30 iyul 2021 21:01
1652

Azərbaycan iqtisadiyyatı: Pandemiya şəraitində tərəqqi

Dünya iqtisadiyyatının koronavirus pandemiyasından əziyyət çəkdiyi bir dövrdə bizim iqtisadiyyatımıza xarici sərmayə qoyuluşu bu gün də davam edir

Dünyada geoiqtisadi risklərin yüksəlməsi və problemlərin dərinləşməsi, neftin qiymətindəki qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Hətta qlobal maliyyə böhranı zamanı da Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaratmışdı. Dünya ölkələrinin böyük əksəriyyəti hələ də iqtisadi tənəzzüldə olduğu bir vaxtda Azərbaycanda bu ilin ilk 6 ayında ümumi daxili məhsul istehsalı 2,1 faiz artıb. Bu da Azərbaycanın iqtisadi inkişaf modelinin yeni nümunəvi xarakerə malik olduğunu nümayiş etdirir. Azərbaycan iqtisadiyyatında  qeydə alınan artım əsas  etibarilə qeyri-neft-qaz sektoru hesabına təmin edilir. Belə ki, neft-qaz sektorunda əlavə dəyər cari ilin ilk yarısında 4,7 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 5,1 faiz artıb. Sənaye istehsalıda azalmaya əsas səbəb OPEC+ razılaşmasının yerinə yetirilməsi çərçivəsində neft hasilatı həcminin aşağı salınmasıdır. Bununla belə bu ilin ilk 6 ayında qeyri-neft sənayesi 16,6 faiz artıb. Qeyri-neft sektorunda dinamik artım ixrac həcminin çoxalmasına da müsbət təsir edir. Cari ilin ilk yarısında Azərbaycandan ixrac edilən məhsulların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz artıb. Qeyri-neft sektoru üzrə ixrac artımı isə 27 faizdən yüksəkdir. Bütün bunlar nəticəsində hesabat dövründə Azərbaycanın xarici ticarətində 3,4 milyard dollarlıq müsbət saldo qeydə alınıb. Bu tendensiyanın qarşıdakı müddət ərzində də davam etməsi gözlənilir. İqtisadi artımda ticarət, nəqliyyat sektoru, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, informasiya və rabitə, turizm və xidmət sektoru kimi qeyri-neft sektoruna aid sahələr də mühüm rol oynamaqdadır.

Təcrübə göstərir ki, iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən istər-istəməz iqtisadi dinamikada da geriləmə müşahidə olunur. Buna görə hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır. Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin müqavilə imzalanandan sonra neft sənayesi ilə yanaşı, bu sahəyə yaxın olan digər istehsal və xidmət sahələrinə də kapital qoyulmağa başlandı. Bu isə tədricən ölkə iqtisadiyyatının bütün sahələrinin canlanmasına imkan verdi. İlk növbədə, infrastruktur layihələrinin icrasına böyük miqdarda yatırımlar qoyulurdu. Nəticəsi göz qabağındadır. Bu gün Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəhəng tranzit ölkədir. “Şimal-Cənub” marşrutunda da açar ölkə bizik. Ələt Beynəlxalq Ticarət Limanı isə regionumuzda ən böyük yükötürücü qabiliyyəti olan nəqliyyat infrastrukturudur. Azərbaycan beynəlxalq əhəmiyyətlik hava limanlarının sayına görə də regionda liderdir. Bu üzdən beynəlxalq maliyyə təşkilatları və Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünyada mükəmməl nəqliyyat infrastrukturuna malik ölkə kimi dəyərləndirirlər.

Dünya iqtisadiyyatının koronavirus pandemiyasından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşu bu gün də davam edir. Belə ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 309,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala qoyulan vəsaitin 2 milyard 37,3 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Sevinc Azadi, “İki sahil”