İnsan orqanizmi çox maraqlı və sirli bir “maşındır”. Aşağıda bədənimizin qeyri-adi xüsusiyyətləri ilə tanış ola bilərsiniz:
İnsan gözü 576 meqapiksellik bir görmə enliliyinə malikdir və bu, mövcud olan ən yüksək keyfiyyətli kameradan daha çoxdur.
Ən uzun hıçqırıq 68 il davam edib. Çarls Osborn adlı bir amerikalı donuz kəsərkən hıçqırmağa başladı və təxminən 70 ildir bunu edir. Bu müddət ərzində təxminən 430 milyon dəfə hıçqırıb.
Son araşdırmalara görə, bədənimizin müxtəlif hissələri fərqli nisbətlərdə yaşlanır və bəzi orqanlar digərlərindən daha yaşlı ola bilər.
İnsanların 39% -nin dizində əlavə bir sümük var - fabella. 100 il əvvələ qədər insanların yalnız 11% -i bu sümüyə sahib idi. Daha çox kişilərdə, həm də yaşlılarda rast gəlinir. Bu “aksesuar” sümüyün funksiyası bilinmir, lakin tez -tez diz ağrısına səbəb olur.
İnsanlar, müəyyən bir fermentin olmaması səbəbiylə öz C vitaminini özü hasil etməyən nadir məməlilərdən biridir. Bu vitamin böyük meymunlar və Qvineya donuzlarında da sintez edilmir.
Yetkin insan orqanizmində bir addım atmaq üçün 200 müxtəlif əzələ çalışır.
Teorik olaraq insan oksigenlə doymuş maye ilə nəfəs ala bilir. Bu, asan iş deyil və bu şəkildə uzun müddət nəfəs almaq olmur, amma yenə də mümkündür. Belə bir maye artıq yaradılıb və onun tibbdə, dalğıcların işində və kosmik uçuşlarda istifadə ediləcəyi ehtimal edilir.
Bir çox heyvanın bədənində pələng dərisinə bənzəyən zolaqlar var.Bu, insanda da mövcuddur. Həmin zolaqlar Blaszko xətləri adlandırılır. Görünməz olaraq qalır və yalnız müəyyən xəstəliklərdə görünür. Budun ön tərəfindəki klassik Blaszko xətləri qırmızı rəngə boyanmışdır.
Sakitləşmək üçün üzümüzə adətən soyuq su vururuq. İnsanlar, digər məməlilər kimi, dalğıc refleksi nümayiş etdirdikləri üçün bu, işə yarayır. Beyin ətraf mühitdəki dəyişikliklərə - temperaturun azalmasına və təzyiqin artmasına dərhal reaksiya verir və əsas orqanımız olan ürəyə bir siqnal göndərir. Ürək funksiyalarını ləngidir və vuruş sayını azaldır.
İnsanların təxminən 20% -ində alt çənənin dil divarında böyümə olur – tibbdə mandibular torus adlanır. Böyümələrin erkən yetkinlik dövründə görünmə ehtimalı daha yüksəkdir. Torusun yaranma səbəblərindən biri də bruksizmdir. Torus insana mane olmursa, müalicə tələb etmir.
Hər bir insanda kor nöqtə adlanan fizioloji bir fenomen vardır. Bunun səbəbi retinanın bəzi sahələrinin işığa həssas olmamasıdır. Adi həyatda təsiri çox da görmürük, çünki dünyaya hər birinin öz kor nöqtəsi olan iki gözlə baxırıq və görüntülər üst -üstə düşür.
Fiziki məşq insana daha dərin düşünməyə kömək edir, yeni sinir əlaqələrinin yaranmasına səbəb olur. Məsələn, qaçış stress səviyyələri ilə birbaşa əlaqəlidir, buna görə də fiziki fəaliyyət yaxşı bir antidepressant ola bilər.
Uşaqların diz qapağı olmadan doğulduğunu eşitmişik. Əslində isə körpələr diz qapaqları ilə doğulur, lakin qapaqlar qığırdaqdan olur, 2-6 yaşlarında sümüyə çevrilir.
Göz qapağının altında kiçik bir çuxur var – ona göz yaşlarının axdığı lakrimal nöqtə deyilir. Bu səbəbdən ağladıqdan sonra burnumuz axır.
Nəsildən -nəslə ekstremal şəraitdə yaşayan xalqların orqanizmində bir uyğunlaşma gedir. Məsələn, Peru və Boliviya dağlıq ərazilərinin sakinləri daha böyük ağciyərlərə və fərqli bir qan tərkibinə malikdirlər. Okeanın dibindən ov edən bajao xalqı da var. Bu xalqın nümayəndələri təəccüblü dərəcədə uzun müddət su altında qalmağı bacarırlar.
Tədqiqatlar bajao xalqının dalağının ənənəvi olaraq, quruda həyat sürən qonşu xalqlardan 50% daha böyük olduğunu göstərdi. Fakt budur ki, dalaq suyun dibinə enən zaman qanı oksigenlə təmin edən qırmızı qan hüceyrələrinin anbarıdır.
Nubar Süleymanova, “İki sahil”