06 sentyabr 2021 15:32
995

Alimlər ilan zəhərindən koronavirus əleyhinə dərman hazırlayırlar

Braziliyalı alimlər meymunlar üzərində təcrübələr apararaq, müəyyən ediblər ki, ilan zəhəri koronavirusun hüceyrələrdə artmasının qarşısını alır. “Reuters” agentliyinin məlumatına görə,bu, “COVID-19” əleyhinə effektiv dərmanın hazırlanmasında ilk addım ola bilər.

Avqust ayında “Molecules” elmi jurnalında nəşr olunan araşdırmada jararakus ilanının istehsal etdiyi xüsusi bir molekulun meymun hüceyrələrində virusun çoxalma qabiliyyətini 75% aşağı saldığı ortaya çıxdı. Tədqiqatın müəllifi, professor Rafael Guidonun sözlərinə görə, ilan zəhərinin bu komponenti koronavirus zülallarını bloklayır.

Haqqında danışılan molekul çoxalma üçün lazım olan PLPro adlı bir koronavirus fermentinə bağlana bilən peptid və ya amin turşuları zənciridir. Ancaq digər hüceyrələrə zərər vermir. Guido peptidin süni şəkildə laboratoriyada sintez oluna biləcəyini , buna görə də ilanı tutmağa və ya xüsusi olaraq bəsləməyə ehtiyac olmadığını bildirib.

Jararakus Braziliyada ən iri ilanlardan biridir, Boliviya, Paraqvay və Argentinada da rast gəlinir.

Nubar Süleymanova, “İki sahil”