12 avqust 2021 21:13
1675

Bəşər tarixində təkrarolunmayan hadisələr

Bəşər tarixi müharibə, fəlakət, epidemiya və bu kimi bir çox hadisələrin şahidi olub. Bu yazıda  heç zaman təkrarolunmayan hadisələr haqqında topladığımız  maraqlı məlumatları təqdim edirik.

Dünyanın ən böyük ofis binası

İnsanlar dünyanın ən böyük binasını düşündükdə, çox güman ki, göylərə uzanan bir göydələni təsəvvür edirlər, amma əslində söz açdığımız bu bina yalnız 7 mərtəbəlidir.1955-ci ildə rekorda imza atan və şöhrətini illər boyu qoruyub saxlayan bu bina Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən  Pentaqondur. Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətçi personal çalışır. Nəhəng Pentaqonun beşbucaqlı quruluşunun mərkəzi hissəsində sahəsi 20 min m² olan boş park sahəsi yerləşir.

Pentaqon binası ABŞ hərbi gücünün simvolu hesab edilir və "Pentaqon" sözü binanın özündən daha çox ABŞ Müdafiə Nazirliyini ifadə etmək üçün istifadə edilir.

Nəhəng kalmar

ABŞ-da baş verən daha bir qəribə hadisə bu ölkənin dəniz sularında cəmi bir dəfə görünən nəhəng kalmar olub. Suyun 750 metr dərinliyində görüntülənən bu canlıların Yaponiya sularında yaşadığı bilinir.

Ən zəngin insan

2020 –ci ildə dünyanın ən zəngin adamı  kimi 146.9 milyard dollar sərvətə sahib olan məşhur  Amazon saytının qurucusu Jeff Bezos seçilmişdir. Lakin bu, dünya tarixində seçilmiş ən  böyük sərvət deyil. Zənginlik baxımından Bezosdan üstün olan adam, ABŞ-da neft istehsalının 90 %-nə nəzarət edən Con Rokfeller olub. 1870-ci ildə  məşhur “Standard Oil Company” şirkətini yaradan Rokfeller  neft yataqlarının axtarışı ilə məşğul olmağa başlayır. Qardaşı Villiam Rokfellerlə birgə “Standard Oil Company”nin vasitəsilə Amerikanın neft sanayesini cəmləşdirməyə başlayır. Rəqiblərinə seçim şansı belə verməyən qardaşlar 1874-cü ildə Klivlenddəki 26 müstəqil emal şirkətinə birləşməyi təklif edirlər və 20 şirkət Rokfeller qardaşlarının bu təklifini qəbul edir. Bunun nəticəsində “National Rafinery Association” yaradılır.1879-cu ildə onların zəbt müharibəsi başa çatır. Dəmiryollarına da sahiblənən Rokfellerlər beləcə, 10 il ərzində bir çox quyu sahiblərini özlərinə birləşdirməklə rəqiblərini də eyni qiymətə neft satmağa məcbur edərək, onların iflasına yol açırlar. Rokfeller monopoliyaya qarşı mübarizəni nəzərdə tutan Şerman qanununun qəbuluna qədər ABŞ-ın neft sənayesinin 90 %-nə nəzarət etməyi bacarırlar. 1882-ci ildə Con Rokfeller ailənin varidatını idarə etmək məqsədilə “Rockefeller & Co” şirkətini təsis edir. Həyatının sonuna yaxın Con Rokfeller “Standard Oil Company”dən əlavə 16 dəmiryol, 6 polad şirkətinin , 9 bankın , 6 gəmiçilik şirkətinin , 9 əmlak firmasının və  3 portağal plantasiyasının sahibi idi.1937-ci ildə vəfat edən milyarderin sərvəti 418 milyard dollar idi. “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən varlı insanı kimi daxil olan Rokfellerin rekordunu hələ də heç kəs təkrarlamayıb.

Qeyri-adi İsaak qasırğası

Bu hadisələrdən biri Şimali Amerikada yerləşən Missisipi çayında meydana gəlib. Uzunluğuna görə dünyanın dördüncü çayı olan Missisipi 2012-ci ildə ABŞ-da tüğyan edən İsaak qasırğası səbəbindən 24 saat ərzində əks istiqamətə axıb.

