Dünyada okeana tökülən yeganə şəlalə adına sahib olan təbii möcüzə Lobe şəlaləsi Kamerunun cənub bölgəsindəki Campo-Maan Milli Parkından qaynaqlanır və Atlantik okeanına tökülür.
Kamerunun qərbində Kribi şəhərində yerləşən bu şəlalə özünəməxsus mənzərəsi ilə ziyarətçiləri qarşılayır. Təbii gözəlliklərinə görə Kamerunun ən əhəmiyyətli bölgələrindən biri olan Lobe Şəlaləsi ən yüksəyi 15 metr olan onlarla şəlalənin birləşməsi nəticəsində yaranıb. Təbiət həvəskarları ilə yanaşı, foto həvəskarlarını da cəlb edən şəlalə və ətrafı, təbiətin bütün rənglərini özündə cəmləşdirən mənzərələri ilə "təbii studiya" imkanı yaradır. Hər mövsüm fərqli gözəlliyə bürünən bu yer axan suyun səsi və mənzərəsi ilə ziyarətçiləri stresdən uzaqlaşdırır. Lobe şəlaləsi zəngin təbiətindən əlavə Kribi sahilindəki restoranları, otelləri və çimərliyi ilə ziyarətçilərinə Afrikanın bənzərsiz gözəlliklərini təqdim edir. Bundan əlavə, sahildəki yerli kanolar Lobe şəlaləsini yaxından görmək imkanı verir.
Bəzi dini ayinləri bu şəlalədə keçirirlər
Turizm mərkəzinin rəhbəri İsmail Tonqo şəlalənin ətrafda yaşayan yerli xalqlar üçün güclü bir inanc mənbəyi olduğunu deyib.
Şəlalənin yerli insanların müxtəlif təbii və mədəni ayinlərinə ev sahibliyi etdiyini izah edən Tonqo Afrikanın ən qədim yerlilərindən olan piqmeylərin şəlalənin suyunda təmizlənmə mərasimlərini həyata keçirdiklərini vurğulayıb. Bölgədə balıq tutan Batanqo icmasının başçısının taxta çıxmadan əvvəl Lobe şəlaləsinin suyu ilə yuyunduğunu ifadə edən Tonqo şəlalənin əsrlər boyu burada yaşayan yerli əhalinin həyatının ayrılmaz bir hissəsi olduğunu qeyd edib.
Vüsal Cahanov, “İki sahil”