17 avqust 2021 22:37
1280

İzahı çətin olan məkanlar - FOTOLAR

Qanlı şəlalə

Antarktidanın şərqində, Teylor vadisində yerləşən "Qanlı şəlalə" görənləri heyrətə gətirir. Qan-qırmızı dəmir oksidli axıntı Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Qanlı şəlalə 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması qırmızı yosunla əlaqələndirilsə də, sonradan səbəbinin paslanmış dəmir olması müəyyən edilib. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Deyilənlərə görə, bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalıb. Göl suyunun duzluluğu okean suyunun duzluluğunu 10 dəfə üstələyir. Bu səbəbdən hətta –10 °C temperaturda belə göl donmur. Hal-hazırda "Qanlı şəlalə"nin altında olan göl normal dəniz suyundan 3 dəfə artıq duzludur və donması qeyri mümkündür. Materikdən ayrılması ilə bərabər atmosferlə əlaqəsi kəsilən göl heç gün işığı da ala bilmir və oksigendən məhrumdur. Şəlalənin olduğu yerə yalnız helikopter və ya bölgəni ziyarət edən xüsusi gəmilər ilə getmək mümkündür.

Bermud üçbucağı

Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. "Şeytan üçbucağı" və ya" Şeytan dənizi" kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

Qeyd edək ki, Bermud üçbucağının tarixçəsi 1946-ci ildən amerikalı yazıçı Vincent Qaddisin müəmmalı şəkildə itən ABŞ hərbi donanmasına məxsus 5 Flight-19 bombardmançı təyyarəsinin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlayır.

Perunun Naska xətləri

Perunun cənub hissəsində yerləşən Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Burada 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.), həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) var. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsilə düzəldilmişdir. Ümumiyyətlə, bu cizgilərə “İnka” yolları adı verilib. Lakin bu bir fiziki yalnışdır. Çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə ərazi bir Amerika axtarış qrupu tərəfindən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb. Qüsursuz dəqiqliklə çəkilən bu cizgilərin bəziləri, hətta kilometrlərlə dağlarla, təpələrlə uzanır. Həndəsi şəkillərin qüsursuz dəqiqliklə çəkilən küncləri var. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Bir çox mütəxəssislərin fikrinə görə isə bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yadplanetlilərin axtarışı ilə məşğul olan yazıçı Erix fon Deniken iddia edib ki, Naska yaylasındakı xətlər qədim aerodrom rolunu oynamaqla yanaşı, yadplanetliləri qarşılamaq üçün bir vasitə olub.

"Ölüm vadisi"ndə hərəkət edən daşlar

Heç bir formada izah oluna bilmir ki, minlərlə kiloqram ağırlığında olan daşlar necə hərəkət edir?

ABŞ-ın Nevada və Kaliforniya ştatları arasında yerləşən "Ölüm Vadisi" adlanan yerdə qeyd etdiyimiz bu proses uzun illərdir ki, baş versə də, hələ də heç bir məntiqi açıqlaması yoxdur.

Uzun müddət aparılan müşahidələr heç bir nəticə vermir. Ağla gələn ilk variant küləyin təsiridir. Ancaq "Ölüm Vadisi"ndə minlərlə kiloqram ağırlığında olan daşları hərəkətə gətirə biləcək səviyyədə küləklər olmur. Digər maraqlı faktlardan biri də odur ki, eyni bir yerdən hərəkət edən daşların hər birinin müxtəlif istiqamətlərə doğru hərəkət etməsi və bir-biri ilə toqquşmamasıdır.

Samirə Tağıyeva, "İki sahil"