03 avqust 2021 19:01
1182

Azərbaycan bundan sonra da inkişaf, müstəqillik yolu ilə gedəcək

Cənab İlham Əliyevin Baş nazir təyin olunmasından 18 il keçir

Cənab İlham Əliyev 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edildi. Həmin  il 15 oktyabrda  isə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin  səsini qazanaraq  Prezident seçildi. 

İki ay Baş nazir vəzifəsini icra edən cənab İlham Əliyevin elə həmin il keçirilən prezident seçkilərində qələbə qazanaraq Prezidentlik fəaliyyətinə başlaması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. Məhz bu məqamlara söykənərək  cənab İlham Əliyev Prezident kimi mətbuata ilk müsahibəsində perspektivlərdən söz açarkən bildirmişdi: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirən Prezident İlham Əliyev Ümummilli Liderin şah əsəri olan Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə söz vermişdi. Ötən 17 ildən artıq dövrdə  qazanılan uğurlar, Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınması o deməkdir ki, verilən vədlər yerinə yetirilir.

Tarixi Qələbəmizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibə verən cənab İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalının  «Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz» sualını cavablandırarkən bildirmişdir ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.»

  Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirmişdir ki,  dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz: «Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.»

  Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti,  xalqımızın dəmir yumruq kimi birləşməsi sayəsində 30 ilin nisgilinə, işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.  6 şəhər, 5 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edən, üçrəngli bayrağımızı bu ərazilərdə dalğalandıran Azərbaycan Ordusu noyabrın 8-də Qarabağın tacı Şuşamızı  düşmən tapdağından azad etdi. Şuşanın işğaldan azad olunduğu gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  Zəfər Günü  kimi təsis olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev  noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla qeyd etdi.

Zəfərə gedən yolumuza qısa nəzər salaq. “Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisi ilə respublikaya rəhbərliyə başlayan, Azərbaycanın inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatların həlli, ordu quruculuğu, məcburi qaçqın və köçkünlərin həyat səviyyəsinin yaxşılaşması ilə birbaşa bağlı olduğunu bildirən cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası, islahatların geniş sferada həyata keçirilməsi nəticəsində ölkəmizdəki dinamik inkişaf başqalarına nümunə göstərilir. Azərbaycanın inkişaf modelinin uğurları dünyada təbliğ olunur. Son illərdə texnoloji inkişafa böyük önəm verilmiş, qlobal enerji və nəqliyyat layihələri icra edilmiş, Azərbaycan qüdrətli ölkə kimi dünyanın enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında TANAP istifadəyə verildi, 2020-ci il dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin digər seqmenti olan TAP işə düşdü. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə  regional inkişafın aparıcı  qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi.

  Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyi üçün əsasdır. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və dünyada baş verən siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verən ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə olsa da belə mühüm görüşlər üçün Azərbaycanın seçilməsi cənab İlham Əliyevə, dövlət başçısının  yürütdüyü xarici siyasətə beynəlxalq səviyyədə göstərilən etimaddır. Qlobal enerji və nəqliyyat layihələrini reallaşdıran, qüdrətli ölkə kimi tərəfdaşlıq formatı yaradan, güc, dialoq, mərkəzi, humanitar platforma kimi də tanınan Azərbaycanın paytaxtı  “Ekspo-2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. “Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır” söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı, verdiyi vədələrə sadiq siyasi iradəyə malik lider olduğunu təsdiqlədi.

Sosial, iqtisadi inkişafı ilə nümunə göstərilən Azərbaycan dəstəklənən xarici siyasəti ilə də beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan söz açan cənab İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü zamanı baş verən proseslərdən də söz açaraq bildirir ki, dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 10 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik.

 Beynəlxalq adəmdə mövqeyi möhkəmlənən Azərbaycan 120 ölkənin qərarı ilə üç il müddətinə, BMT-dən sonra ən nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməkdədir. Həmin müddətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik də Azərbaycana nəsib olub. Yəni, eyni müddətdə Avropa və Şərq dövlətlərinin təmsil olunduğu hər iki təşkilata rəhbərliyin ölkəmizə həvalə olunması sivilizasiyalararası dialoq mərkəzinə çevrilən, Qərb ilə Şərqi birləşdirən Azərbaycana göstərilən yüksək etimad, vədinə sadiq dövlət başçısı kimi etibar qazanan cənab İlham Əliyevin nüfuzuna hörmətdir.

Qoşulmama Hərəkatına sədrliyin böyük məsuliyyət tələb etdiyini bildirən dövlət başçımızın bu etimadı da doğruldacağına əminlik Hərəkatın XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi oldu. “Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri - 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir» söyləyən cənab İlham Əliyev bildirir ki, o ölkələr bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb.” Dövlət başçılarına xalqın etimadı ilə bağlı beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularında daha çox reytinq qazanaraq ilk sıralarda yer alan, dəfələrlə “İlin siyasətçisi”, “İlin adamı” adına layiq görülən Prezident İlham Əliyev Azərbaycana bu inamı qətiyyəti, sözünün qüdrəti, cəsarəti ilə qazandırıb. Praqmatik düşüncəli, böyük şəxsiyyət olduğunu cəmi üç dövlət başçısının dəvət olunduğu “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” sərsəmləməsinə verdiyi cəsarətli cavabı ilə də göstərdi: “Birincisi, yumşaq desək bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.” MDB Dövlət Başçılarının Aşqabad Sammitində də Ermənistanın baş nazirini nasizmi dəstəklədiyi üçün tənqid edən Prezident İlham Əliyev Yerevanın mərkəzi meydanında Hitlerin silahdaşı olan Njdeyə qoyulan abidəni İkinci Dünya müharibəsində həlak olanların ruhuna hörmətsizlik adlandırdı: “Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.”

