KÖŞƏ

Vəli İlyasov

“Artsax”ın saxta “30 illik müstəqilliyi” gorbagor oldu

04 sentyabr 2021 00:58
1600

Sentyabrın 2-də Qarabağdakı separatçı tör-töküntülərin başçıları Xankəndidə Azərbaycana qarşı növbəti açıq təxribat yaratmaq niyyətindən daşındılar. “Artsaxın müstəqilliyi”inin 30-cu ildönümü ilə bağlı separatçı ünsürlərin guya oyuncaq rejimin varlığını nümayiş etdirmək niyyətləri boşa çıxdı.  Ermənistan rəhbərliyinə daxil olan şəxslərdən heç kim “müstəqillik tədbiri”nə qatılmağa cürət etmədi. Hərəsi bir bəhanə ilə aradan çıxdı.

Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti qeyd edib ki, sentyabrın 2-də separatçılar Xankəndidə tədbir planlaşdırmışdılar. Lakin nə prezident Armen Sarkisyan, nə baş nazir Nikol Paşinyan, nə də Ermənistan parlamentinin sədri Alen Simonyan “tədbirə” qatılmadılar. Yəni Xankəndiyə getmədilər: “Baş nazirin mətbuat katibi Mane Gevorkyanla əlaqə saxlaya bilmədik, amma bizə xəbər verdilər ki, Paşinyan bugünlərdə Ermənistanda olmayacaq . O, Soçidə dincəlir”.

Bunların məntiqi nəticəsi olaraq Xankəndidəki separatçılar əvvəlki illərdəki kimi “təntənəli”“müstəqillik ” günü keçirməyiblər.

Haşiyə çıxaq ki, sentyabrın 1-də təhsil işçilərini, tələbələri və şagirdləri “Bilik günü” münasibətilə təbrik edən baş nazir Nikol Paşinyan “artsaxlı” müəllimləri, tələbələri və şagirdləri “yaddan çıxarıb,” yəni “Artsax”ın adını belə çəkməyib.

 Əslində Ermənistan rəhbərlərinin Xankəndiyə qanunsuz səfərləri heç mümkün də deyil və Bakıya açıq-aşkar müharibə çağırışı anlamına gələrdi. Eyni zamanda, bu, hazırkı  həssas durumda İrəvanın imza atdığı 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli Bəyanatların sabotaj edilməsi, Ermənistanın Azərbaycanla sülhdə maraqlı olmamasının əyani nümayişi, sülhə meydan oxuması olardı. Bu isə indi İrəvana baha başa gələr.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən az sonra, yəni  2021-ci ilin yanvarında Ermənistanın o vaxtkı xarici işlər naziri Ara Ayvazyanın Bakının razılığı olmadan Xankəndinə gəlməsinə və orada hansısa “ikitərəfli anlaşma” imzalamasına sərt  xəbərdarlıq etmişdi. O vaxtdan Ermənistanın rəhbər şəxslərindən heç kəs, həmçinin yeni xarici işlər naziri iznsiz Qarabağa keçməyə cürət etməyib.

Başqa cür ola bilməz. Ermənistan rəsmiləri, nəhayət, qonşularla rəftarı, beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidirlər. Əks təqdirdə, məğlub ölkə düşdüyü sosial-iqtisadi və siyasi böhran bataqlığından heç vaxt çıxmayacaq, öz durumunu daha da qəlizləşdirəcək, “Dəmir yumruq”un daha bir ağır zərbəsini yeyəcək. Həmin zərbə isə Ermənistanın dövlətçiliyini bünövrəsinə qədər sarsıda bilər.

O da maraqlıdır ki, məhz bu ərəfədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “status” məsələsini süni surətdə gündəmdə saxlamaqla Bakıya təzyiq göstərməyə çalışan ATƏT-in faktiki olaraq fəaliyyətini dayandırmış Minsk qrupunun Rusiyadan olan yeni həmsədrini qəbul edib. Rəsmi məlumata görə, nazir İqor Xovayevi təyinatı münasibətilə təbrik edib, ona bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.

İqor Xovayev isə səfərinin yalnız tanışlıq xarakteri daşıdığını söyləyib. Tərəflər üçtərəfli Bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Göründüyü kimi, rəsmi Bakı diqqəti növbəti dəfə bölgədə ədalətli və daimi sülhün əsas şərtlərinə yönəldib. Rusiyanı bu yöndə nəhayət, “həmsədr” kimi real töhfələr verməyə çağırıb. Məlumdur ki, Azərbaycan cəmiyyətində Rusiya  sülhməramlılarına  etimad problemi gündəmdə qalmaqda davam edir. Söhbət xüsusən də Qarabağda müvəqqəti yerləşən rus sülhməramlıların separatçıları şirnikləndirən hərəkətlərindən gedir. Moskva gerçəkdən də regionda  beynəlxalq hüquqla bir çərçivəyə sığmayan özfəaliyyətə son qoymalı, separatçılara öz yerini göstərməli, onların tərk-silah olunmasına dəstək verməlidir...    

 Azərbaycanın Ermənistandan tələbləri qətidir. Ermənistanın isə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün tanınması məsələsində atacağı müsbət addımın əvəzi ona ”altılıq platforması"na qoşulmaq imkanı verəcək. Bu əməkdaşlıqdan və regionda yaranan yeni fürsətlərdən ən çox Ermənistan özü qazanacaq.

Bu, bir reallıqdır ki, Ermənistanın müharibəni davam etdirə biləcək gücü yoxdur və xoş gələcəyi görünmür. Erməni toplumu Qərbə inteqrasiya arzulayır və bunun yolunun da yalnız bölgə ölkələri ilə əməkdaşlıqdan keçdiyinin fərqindədir. Paşinyanın Türkiyə, Rusiya və Azərbaycanla bağlı verdiyi açıqlamalar əslində daxili auditoriyanı rahatlaşdırmaq və yeni xarici siyasətində ictimaiyyətin dəstəyini almaq məqsədini güdür. Nikol Paşinyanın son Türkiyə açıqlamasının da hədəfi budur. Bu açıqlama onu göstərir ki, artıq Paşinyan da Türkiyəni bölgədə konstruktiv  tarazlaşdırıcı faktor olaraq görməyə başlayıb.

Bütün bunlarla bərabər, ermənilər bir ildir ki, yasdadırlar, onlar Azərbaycan Ordusunun məhv etdiyi “miatsumun” bir illik yas mərasimini keçirməyə hazırlaşırlar. Saxta “30 illik müstəqillik” isə gorbagor oldu və tarixin zibilliyinə atıldı.