Əliyevə   türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın cavabı da qardaş səmimiyyətindən qaynaqlanır: «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.»

Hər iki dövlətin başçılarının imzaladıqları  «Şuşa Müttəfiqliyi»   Bəyannaməsi ilə  bu qardaşlığın  daha böyük perspektivləri açıqlandı. Bütün xalqlarla bərabərlik, qarşılıqlı anlaşma şəraitində yaşamaq prinsiplərinə  xarici siyasətinin əsas istiqamətləri kimi  sadiq qalan Azərbaycana ən çətin məqamlarda, Vətən müharibəsində dəstək olan ölkələrdən biri də Pakistandır.  Qardaş  Türkiyədən sonra  Pakistanın Azərbaycanın müstəqilliyini tanıması ilə iki dost ölkə arasında yaranan, möhkəmlənən siyasi, iqtisadi, hərbi əməkdaşlıq illərdən bəridir strateji tərəfdaşlıq səviyyəsində  davam edir.  Azərbaycanla həmrəyliyini Ermənistanla sərhədlərini bağlamaqla bildirən  Türkiyə kimi Pakistanın da bu günədək  işğalçı dövlətlə heç bir əlaqəsi yoxdur.   Prezident İlham Əliyevlə keçirilən görüşlərdə dost ölkələrlə əməkdaşlıq yüksək qiymətləndirildi,  parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı,  dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü ilə  bu əminlik rəsmiləşdirildi.  Qeyd olunduğu kimi müsəlman ölkələri arasında da fərqlənən  Azərbaycan, Pakistan və Türkiyənin   üçtərəfli formatda davam edən   əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə edir. İllərdən bəridir Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur.  Bu platformanın yaranması təklifini Pakistanda olarkən irəli sürən Milli Məclisin spikeri  Sahibə Qafarovanın təşəbbüsü bəyənildi. Hər üç ölkənin  parlamentləri arasında əməkdaşlıq formatı təsis edildi.  Məntiqi nəticə isə   Şuşa Bəyannaməsindən sonra ölkəmizdə   Azərbaycan, Türkiyə, Pakistan arasında imzalanan Bakı Bəyannaməsi oldu. Regional təhlükəsizliyin təminatı, müsəlman ölkələrinin birliyinin möhkəmləndirilməsi, qərəzli dairələrin bilərəkdən formalaşdırdıqları islamofofiyaya qarşı mübarizənin genişləndirilməsi baxımından tarixi hadisə olan Bakı Bəyannaməsinin imzalanması  hələ də  «Dağlıq Qarabağ münaqişəsi»nin bitmədiyi eyforiyasını yaşayanlara, Ermənistanı revanşist çağırışlar səsləndirməyə vadar edənlərə layiqli cavabdır. Dost ölkələrin parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə  İslamabad şəhərində keçirilməsi ilə bağlı qərarın qəbulu  o deməkdir ki, yaxın gələcəkdə bu birliyin  bölgədə nüfuzu daha da artacaq, əməkdaşlığın coğrafiyası genişlənəcək, Cənubi Qafqazda söz sahibi olmaq istəyənlərin  qarşısına əbədi  qırmızı xətt çəkiləcək. Əslində, Bakı Bəyannaməsi «İki millət, üç dövlət» ifadəsinin  təqdimatıdır. Hədəf üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək, gücləndirməkdir.

