Planetimizdə çoxlu sayda şəhərlər var. Ancaq xüsusi qapalı statusu səbəbi ilə bəziləri haqqında demək olar ki, heç kəs bilmir. Bəzi şəhərlərin isə adları insanlara tanış olsa da, ziyarət etmək üçün əlçatmazdırlar. Belə məxfiliyin səbəbləri isə çox fərqli ola bilər - orada gizli hərbi sınaqlar keçirilməsindən din məsələsinə qədər. Aşağıda planetimizin girişi ciddi şəkildə məhdudlaşdırılmış şəhərləri ilə tanış ola bilərsiniz:

Serov (Rusiya Federasiyası)
Bu şəhər haqqında Sovet dövründə çox az adam bilirdi. Hazırda Serov hətta xəritələrdə göstərilir, lakin hələ də məhdud girişli bir yer olaraq qalır. Buna səbəb nüvə energetikası ilə əlaqədar bir çox hərbi təcrübələr və sınaqlardır.
Şəhərə giriş insanların ciddi nəzarəti və videomüşahidə kameraları sistemi altında həyata keçirilir və əraziyə yalnız xüsusi icazəsi olan şəxslər girə bilərlər. Yerli sakinlərin yalnız qohumlarını Serova dəvət etmək imkanı var.

Prizyorsk (Qazaxıstan)
Daha bir qapalı Sovet şəhəri olan Prizyorsk SSRİ dağılandan sonra Qazaxıstan Respublikasının tərkibinə keçsə də, öz statusunu dəyişmədi. Qazaxıstanın Karağandı vilayətində yerləşən bu şəhər Sarı-Şaqan hərbin poliqonunun administrativ mərkəzidir. Şəhərdə ballistik raketləri tutmaq üçün hazırlanmış raket əleyhinə sistemlər sınaqdan keçirilir.

Məkkə və Mədinə (Səudiyyə Ərəbistanı)
Adətən bu iki şəhərin adı birgə çəkilir. Bu, həmin şəhərlərin hər ikisinin dini şəhər olması ilə əlaqəli deyil, Səudiyyə Ərəbistanı ərazisinə daxil olduqdan sonra Məkkə və Mədinəyə girişin çətin olması ilə bağlıdır. Bu şəhərlərə yalnız İslam dininə itaət edənlər daxil ola bilərlər. Şəhərlərin unikal arxitekturasını və Məhəmməd Peyğəmbərin doğulub yaşadığı yerləri görmək üçün mütləq müsəlman ziyarətgah qruplarının üzvü olmaq lazımdır.

Pxenyan (Şimali Koreya)
Şimali Koreyanın bir ölkə kimi məhdudiyyətləri hamıya məlumdur. Ancaq turistlər üçün bu məhdudiyyətlər, hər kəsin ora buraxılmaması xüsusi əhəmiyyət daşıyır. Məsələn, amerikalılar, cənubi koreyalılar üçün Pxenyana giriş qadağandır , hətta jurnalistləri belə buraxmırlar.
Digər turistlər Şimali Koreyanın paytaxtını ziyarət etmək üçün ən az bir ay əvvəldən viza əldə etməlidirlər. Bundan əlavə, turist sayı da ciddi nəzarətdə saxlanılır. Turistlər bu şəhərdə rahatlıq tapmırlar, çünki bələdçi olmadan istədikləri yerə getməklərinə də icazə yoxdur. Hələ son vaxtlar keçmişlə müqayisədə bir qədər yumşalma var- gömrükdə turistlərdən telefonları götürməyi dayandırıblar.

Moqadişo (Somali)
Somali məşhur piratlarına görə bir çox insanlar üçün təhlükəli ölkə sayılır. Əslində hər şey daha qlobaldır: iyirmi ildir ki, bu dövlətin ərazisində vətəndaş müharibəsi gedir, buna görə də Somali dünyanın ən qapalı ölkələri arasında ikinci ölkə hesab olunur, siyahıda birinci yerdə Şimali Koreyadır. Bu səbəbdən Somalinin paytaxtı Moqadişunun da məhdud girişə sahib olması təəccüblü deyil: “Novate” nəşrinə görə, ildə 18 mindən çox əcnəbi bu şəhəri ziyarət edir və onların arasında turistlərin sayı minimaldır.

Nordelta (Argentina)
Planetimizin digər yarımkürəsində də qapalı yaşayış məntəqələri var. Onlardan ən qeyri –adisi Buenos- Ayres yaxınlığında yerləşən Argentinanın Nordelta şəhəridir. Bu şəhər 1999 -cu ildə qurulub və yüzə yaxın əhalisi olan bir ekovilladır. Nordelta həyat üçün lazım olan bütün infrastruktura malikdir - hətta yerli uşaqlar üçün bir məktəb də tikilmişdir. Ancaq sakinləri öz şəhərlərinə yad insanları buraxmaq istəmirlər: əraziyə yalnız özləri və dəvət etdikləri insanlar daxil ola bilər.

San Pedro-Sula (Honduras)
Somalinin paytaxtı kimi bu şəhər də bir qədər təhlükəli sayılır. Hondurasın San Pedro-Sula şəhəri Yer kürəsinin ən təhlükəli yaşayış məntəqəsi hesab edilir, orada kartellərin üstünlük təşkil etməsi səbəbindən cinayətlərin sayı-hesabı yoxdur. Əslində isə Karib dənizindən cəmi 60 kilometr aralıda yerləşən San Pedro-Sula çox mənzərəli bir şəhərdir.
Nubar Süleymanova, “İki sahil”