İngiltərədə Kraliça 2-ci Elizabetin yaşadığı Bukinqem və Şönbrun, Əlhambra, Noyşvanştayn kimi məşhur saraylar da daxil olmaqla araşdırma aparılıb. Qızıl nisbət nəzərə alınaraq aparılan araşdırmada Topqapı Sarayı "Dünyanın ən gözəl sarayı" seçilib.
“Money.co.uk“un apardığı araşdırmaya görə, hər il milyonlarla turistə ev sahibliyi edən Topqapı, Tokiodan Madridə qədər bir çox məşhur sarayları geridə qoyaraq zirvədə yer alıb. İstanbulun ən turistik yerlərindən olan bu saray yüz illik tarixi ilə həm şəhərin, həm də Osmanlı İmperatorluğunun tarixinə işıq salmağa davam edir.
İnşasına Fatih Sultan Mehmetin dövründə başlanıb
Saray altı əsrdir ki, İstanbul tarixinin və siluetinin ayrılmaz bir parçası olaraq görənləri heyran qoyur. Birinci hissəsi Fatih Sultan Mehmetin dövründə tikilən və sonrakı illərdə müxtəlif əlavələr edilən saray 19-cu əsrə qədər Osmanlı İmperatorluğunun inzibati mərkəzi olub. İstanbulun Sarayburnu yarımadasında yerləşən sarayın bir çox yerindən Bosfor boğazına mənzərə açılır. Tarixən Roma İmperatorluğu sarayının da yerləşdiyi bu bölgə hazırda da İstanbulun ən çox gəzməli yerlərindən biridir.
İngilislər onu birinci seçib
İstanbulun Fatih Sultan Mehmet tərəfindən fəth edilməsindən sonra hissə-hissə inşa edilən Topqapı Sarayına Sultan Süleyman Qanuni və 4-cü Murad ciddi dəyişikliklər ediblər. Riyazi hesablamalar nəticəsində əldə edilən qızıl nisbət baxımından zirvədə olan bu saray dünyanın bir çox məşhur sarayını geridə qoyub. Üstəlik bəziləri siyahıda belə yoxdur.
Siyahıda ikinci Mysore Sarayıdır
Siyahıda Topqapı Sarayından sonra Hindistanın məşhur Mysore Sarayı yer alır. Hindistanın cənubunda tarixi bir krallıq olan Mysorenin inzibati mərkəzi olan bu saray qızıl nisbət baxımından Topqapı Sarayına ən yaxın tikilidir.
Yasaq Şəhər isə üçüncü yeri tutmağı bacarıb
Diqqətçəkən amil siyahıda birinci olan Topqapı Sarayı Çinin paytaxtı Pekində olan dünyaca məşhur Yasaq Şəhəri də keçməsidir. Yasaq Şəhər siyahıda üçüncü yeri tutmağı bacarıb.
İngilis kral ailəsinin iqamətgahı olan Kensinqton sarayı siyahıda doqquzuncu yerdədir
Qeyd edək ki, siyahıda dördüncü yer Avstriyanın paytaxtı Vyanadakı məşhur Şönbrun sarayınındır. Topqapı Sarayının arxasından gələn digər bir tikili də Almaniyanın cənubunda Bavariya əyalətindəki Noyşvanştayn qəsridir. Nağılların mövzusu olan məşhur qəsr "Dünyanın Ən Gözəl Sarayları" siyahısında beşinci yeri tutub. Siyahıda altıncı yerin sahibi Tokiodakı İmperator sarayıdır. Yaponiyanın paytaxtındakı bu məşhur sarayı ardıcıllıqla Çambord qalası və Vatikandakı Papa Sarayı izləyir. İngilis kral ailəsinin iqamətgahı olan Kensinqton sarayı siyahıda doqquzuncu yerdədir.
UNESCO-nun Dünya İrsi Siyahısında yer alır
Milli Saraylar İdarəsinə bağlı olan Topqapı Sarayı UNESCO-nun Dünya Mədəni İrsi siyahısında olan İstanbulun tarixi yarımadasının ən əhəmiyyətli nöqtələrinin əvvəlində gəlir. Saray həyətindəki Aya İrini Kilsəsi, divarlarının düz qarşısındakı Ayasofya və Sultan Əhməd məscidləri ilə birlikdə İstanbulun xüsusi simvollarından biridir. 80 min kvadratmetrlik bir sahəni əhatə edən saray 19-cu əsrdən etibarən Osmanlıda qərbləşmə hərəkatları çərçivəsində inşa edilən Dolmabahçe və Ulduz Sarayları ilə birlikdə sultanların əsas iqamətgahı olma xüsusiyyətini itirib. Bununla belə yenə də başda Müqəddəs Əmanətlər kolleksiyası olmaqla bir çox tarixi əsərlərə ev sahibliyi etməyə davam edib. Bu səbəbdən saray hər zaman bir cazibə nöqtəsi olub. Bundan əlavə saray mətbəxi və qiymətli xəzinələrin sərgiləndiyi bölmələr Topqapı Sarayının ən maraqlı hissələrindəndir.
Vüsal Cahanov, “İki sahil”