Mətbuata açıqlamasında  imzalanan sənədin əhəmiyyətini  «Bu bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturuq. Bu günə qədər də Azərbaycan millət vəkillərinin olmadığı beynəlxalq platformalarda Türkiyə deputatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Azərbaycanlı deputatlar da Türkiyə millət vəkillərinin olmadığı platformalarda eyni mövqedən çıxış ediblər”» sözləri ilə bildirən TBMM-nin sədri Mustafa Şentop  hər üç dövlətin maraqlarına uyğun fəaliyyət istiqamətlərinin birgə müəyyənləşdiriləcəyini bildirmişdir. Siyasi, iqtisadi, regional təhlükəsizliyin  təminatı baxımından önəmli addım və hər üç dövlət başçısının siyasi iradəsinin, qətiyətinin nəticəsi olan Bakı Bəyannaməsi qardaş dövlət və xalqlar arasında mövcud münasibətləri strateji əməkdaşlıq səviyyəsində  inkişaf etdirəcək, terrorizmə, kiberhücumlara, hibrid müharibə formalarına, təxribat kampaniyalarına qarşı birgə mübarizə təmin olunacaq. Müsəlman icmalarına  yönələn təhdidlərə, islamofobiyaya birgə mübarizədə  beynəlxalq hüququn prinsipləri və normalarına, ölkələrin tərəfdar olduqları beynəlxalq müqavilələrə, öhdəliklərə sadiqlik  çərçivəsində əməl olunacaq.   Üç  ölkə arasında iki və çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığın  parlamentlərdəki daimi komitələr, dostluq qruplarının iştirakı ilə  inkişaf etdirilməsi  sənəddə nəzərdə tutulan şərtlərdəndir.

Beynəlxalq mübahisələrin həllində və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolunu artırmaq, konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu platforma yaratmaq, qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərdə  qadın millət vəkillərinin rolu və məsuliyyətinin, təşəbbüskarlığının artırılması, milli  ayrı-seçkilik və müsəlman azlıqların üzləşdiyi zülmə qarşı mübarizədə səylərin əlaqələndirilməsi, nəqliyyat, ticarət, enerji, insanlar arasında təmas, təhsil, sosial və mədəni mübadilə, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində regional əlaqələr sahəsində təkmil iş birliyinin yaradılması məsələləri perspektiv üçün əsas fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur.  Sənəddə  dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə və ölkələrin beynəlxalq səviyyədə təsdiqlənən sərhədlərinin toxunulmazlığına güclü dəstək ifadə olunur. Eyni zamanda,   Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası pislənilir. İşğaldan  azad olunmuş torpaqları bərpa etmək və köçkünləri evlərinə qaytarmaq prosesində Azərbaycanla tam həmrəylik Bəyannamədə əks olunur.

Bəyannaməni qürurverici addım adlandıran rəsmilərin vurğuladığı kimi,  Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi, hərbi  gücü formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönələn   Şuşa Bəyannaməsindən sonra Bakı  Bəyannaməsinin imzalanması etibarlı güc mərkəzinin formalaşdırılmasıdır. İslam həmrəyliyinin ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri baxımından da  əhəmiyyətlidir. Bakı Bəyannaməsi ölkələr arasındakı  diplomatik əməkdaşlıq, Azərbaycanın mövqeyinin daha etibarlı müdafiəsi baxımından bu gün daha vacibdir. Vətən müharibəsi başa çatsa da , regionda maraqlarını itirməkdən qorxan bəzi dövlətlər hələ də  «münaqişə» sözünü işlətməkdə davam edirlər. Azərbaycanın tam Qələbəsi, Ermənistanın sülh sazişini imzalaması baxımından bu birlik zamanın tələbindən yaranan zərurətdir. Bu gün daha aktual olan  Zəngəzur dəhlizi ilə bağlı hər üç dövlətin  maraqlarının eynilik təşkil etməsi baxımından da  Şuşa və Bakı Bəyannamələrini  üç qalib dövlətin  Zəfər salnaməsi  adlandırmaq daha doğru olar.  Bu ölkələr arasındakı hərbi əməkdaşlığa  mane olan «Dağlıq  Qarabağ münaqişəsi»nin aradan qaldırılması, artıq sülh müqaviləsi ilə bağlı  danışıqların aktuallaşması, intensivləşməsi, gerçəkləşməsi   Ermənistanı çıxılmaz dalan qarşısında  qoyur. Hər iki Bəyannamə Ermənistanın gələcəyini düşünməyib öz maraqları naminə işğalçıya həlli mümkün olmayan vədlər verənlərin də  qarşısında  keçilməz səddir.  Dünyada hələ də mövcud olan, geosiyasi maraqlarını gerçəkləşdirmək istəyən dairələrin ideoloji silah kimi sadiq qaldıqları ikili standartlara, təxribatlara qarşı mübarizə silahı bu  «üçlüyün» sarsılmaz  birliyi, gücü, qüdrəti olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»