02 sentyabr 2021 22:56
1155

Nə gözəl yaraşır insana gülmək...

Heç bilirdinizmi ki, tez-tez gülən şəxslərdə stress hormonları əhəmiyyətli dərəcədə azalır. Məsələn, yaşlı insanlar komediya filmlərinə baxandan sonra informasiyanı daha yaxşı yadda saxlayırlar. Alimlər belə qənaətə gəliblər ki, bundan əlavə gülüş stress hormonu olan kortizol istehsalını da azaldır. Məlumdur ki, məhz bu hormon yaddaşa mənfi təsir edir.

Kaliforniya Universitetinin alimləri bunu müəyyən etmək üçün könüllülər üzərində təcrübə keçiriblər. Belə ki, 20 sağlam insandan 20 dəqiqə ərzində komediyaya baxmağı xahiş edilib. İkinci qrupda olan 20 nəfər isə heç bir şey etmədən gözləyiblər.

Daha sonra hər iki qrup yaddaş testindən keçib, analizlər veriblər. Komediyaya baxan iştirakçıların nəticələri daha yaxşı olub. Belə ki, gülən şəxslərdə stress hormonları əhəmiyyətli dərəcədə az olub.

Gülüş orqanizmdə endorfin hormonunu artırır. Nəticədə beynə gedən və insana xoşbəxtlik hissi verən dopamin hormonunun səviyyəsi artır. Bütün bunlar isə beynin fəaliyyətinə yaxşı təsir edir və yaddaşı qoruyur.

Samirə Tağıyeva, "İki sahil"