 44 günlük İkinci Qarabağ müharibəsi  Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, Ermənistanın və ona havadarlıq edən dövlətlərin əsl simalarının təqdimatı oldu. 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın tarixi Qələbəsi təsdiqləndi. Azərbaycan Ordusu işğalçı dövlətə diz çökdürdü. Son 17 ili Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlıq dövrü kimi xarakterizə edən dövlət başçısı İlham Əliyev ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticəsi kimi ordumuzun dünyanın ən güclü 50 ordusu sırasında yer almasını xüsusi qeyd etdi.  Keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində  Azərbaycan Ordusu  hansı imkanlara malik olduğunu nümayiş etdirirdi. Bununla yanaşı, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri Azərbaycan Ordusunun malik olduğu imkanları, eyni zamanda, hər an torpaqlarımızı işğaldan azad etmək əzmində, qüdrətində olduğunu nümayiş etdirdi.  Xalqımız tam əmin idi ki, torpaqlarımızın bir qarışı belə işğal altında qalmayacaq. Bu əminliyə əsas verən xalqımızın torpaq, Vətən sevgisi, ən əsası  Azərbaycanın bütün sahələrdə davamlı uğurlar qazanması, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi.  

Azərbaycanın bu illər ərzində demokratik istlahatlar sahəsində qazandığı uğurlar da təqdirəlayiqdir. Bütün demokratik təsisatların inkişafı istiqamətində   mühüm addımlar atılıb.  Söz, mətbuat azadlığı təmin edilib, insan hüquqlarının qorunması üçün yeni müdafiə mexanizmləri müəyyənləşdirilib, idarəçilik siçtemində təkmilləşmə həyata keçirilib, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün  Seçki Məcəlləsində təkmilləşmələr aparılır. 2003-cü ildə qəbul olunan Seçki Məcəlləsi bütün seçki proseslərinin, referendumun dünya standartlarına uyğun keçirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün əlverişli mühiti mövcuddur. Yeni «Siyasi partiyalar haqqında» qanunun qəbulu  onlara fəaliyyətlərini genişləndirmələrinə stimul verir. 

Əvvəldə də qeyd etdiyimiz kimi,  son  18 ilin uğurlarını  bir yazıda əhatə etmək qeyri-mümkündür. Görülən işlərə, verilən vədin konkret əməli işdə öz təsdiqini tapmasına xalqın dəstəyi bu illər ərzində keçirilən 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində cənab İlham Əliyevin qələbəsini təkrarlamasıdır. Xalqın böyük etimadını qazanan Liderə milyonların sevgisi şəksizdir. Bu gün cənab İlham Əliyevə qalib ölkənin qalib Lideri kimi ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün işğaldan azad edilmiş torpaqlarımız sevinc içərisindədir.  Şuşamız tez-tez qonaqlarını qarşılamaqla ən mühüm sənədlərin imzalanmasına, Cıdır düzündən  dünyaya mesajların ünvanlanmasına şahidlik edir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa 28 il əsarətdə olsa da, əyilmədi.

Bu il müstəqillik tariximizin 30-cu ildönümünü qeyd edəcəyik. Bu yubileyi xalqımız  xoş ovqatla, ərazi bütövlüyü təmin olunan Azərbaycanın məğrur, yenilməz xalqı kimi qeyd edəcək. Dövlət başçısı İlham Əliyevin çıxışlarında söylədiyi “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə» fikirləri  Azərbaycanın müstəqillik tarixində keçdiyi yolun aydın mənzərəsini yaradır.  Cənab İlham Əliyevin çağırışları sırasında bu məqam xüsusi yer alır ki, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar.

Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində torpağa, Vətənə bağlılıqlarını bir daha nümayiş etdirdilər. Bu gənclər cənab İlham Əliyevin Prezidentliyi dövründə  yetişən gənclər idi. Bu gün yeganə problemimiz olan dağlıq Qarabağ münaqişəsinin də tarixə qovuşmasına görə  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna təşəkkürümüzü bildirir,  şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Bu gün ölkəmizin qarşısında yeni imkanlar açılıb.  Cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində  bütün hədəflərə nail olacaq, Qarabağımızı cənnət məkana çevirəcəyik.  Bu gün Azərbaycan qalibdir! Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarımıza qalib Lider kimi səfər edir.  Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Ulu Öndər 2003-cü il oktyabrın 1-də prezident seçkilərində xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan  «Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik» tezisi dünənimizə və  gələcəyə baxışdır.

Yeganə Əliyeva, «İki sahil»