Alimlər araşdırmalar zamanı müəyyən ediblər ki, alkoqollu içkilərin müxtəlif növləri insanların əhvalına tamamilə fərqli təsir göstərir.
"BMJ Open" elmi dərgisində dərc olunmuş müvafiq araşdırma 18-34 yaşlarında 21 ölkəni təmsil edən 30 min insanla aparılan sorğunun nəticəsinə əsaslanır. Pivə, şərab və sərt spirtli içki içənlər onların müxtəlif təsirə malik olduğunu etiraf ediblər. Belə ki, sərt içkilər aqressiya, göz yaşları və seksual emosiyalar belə oyada bilər. Pivə ilə qırmızı şərab isə insanı rahatlaşdırır.
Mütəxəssislər qeyd edirlər ki, az miqdarda alkoqol vaxtı xoş keçirməyə kömək edə bilər. Lakin zaman keçdikcə içkiyə alışan insanlar onun doğurduğu pozitiv emosiyaları təkrar yaşamaq üçün içkinin həcmini tədricən artırmağa meyil göstərə bilərlər.
Araşdırmanın nəticələrini şərh edən məşhur "Uels" səhiyyə rəsmisi olan Marc Bellisin sözlərinə görə, alkoqolun hansı şəraitdə içilməsinin də əhəmiyyəti var. O qeyd edib ki, gənc adamlar adətən öz evlərindəki qonaqlıq və ziyafətdə şəraba üstünlük verir, sərt içkiləri isə evdən kənarda içirlər.
Səhiyyə rəsmisi vurğulayıb ki, alkoqollu içkilərin müxtəlif növləri fərqli şəkildə reklam olunur və insanların seçimi də buna əsaslanır. Hərçənd ki, insanlar gözlədikləri təsirdən fərqli nəticə də ala bilərlər.
"İnsanlar bəzən içkini özünə əminliyi artırmaq və daha rahat hiss etmək üçün içirlər. Amma bu, əslində insanların özünü aldatmasıdır.
"Drinkaware" təşkilatından Con Larsen bildirir ki, son illər ərzində bu mövzu ilə bağlı aparılan tədqiqatlar insanların müəyyən spirtli içkiyə niyə üstünlük verdiyini və həmin içkidən hansı təsirin gözlənildiyini izah edir.
Samirə Tağıyeva, "İki sahil"