Bu isə o deməkdir ki, yalnız Ermənistan deyil, elə Rusiya da üçtərəfli anlaşmanı kobud şəkildə pozur
Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr, Azərbaycan liderinin, ordumuzun, xalqımızın dəmir yumruğu Ermənistanı 10 noyabr Bəyanatına imza atmağa məcbur etdi. Lakin aylar sonra aldığı dəmir yumruğun zərbəsini unudan Ermənistan yenidən təxribatlara əl atmağa, üçtərəfli Bəyanatın 4-cü bəndini pozmağa və Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizə əsgər və silah-surat daşımağa başladı.
Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bütün dünya həm Ermənistanın, həm də Rusiyanın götürdükləri öhdəlikləri yerinə yetirmədiklərinə bir daha şahid oldu: “Dövlət sərhədində atəşkəsin tez-tez pozulması ilə bərabər Ermənistan silahlı birləşmələrinin Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına yerləşdirilməsi artıq bir faktdır və separatçı rejim də öz bəyanat və məlumatlarında bunu açıq şəkildə etiraf edir. Onlar üçün silah-sursat və ərzaq daşınması isə fasiləsiz olaraq Laçın dəhlizi vasitəsi ilə həyata keçirilir.”
Politoloqun sözlərinə görə, Qarabağda erməni hərbi birləşmələrinin olması faktını Rusiya özü də gizlətmir: “3 gün öncə, yəni Müdafiə Nazirliyinin xəbərdarlığından bir gün əvvəl Rusiya Müdafiə Nazirliyinin açıqlaması yayılmışdı. Həmin açıqlamada rus sülhməramlıların nəzarətindəki ərazilərdə “erməni silahlı birləşmələri” ilə Azərbaycan Ordusu arasında atışmanın olduğu bildirilirdi. Başqa sözlə, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların nəzarət zonasında olan ərazidə erməni silahlı birləşmələri olduğunu etiraf edir. Bu isə onu sübut edir ki, 10 noyabr anlaşmasının 4-cü bəndinin tələblərinə baxmayaraq, Ermənistan ordusunun qalıqlarının tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi bölgədən çıxarılması təmin olunmayıb. Halbuki həmin sənədin 4-cü bəndinə görə Ermənistan ordusunun qalıqları Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə paralel olaraq Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin keçən 9 ay ərzində bu, nəinki baş vermədi, əksinə Rusiya sülhməramlıları erməni silahlılarını ölkəmizin ərazisindən çıxarmaq yerinə onların güclənməsinə göz yumdular, hətta separatçı qurumun rəhbərlərini rəsmi dövlət nümayəndələri kimi qəbul edərək onlarla birlikdə fəaliyyət göstərdilər. Keçən müddət ərzində biz dəfələrlə Rusiya tərəfinin üzərlərinə götürdükləri missiyanın mahiyyətinə uyğun olmayan fəaliyyətinin şahidi olmuşuq. Onların fəaliyyəti faktiki olaraq separatçılara motivasiya vermək üzərində qurulub. Bu isə o deməkdir ki, yalnız Ermənistan deyil, elə Rusiya da üçtərəfli anlaşmanı kobud şəkildə pozub. Rəsmi Bakının razılığı olmadan, Azərbaycan ərazilərində Ermənistan ordusunun qalıqlarının mövcudluğuna imkan verib. Təbii ki, Azərbaycan bütün bunlara göz yuma bilməzdi və nəticədə Azərbaycan Müdafiə Nazirliyi 10 noyabr Bəyanatından keçən son 9 ayda ilk dəfə olaraq rəsmi şəkildə rus sülhməramlılarına xəbərdarlıq etdi. Bu addım kifayət qədər ciddi addımdır və Rusiyanın bundan nəticə çıxarması vacibdir. Belə ki, Müdafiə Nazirliyinin məlum açıqlaması Azərbaycanın möhkəm və dayanıqlı sülhün bərqərar edilməsində maraqlı olduğunu nümayiş etdirməklə yanaşı həm də bütün dünyaya Ermənistanın, o cümlədən də Rusiyanın 10 noyabr Bəyənatının icrasında maraqlı olmadıqlarını sübut etdi. Bu xəbərdarlıqdan sonra Rusiya nəhayət ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində sülhməramlı missiyasını yerinə yetirməli, təhlükəsizliyin zəmanətçisi kimi çıxış etməli olduğunu anlamalı və bütün bunlarla birlikdə tərəfsizliyini qoruyaraq üçtərəfli Bəyanatın şərtlərinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycanın rəsmi mövqeyi budur ki, dayanıqlı sülhün taleyi razılaşmaların istisnasız olaraq icrasından asılıdır.”
Erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdə mövcudluğunun təcavüzkar niyyətli hərbi akt olduğunu və bunun məsuliyyəti sülhməramlıların üzərinə düşdüyünü qeyd edən politoloq bildirib ki, Azərbaycanın konkret və tələbkar mövqeyi sülhməramlıların erməni silahlı qüvvələrinə yolverilməz himayədarlığını tam şəkildə aradan qaldırmalıdır: “Ermənistan isə David Tonoyanın “yeni müharibələr, yeni ərazilər” fikirlərinin aqibətini yada salaraq yeni müdafiə naziri Arşak Karapetyanın öz ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrin nə ilə nəticələnəcəyini dərk etməlidir.”
Politoloq Zaur Məmmədov isə “İki sahil”ə açıqlamasında bilidirib ki, Ermənistanın arxasında olan qüvvələr Ermənistana ümidlər verməkdədir və həmin o qüvvələrin də öz məqsədləri vardır: “Bu qüvvələr içərisində xüsusilə biz Rusiyanı, İranı və Fransanı qeyd etməliyik. Bu qüvvələr müxtəlif istiqamətlərdə Ermənistana yardımlar etməyə davam edirlər. Təbii ki, sülhməramlıların gözü qarşısında onların icazəsi ilə İrandan Laçın dəhlizi vasitəsilə Xankəndinə yüklərin daşınması açıq şəkildə Azərbaycana qarşı qərəzli siyasətdir. Bu, sübutdur və bunu heç bir bəhanə ilə ört-basdır etmək mümkün deyil”
Politoloq qeyd edib ki, bəzi dövlətlər öz geosiyasi maraqlarının hələ də köhnə ənənələrə uyğun olaraq davam etdirmək istəyirlər və başa düşmək istəmirlər ki, bir ölkənin ərazi bütövlüyünə qarşı bu qədər qərəzli və ikili standartalarla müşayiət olunan siyasət aparmaq düzgün deyil: “Onların öz ölkələri daxilində də kifayət qədər ciddi şəkildə etnik və konfessional qruplar yaşayırlar və yaxşı olardı ki, Cənubi Qafqazda bu kimi təxribatlara son qoysunlar. O ki qaldı Ermənistana, təbii ki, işğalçı dövlətin “böyük Ermənistan” xülyası hələ də yaşamaqdadır. Ermənistan hakimiyyətində kimlərin olmasından asılı olmayaraq iqtidar cəmiyyətin, toplumun güzgüsü qismində iştirak edir. Onlar öz məkrli planlarını bir neçə ildən sonra həyata keçirmək istəyəcəkdilər. Hazırda isə güclənmək niyyətindədirlər. Lakin bütün bu planlar iflasa uğrayacaq. Biz bunu 30 il ərzində gördük, bundan sonra da görəcəyik. Ancaq bir daha müharibə olarsa, artıq bu, Ermənistan dövlətinin varlığını sual altında qoyacaq.”
Röya Rasimqızı, “İki sahil”