Təkrar olunmayan siqnal

Bundan 43 il əvvəl — 1977–ci ildə “Böyük qulaq” (Big Ear) adlı radioteleskop kosmosdan 72 saniyəlik çox güclü səs dalğası qeydə alıb. Aparılan hesablamalara görə, siqnal Oxatan ulduzu bölgəsində yerləşən dünyadan 120-220 işıq ili uzaqlıqdakı “Chi Sagittarii” ulduzundan gəlib. Siqnalı qeydə alan mütəxəssis onu “Wow” olaraq işarələyib. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, siqnalı təkrar almaq mümkün olmayıb.

Ən effektiv peyvənd

Çiçək xəstəliyi tarixdə cəmi bir dəfə görünən, ən ölümcül və tamamilə yox edilən yeganə insan xəstəliyidir. Müalicəsi olmayan bu xəstəlik üçün hazırlanan peyvənd onun yoxa çıxmasına səbəb olub ki, bu da o zamana qədər hazırlanmış ən effektiv vaksin kimi tarixə düşüb.

Qeyri-adi epidemiya

Belə misli görünməmiş hadisələrdən biri 1518-ci ildə Strasburqda yayılan “rəqs epidemiyası”dır. Epidemiya bir qadının yalnız özünün eşitdiyi musiqi sədaları altında dayanmadan rəqs etməsi ilə başlayıb. Sonrakı bir həftə ərzində xəstəlik daha 34 nəfərdə aşkar olunmuşdu və hətta bu rəqəm 400-dək yüksəlmişdi. Bu xəstəlikdən əziyyət çəkən insanların  bəziləri infarkt, yorğunluq kimi müxtəlif səbəblərdən ölüblər. Elm adamları bu hadisəni psixoloji pozuntu kimi qiymətləndiriblər.

Ən çox qızıl medalı olan idmançı

Hər hansı bir idman növündə qızıl medal qazanmaq inanılmaz dərəcədə çətindir. Olimpiya medalına sahib olmaq bir idmançını lider kimi təqdim edən bir müvəffəqiyyətdir. Məşhur üzgüçü Michael Fhelps ən çox  qızıl medal  qazanan idmançı kimi tarixdə iz qoyaraq, hətta “Ginnesin Rekordlar Kitabı”na da daxil olub.İdman karyerası ərzində o, 28 Olimpiya medalını qazanıb. Onlardan 23-ü qızıl,3-ü gümüş,2-si isə bürüncdür. Karyerası boyunca Olimpiadada çoxsaylı medal qazandığı üçün onun bu rekordu əbədi qoruyacağı şübhəsizdir.

Stresdən yaranan xəstəlik

Digər  qəribə epidemiya 1962-ci ildə Tanzaniyanın Kaşaşa şəhərində meydana gəlib. Qızlar məktəbində bir zarafat sonrası başlayan “gülüş epidemiyası”na burada təhsil alan 159 şagirddən 95-i yoluxub. Məlumatlara əsasən, epidemiyaya məruz qalan şagirdlərin bəziləri bir neçə saat, bəziləri isə tam 16 gün gülüb. Epidemiya müəllimlər arasında yayıldıqdan sonra — 1962-ci il martın 18-də məktəbin müvəqqəti bağlanmasına qərar verilib. Sonralar təxminən min nəfərin yoluxduğu epidemiya 14 məktəbin bağlanmasına səbəb olub. Elm adamları bu hadisənin streslə bağlı olduğunu bildiriblər.

Ən ağır çəkili insan

Tarixə ən ağırçəkili insan kimi imza atan  Con Brouer Minnok 635 kq çəkisi ilə dünyanın ən kök insanı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.Uşaqlıqdan artıq çəkidən əziyyət çəkən Con 12 yaşında artıq 133 kq ağırlığında idi. 22 yaşında isə onun boyu 1.85 metr, çəkisi isə 230 kq idi. Minnokun artıq çəkisi sağlamlığında pisləşməyə səbəb oldu.16 ay ərzində xəstəxanada qalan Minnok 419 kq arıqladı və bunu edərək yeni bir rekordada imza atmış oldu. Təəssüflər olsun ki, arıqladığından iki il sonra 42 yaşında səhhətində olan müxtəlif problemlər səbəbindən Con vəfat edir.

Samirə Tağıyeva, "İki sahil"